Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə bu günlərdə kitabı dərc edilən hüquq müdafiəçisi Leyla Yunusa məktub ünvanlayıb. Məktubda deyilir:
Dəyərli Leyla xanım. Sizi Qobustan həbsxanasından salamlayıram. Bunu indi deməkdən çəkinmirəm, əvvəllər düşünə bilərdim ki, həbsxanalardan göndərilən salamlar soyuq, acı olar. Amma eşitdim ki, kitab yazmısınız və bundan sonra bir daha əmin oldum ki, siz həbsxanalardan gələn salamların, eyni zamanda həbəsxanalara gələn salamların nə demək olduğunu anlayırsınız.
Sizi təbrik edirəm. Yazdığınız kitab bilirəm ki, reallıqları əks etdirir və bu gün Azərbaycada haqqı pozulmuş hər bir məhbusun içində əslində, bir əsər yazılır. Sizə həm də ona görə minnətdaram ki, bu əsəri, yüzlərlə məhbusun ürəyində qopan etirazın kitabını yazıb ortaya qoya bilmisiniz.
Siz “Nardaran işi”ndə hər zaman çox həssas və cəsarətli davrandınız. Bizim burda Azərbaycan xalqına çatdırdıqlarımızı siz orda dünyanın tərəqqipərvər xalqlarına çatdırdınız. Buna görə də sizə ayrıca təşəkkür edirəm.
Ümid edirəm bir gün gələcək doğma Azərbaycanımızı azad görmək istəyən hər kəs bir arada ölkəmizin gələcəyini inşa edəcəyik. Uca Rəbbim o günləri bizə nəsib etsin.