Həbsdə olan ictimai-siyasi fəalların dostları, üzv olduğu partiya və təşkilatlardan olan yoldaşları onlarla görüşə bilmədiklərini deyirlər. Məsələn, 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlının ailə üzvləri onun yaxın dostlarına etibarnamə verib ki, onunla görüşə, ehtiyacı olanları çatdıra bilsinlər. Çünki Ə.Muxtarlının ailə üzvləri Bakıda yaşamır. Ancaq dostları da Əfqanla görüşə bilmədiklərini söyləyirlər.
«Demək olar ki, hər həftənin cümə günü başqa dostlarımızla birlikdə 16 Saylı Cəzaçəkmə Müəssisəsinə gedirik. Hər dəfə «yox» deyirlər. Apardığımız bağlamanı qəbul eləsələr də, özümüzü görüşməyə qoymurlar. Deyilənə görə, baş idarədən icazə vermirlər. Bizim əlimizdə onun ailəsinin etibarnaməsi var, ancaq yenə buraxmırlar», – Ə.Muxtarlının da üzv olduğu «Nida» Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli AzadlıqRadiosuna danışıb.
Deyir ki, tək Ə.Muxtarlı deyil, «Nida»nın həbsdə olan digər fəallarıyla da görüşmələrinə imkan verilmir. Dəfələrlə bloqqer Mehman Hüseynovla, gənc fəal Elgiz Qəhrəmanla görüşməkdən ötrü 14 Saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, dostlarını görə bilməyib.
AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Fuad Əhmədli də cəzaçəkmə müəssisəsində ona baş çəkmək istəyən dostlarıyla görüşə bilmir. Atası Zəfər Əhmədli AzadlıqRadiosuna bildirib ki, oğlu ilə görüşmək istəyən dostları, partiyadaşları çoxdur, ancaq Fuadın onlarla görüşməsi yasaqlanıb: «Ancaq ailə üzvləri ilə görüşə bilir – valideynlər, bacı-qardaş. Əmisi oğlu və ya xalası oğlu ilə o halda görüşə bilər ki, o, bizim birimizlə getsin, soyad uyğunluğu olsun, sənədlərlə sübut edə bilsin ki, əmisi və ya bibisi oğludur».
Z.Əhmədli deyir ki, həbsində siyasi motiv, yaxud sifariş olmayan məhkumlar üçün bu məsələ daha rahatdır. Onlar istədikləri dost-tanışlarıyla görüşə bilirlər.
Hüquqşünas Rəşad Əliyev deyir ki, doğrudur, Cəzaların İcrası Məcəlləsinin 81-ci maddəsi məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşlərini tənzimləyir. Məcəllənin 81.4 maddəsində yazılıb: «Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır».
Hüquqşünas bildirir ki, müəssisə rəhbərliyi görüşə icazə verilmədiyi halda, bunun səbəbi barədə konkret açıqlama verib, hansısa əsas göstərmir. Heç qanun da onun üzərinə səbəb göstərmək öhdəliyi qoymayıb.
«Ancaq bir sıra hallarda bu səlahiyyətdən sui-istifadə olunur. Yerli və beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslərin ailə üzvlərindən başqa kimsə ilə görüşməsinə imkan verilməməsi suallar yaradır. Başqa məhkumların dost-tanışları, uzaq qohumlarıyla görüşə bilmələri üçün bəzən rüşvət alınması barədə də söz-söhbətlər olur», – R.Əliyev bildirib.
Cəzaçəkmə müəssisələrində rüşvət iddiaları ilə bağlı iddiaları bir gün öncə Penitensiar Xidmət rəsmisi AzadlıqRadiosuna təkzib etmişdi.