Xalq Hərəkatının mübarizə tarixində Cəlilabad rayonunun öncüllər sırasında xüsusi yeri olub. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş SSSR-nin bütün güc strukturlarının, repressiya aparatının hər şeyə qadir olduğu vaxtda dalbadal iki dəfə rayon partiya komitəsinin birinci katiblərlərinin, eləcədə rayonun hüquq mühafizə orqanlarının izdihamlı mitinqlərin təkidi ilə istefaya göndərilməsi, bir müddət Xalq Cəbhəsi tərəfindən rayonun dinc və uğurlu idarəçiliyi miqyasına görə görünməmiş hadisələr, presedentlər Cəlilabad rayonunda baş verib.
Cənub bölgəsində sərhədlərin açılmasında da Cəlilabad Xalq Cəbhəsi çox fəal iştirak edib.
Həmin dövrün hadisələri tanınmış tədqıqatçı və publisist Bilal Alarlının “Cəlilabad hadisələri” kitabında” qələmə alınıb.
İnqilabi situasiya inqilabçıları yetişdirir. Miralim Bəyin inqilabçılara məxsus cəsarəti, prinsipallığı, natiqlik və təşkılatçılıq qabiliyyəti onu lider səviyyəsinə qaldırmışdı. Nomenkılatura ilə barışmaz və prinsipal mübarizə ona çoxlu rəqiblər və düşmənlər qazandırmışdı. 20 yanvar hadisələrindən sonra Miralim bəy həbs edildi və bir müddət həbs həyatı yaşadı.
Cəbhə hakimiyyəti dövründə çoxlarının gözlədiyinin əksinə olaraq Miralim Bəy hakimiyyətin heç bir pilləsində təmsil olunmadı, təcrid olundu və silahdaşları tərəfindən həbs edildi, ikinci dəfə həbs həyatı yaşadı. Miralim Bəy xaraktercə çılğın, sərt, sözü üzə deyən şəxs idi. Görünür bu hallar da onun həbsində rol oynadı. Miralim Bəyin həbsini şərtləndirən səbəblərdən biri də onun siyasi mübarizənin taktikasındakı fikir müxtəlifliyində idi. Miralim Bəy inqilabi prosesin dərinləşməsinin, nomenklaturaya qarşı barışmaz mübarizənin tərəfdarı idi. Bu taktika isə nomenkilatura ilə işləməyi mümkün və hətta vacib sayan praqmatikləri qane etmirdi. Nomenklatura ilə barışmaz və prinsipal mübarzə aparan, lakin sonda bəzi silahdaşları tərəfindən təqiblərə məruz qalan Miralim Bəy tənhalaşdı.
Sonraki hadisələr Miralim Bəyin haqlı olduğunu göstərdi. Nomenklatura güc toplayıb hücuma keçəndə artıq Miralimlər təcrid olunmuşdu və meydanlar boş idi..
Miralim Bəy sonraki illərdə ictimai – siyasi həyatdan kənarda qalmadı, o, müxalifətin bütün tədbirlərində iştirak edirdi. Sonuncu dəfə onunla 20-ci sahədəki mitinqdə görüşdük. Bənizi solmuşdu, arıqlamışdı, lakin gözlərində əvvəlki kimi qaynayan enerji ona nikbinlik aurası yaradırdı.
Bir müddətdən sonra onun qəflətən ölüm xəbəri yayıldı. ALLAH rəhmət eləsin! Meydanlarda və səngərlərdə ömrünü başa vuran insanlara böyük hörmətlə!
P.S. Qəfəsdə pələngin nəriltisindən dəhşətli mənzərə yoxdur! (Balzak)