Mərhum prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazandan bir gün sonra narkotik ittihamıyla həbs olunan Qiyas İbrahimovcəzaçəkmə müəssisəsində ona dolayısıyla kitab oxumaq qadağası qoyulduğunu bildirir. Gənc fəalın anası Şura Əmiraslanova Facebook-da oğlunun məktubunu paylaşıb.
«Heç bir qeyddə «Bu işıqda kitab oxumaq olmaz» yazıldığını görməmişəm. Belə bir qadağa yoxdur. Ancaq kitab oxuduğum bir vaxtda gecə yoxlamasına gələn Mehman və Rəşad adlı nəzarətçilər mənə kitab oxumamağı, yatmağı əmr edib, adımı qeyd elədilər. Növbəti səhər yoxlamasında isə həmin nəzarətçilər rəis müavini Şakir Qəniyevə məruzə edib, mənim onlara tabe olmadığımı bildirdilər. Rəis müavini də heç bir əsas gətirmədən, digər məhbusların yatmasına, yatma rejiminə mane olduğumu söyləyib, məni 9 saatlıq müvəqqəti karsa göndərdi. Ora isə heç oturmağa yeri olmayan, çirkab içində bir kameradır».
Q.İbrahimovun dediyinə görə, o, rəis müavinindən də gecə öz yatağında kitab oxumasına qadağa qoyulmasının səbəbini soruşub, ancaq əsaslı cavab ala bilməyib. Gənc fəal iddia edir ki, belə müdaxilələr nəzarətçilərin məhbuslardan rüşvət qopartmaq məqsədilə atdıqları addımlardır: «Ən xırda bəhanələrlə məhbuslardan rüşvət tələb edilir. Rəis müavini deyir ki, müəssisənin yaxşı kitabxanası var. Halbuki, ora günün cəmi iki saatını açıq ola, ya olmaya. Burada həbsxana rəhbərliyinin vəhşi biznes maraqlarını təmin etməyən obyekt kimi kitabxananın açıq olmasına ehtiyac da görmürlər».
Ancaq Penitensiar Xidmət Q.İbrahimovun həm kitab oxumağa qadağa, həm də cəzaçəkmə müəssisəsində rüşvət hallarıyla bağlı dediklərini təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman SadıqovAzadlıqRadiosuna deyib ki, hansısa məhkumun kitab oxumasına qadağa qoyulması absurd iddiadır: «Həm dövlət vəsaiti hesabına, həm də əməkdaşlıq etdiyimiz qeyri-hökumət təşkilatlarının köməyi ilə cəzaçəkmə müəssisəsindəki kitabxana fondu ildə bir neçə dəfə zənginləşdirilir. 2 Saylı Cəzaçəkmə Müəssisəsində də kifayət qədər zəngin kitabxana var. Həm bədii, həm xüsusi ədəbiyyat, latın və kiril əlifbasıyla, hətta ingilis və rus dillərində də kitablar yetərincədir. Müəssisə rəhbərləri də çalışırlar ki, məhkumlar daim mütaliə ilə məşğul olsunlar, daxili aləmlərini zənginləşdirsinlər. Bu, qətiyyən həqiqətəuyğun olmayan məsələdir».
Cəzaçəkmə müəssisəsində müxtəlif bəhanələrlə rüşvət alınması hallarına gəlincə, M.Sadıqov deyir ki, Q.İbrahimovun özündən və ya ailə üzvlərindən orada kimsə rüşvət alıbsa, konkret ərizə yazsın, məsələ araşdırılsın: «Araşdıraq, həmin əməkdaş barədə də lazımi tədbir görülsün. Yox, özü kiməsə pul vermədiyi halda yalan niyə danışır ki, rüşvət alınır?».