Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan olan şikayətlər üzrə kommunikasiyaya başlayıb.
Vəkil Fariz Namazlı facebook səhifəsində yazdığına görə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Turan İbrahimovun 7 gün, D18 Hərəkatının üzvü Qadir Ağakişiyevin 1 ay inzibati həbsə məruz qalması, eləcə də “Azadlıq” qəzetinin yazarı Seymur Həzinin xuliqanlıq ittihamı ilə məhkum edilməsi, jurnalist İzolda Ağayevanın Ukraynadan qayıdarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq səhərə qədər orada saxlanılması ilə bağılı şikayətlər üzrə Avropa Məhkəməsi Azərbaycan hökumətinə suallar ünvanlayıb.
Bundan başqa Əfqan Məmmədovun Vəkillər Kollegiyasından çıxarılması, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin qaçaqmalçılıq ittihamı ilə həbs edilməsi üzrə də kommunikasiya başlanıb.