Sentyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində AXCP-nin Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun həbs müddətinin artırılması barədə qərardan verilmiş şikayətə baxılıb. B.Həsənovun istintaq dövründə həbsdə saxlanma müddətinin daha üç ay uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin bir həftə öncə çıxardığı qərar qüvvədə saxlanılıb.
Bu barədə AzadlıqRadiosuna B.Həsənovun qardaşı Cavid Həsənli məlumat verərək bildirib ki, qapalı keçirilən məhkəmədə AXCP funksionerinin özü də iştirak edib.
«Bu adamı aylardır həbsdə saxlayırlar, heç bir istintaq hərəkəti də aparmırlar. Özü də məhkəmədə deyib. Dörd aydır həbsdədir, müstəntiq cəmi iki dəfə yanına gedib. Çünki heç nə tapıb çıxara bilmirlər. Nə var ki, nə də tapsınlar… Özü də məhkəmədə deyib ki, ittihamlar uydurmadır. Həbs qərarıyla əlaqədar artıq ölkə daxilində hüquqi müdafiə vasitələri tükənib. Ona görə də vəkilimiz yaxın vaxtlarda Avropa Məhkəməsinə şikayət göndərəcək», – C.Həsənli bildirib.
Qarabağ döyüşçüsü, ikinci qrup əlil olan B.Həsənovun həbsindən sonra ona işgəncə verilməsiylə bağlı daha bir şikayəti də Avropa Məhkəməsinə göndərilib.