Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva noyabrın 8-də həbsdən zaminə buraxılıb. Bu barədə BBC məlumat yayıb.
Z.Hacıyeva ötən həftə zaminə buraxılsa da, prokurorların tələbi ilə həbsdə saxlanmışdı. Lakin noyabrın 8-də Londondakı Yüksək Məhkəmə onu zaminə buraxıb. Hakim Jeremy Baker deyib ki, Hacıyevanın zaminə buraxılmaması üçün “sanballı əsas” yoxdur.
Xəbər verilir ki, Z.Hacıyeva 500 min funt sterlinq (655 min dollar) zamin pulu ödəməklə buraxılıb, lakin onun Londondakı evində elektron xəbərdarlıq cihazının qurulması barədə qərar qəbul edilib.
Zaminin şərtlərinə görə xanım Hacıyeva axşam saat 21-dən səhər saat 6-dək evindən çıxmamalı və gündəlik qaydada polis məntəqəsinə məruzə etməlidir.
Ona habelə hər hansı beynəlxalq tranzit qovşaqlarında olmaq və ya səfər sənədləri üçün müraciət etmək qadağan olunub.
***
6.11.2018
Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.
Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.
55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyir.
O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.
Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.
Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.
O iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.
Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir.
Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.
Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.
Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir.
Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.
Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.
2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.
Rəsmi məlumatlar cütlüyün Harrods-ın bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.
Ötən həftə onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və Christie auiksionunda satışa çıxarılması nəzərdə tutulub.