Zümrüd Yağmur
Bəzən olduğumuz, olmaq istədiyimiz, gerçək və ya yaratdığımız, hətta yaratmaq istədiyimiz obrazların əhatəsində dostlarımızı, yaxınlarımızı itiririk. Sonra bu itirdiklərimizin yerinə başqa bir şey qazanırıq. Özümüzü… Kimliyimizin hətta bizə gizli qalan qatlarını, çəhətlərini və çalarlarını…
Adətən belə halda güclü olmaq məcburiyyətində qalırıq.
Bilmirəm, bu güclü olmaq nədir, amma çox zaman da insan güclü olmaq məcburiyyətində olmaqla güclü olmağı öyrənir. Çünki başqa seçənək yoxdu. Ətrafın bomboş, səhralıq və ya uçurum… Sən o uçurumu, səhranı keçmək üçün ancaq iradəndən, qürurundan bir körpü salmalısan. O körpünü göz yaşlarına, o yaşlara qatılan yuxusuz gecələrinə, bir-birinə sıxıb əzə-əzə gah ürəyinə basdığın, gah da arxanda gizlətdiyin, sanki gözlərinin yaşa çevirməyə gücü yetmədiyindən, carəsizliyə çevrilib əllərinə axıb ovuclarına dolan kədərinə qatdığın iradənlə inşa edəcəksən… Kömək üçün boylanıb “biri varmı?” sualının qəlbinə döyəclədiyi boşluq və ümidsizlikdən yorğun düşmüş iradənlə…
Ümidin də tükənmiş… Geriyə bir inad qalmış… Düşmən qarşısında dik durmaq inadın…
Doğma zənn etdiyin biri, biriləri səni o uçurumun qırağına gətirmiş və oranı sənə gül baxçası kimi sırıyıb yalan söyləmiş… Atlaman üçün hər şey etmiş… Fərqindəsən, amma aldanırmış kimi görsənməkdən başqa çarən də yoxdur. Geri dönmək üçün yol yoxdu. Çünki sonsuz güvənlə və səmimi “axmaqlıqla” geriyə dönə biləcək bütün yollara sevgi toxumları səpmisən… Zənn etmisən ki, səpdiyin toxumlar sənə keçilməz bir qala tikəcək, amma gəl gör ki, arxandan gələn, güvəndiyin o sevgi toxumlarını almış, yerinə yalan və xəyanətin tikan toxumlarını səpmiş…
İllərdir min, milyon, milyard zənn edib böyük və dağıdılmaz zənn etdiyin bütün həqiqətlərin sıfırlanır…
Çox sadə və adi… Niyə heyrətlənək ki?! Axı biz nağıllara inanırdıq.
Amma bildiyin Yusifi quyudan çıxaran olmayacaq.
O zaman iki yol qalır. İradəndən hördüyün kəndiri ya boynuna dolayıb ümidsizliyində özünü asıb depresiyanın bataqlığında və adiliyində çabalayıb boğulacaqsan, ya da o kəndiri inadına atıb o quyudan çıxacaqsan.
*
Quyudan çıxmaqla bitirmi ki?
Bundan sonra da hələ “ağıllanmamısan”. Ağıllanmaq bilirsinizmi nədir? Hər kəsin dili ilə danışmaqdı ağıllı olmaq… Bir az saxtakar,bir az riyakar… Hər kəslə dost ola bilmək çabası və bunu başarmaqdı ağıllı olmaq. Vay o günə ki, səmimiyyətə inanasan. Sənin səmimiyyətin səbatsızlıq kimi üzərinə qayıdıb zəhərli ox kimi sinənə sancılır.
Amma “bu da ölümcül deyil” deyib yenə də davam etmək üçün quyudan çıxdığın kəndiri buraxmadan həyata, dost bildiklərinə onunla sarılmaq istəyirsən. “Dünyanın sonu gəlmədi ki” inamı da var. Bir də “düşmən qarşısında dik durmaq” inadı….
Başımıza bir iş gələndə də “bu mənim imtahanım” deyib dirənirsən. Amma bir gün gəlir və sən anlayırsan ki, bu olanlar tək sənin imtahanın deyilmiş, doğma, dost bildiklərinin imtahanıymış həm də…
Sinifdə qalanlar…, ya da qəlbinin o tayında qalanlar o qədər çox olur ki…
*
Dost dar gündə tanınır… Beləmi deyirik? Belə deyirik, çətin günümüz olur, çox çətin, amma dost dediklərimiz sənin çətin günündə əhkam kəsir, çürük, bomboş iddia və “prinsiplərini” sənə sırımaqla öz vicdanına yamaq vurub o yamaqları da sənə zərxara kimi sırımağa çalışır. Öz mənafeyi üçün hər gün üzünə tüpürdüyü, ayaq altına aldığı dəyərləri sənə gələndə billurdan qaba qoyud əlçatmaza çevirir. “Namus”, “yaxşı kişi” anlayışlarını ən bəzəkli cümlələrlə süsləyib özünü də bu anlayışların ən etibarlı, sadiq daşıyıcısı zənn edənlər öz vicdanındakı yamaqların uçuq-söküyünü görmür. Dost olmaqdan çıxır. Nəymiş, sən onun standartlarına uyğun deyilmişsən, başı aşağı, üzüyola və hər şeyə “başüstə” söyləmirmişsən.
Sənsə hələ də “ağıllı” deyilsən. O qədər “axmaqsan” ki, “məgər birinə yaxşılıq etmək üçün onu mütləq öz qılıncının altındanmı keçirməlisən?” sualın cavab arayışındasan…
Səni yalan və əxlaqsızlığa şərk etmək isyənlərə baş qaldırmağın bədəlini ödəyirsən. Bu dəfə də “nə olsa da, dost kimi ona güvənmək olar” həqiqəti sıfırlanır.
Və sən yenə də tək sıfırla baş-başa qalırsan…
*
Amma qarşıda dostların böyük “qətliamı” var hələ…
Dost bilmək istədiyin, o quyudan çıxarkən güvənib bir yerə qoyduğun insanların səmimiyyətinə inanacaq qədər “axmaq”olduğunu özünə etiraf etmək bəlkə də çox ağırdı, amma gerçəkdən hara qaçacaqsan ki?!
Bəzən dost seçmək istədiklərimizin yanını sığınacaq kimi seçmək istəyərik. Yorulub heydən düşəndə “ gəlirəm” deyəcək qədər güvənib başını dizinə dayayıb eləcə dünyadan, insanlardan, hamıdan dincəlmək ehtiyacın olduğunda yanında gizlənəcək birinin olmasına inanmaq “axmaqlığını” da edirik. Yoxmuş elə bir sığınacaq, sadəcə varmı kimi bir ilğıma qapılıb getmişik. Burdan da geri dönürük.
Bitdimi?!
Bitməz!
Başqa bir yalanla da üz-üzə dururuq. İndiyə qədər inanmışıq ki, dost dar gündə tanınar. Doğru deyilmiş. Dost yaxşı gündə də tanınarmış… Və həyat üzünə gülümsəyir. Payız günəşi kimi xəfifcə… Amma dost zənn etdiklərinin laqeyidliyi xəfif və incəcik payış günəşinin yaratdığı sevinci isti yay günəşinin qızmaq, yandırıcı günəşinin atəşində qovurub məhv edir.
Sevincindən sonra yaranmış problemlərlə heç maraqlanmayan, “lap tutaq ki,bu dəfə həll olundu, bəs sonra nə olacaq?” deyib əslində, elə o problemlərin “bu dəfəyə” bağlı olduğunu bilmək istəməyən, “bu dəfə” həll olunarsa, daha heç bir problemin olmaması üçün carələrin artıq tapıldığını öyrənmək üçün bir telefon zənginin ucunda olan “nə etmək mümkündü?” sualına alınacaq cavablara vaxt belə ayırmayan “dost”lara güvənmək üçün ucaltdığın dağlara sakit-sakit qar yağır və sən o qar uçqununun altıda qalmamaq üçün eyni sakitliklə kənara çəkilib artıq buz tutmuş “dostluqlara” yas tutursan…
“Məsələ o problemlərin həllində iştirak etmək deyildi. Gözlənti bu deyildi zatən, amma ən azından maraqlanmaq olardı” deməyə belə ehtiyac duymadan…
*
Güclü olmaq bilirsinizmi nədir?
Doğma bir adamın dünyasını dəyişəndə “dost” deyib inanmaq istədiklərinin qapını döyməməsinə başını yelləyib dərindən köks ötürməkdir güclü olmaq…
Ən qiymətli olanlarının həyatına təhlükə yaranandan ətrafında yaranmış laqeyidlik və adına daha nələrsə deyə biləcəklərimizin ruhumuzdan yaratdığı fırtınada sovrulmamaq üçün əlimizi dalayan tikanlardan yapışıb inad etməyimizdir güclü olmaq!
“Niyə?” sualının arxasından gələn cavabların içimizdə yaratdığı diksinmələrdə insanlığımızı qaytarmamaqdı güclü olmaq!
Bəzən özündən şübhə edib “harda yanlış etdim?” deyə sorğuladıqda yanlışlarla dolu olanlarla boy-boy çəkilən fotoların “sərgiləridən” sənə gülümsünən “dost”ların o yanlışlarla dolu olanların yanında dura bildiyi halda sənə nümayiş etdirdikləri biganəliyin səbəbini araşdırmaqdan da vaz keçirsən…
Mənəvi bağların qırıldığı yerdə sorğulamalar da bitir.
*
Və sən yuxusuz gecələrin zülmətində əllərini bir-birinə sıxıb qarışındakı hüdudsuz zülmətə kinayə ilə gülümsünüb pıçıldayırsan.
“Sən güclü olmaq zorundasan! Axı dost dediklərinə elə bu sabah məzar qazıb gəldin…
Onları anmağa güc lazım deyilmi?! Anmasan, sən də onlardan biri olacaqsan…”
Sabah açılır və sən günəşin aydınlığında bir də baxıb görürsən ki, düşmən qarşısında dik durum, sevinməsin deyə-deyə güclü olmağı öyrənib getdiyin yolda ən yaxşı halda “o güclüdür, bacarır” deyə öz laqeyidliklərinə uydurduqları yalanla bütün həqiqətlərini sıfırlayan dostları geridə buraxmısan.
P.S
Amma ölümcüm, daha heç kədərli də deyil. Bəlkə də sıfr ən etibarlısı, onun yanına heç bir rəqəm qoymağa ehtiyac da yoxdu?! Ya da ən böyük həqiqət elə odur?!
Böyük bir sıfr…