İnanclı Siyasi Məhbusların Müdafiəsi Komitəsi genişləndirilmiş yığıncağını keçirib. Tədbir “Ziyalılar Birliyi”nin ofisində baş tutub. Giriş sözü ilə Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxış edib. Qeyd edib ki, siyasi məhbuslara təzyiqlər səngimir. Son günlər radikal islamçı adı ilə öldürülənlərin sayı artıb.
Tədbirdə çıxış edən İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev problemlərin çox olmasına toxunaraq onların vəhdət yolu ilə həll olunmasını vurğulayıb.
Hüquq müdafiəçisi Elşən Həsənov hakimiyyətin inanclı məhbuslara münasibətinin Dini Qurumlar üzrə Dövlət Komitəsi yaranandan sonra daha da kəskinləşməsini, xüsusi ilə Mübariz Qurbanlının bu quruma rəhbər təyin olunmasından sonra daha da kritik hal almasını bildirib.
Siyasi Məhbus Ailələrinin Kordinasiya Mərkəzinin kordinatoru Zəfər Əhmədli öz çıxışında hakimiyyətin represiya aparatının güclü olması müqabilində susmamağı tövsiyyə edib. İnanclı məhbuslara daha çox işgəncə verilməsini qeyd edib.
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Azərbaycan Xalq Cəbhəsi Partiyasından siyasi məhbuslarının çox olmasına baxmayaraq hər zaman haqqı taptanan məhbusların yanlarında olmalarını bildirib. O, öz çıxışında məhbuslara dəstəyi ürəkdə deyil, real göstərməyin tərəfində olduğunu vurğulayıb.
Hüquq müdafiəçisi Mətləb Mütəllimli hər kəsə konkret tapşırıqlar verilməsi və onun icrası barədə hesabat alınması təşəbbüsü ilə çıxış edib. Həmçinin əvvəllər səsləndirdiyi siyasi məhbusların məhkəmələrdəki “Son Söz”lərinin toplanaraq çap edilməsini təklif edib.
Çıxış edən hüquq müdafiəçisi Hilal Məmmədov isə məsələlərin ağılla həll olunması tərəfdarı olduğunu bildirib. Bu istiqamətdə yeni yolların aranması haqda fikir səsləndirib.
Tədbirdə maraqlı çıxışlardan birini isə İslam Partiyasını sədri Möhsün Səmədovun həyat yoldaşı Mehparə Səmədova edib. O, çıxışında bu il Kərbalada “ərbəyin” ziyarətinə 12-17 min arası azərbaycanlı zəvvarın qatıldığını bildirib. Həmin ziyarətçilərin öz ölkəmizdə mütəşəkkilik nümayiş etdirməsi arzusunda olduğunu dilə gətirib.
Qarabağ Uğrunda İslami Müqavimət Hərakatının rəhbəri hacı Rövşən Əhmədli Konstutisiya günü olmasını xatırladaraq, ölkəmizdə bütün qanunlara məhəl qoyulmadığını bildirib. Toplantının məqsədinin nəyi isə dəyişməyə güc olmadığı təqdirdə heç olmazsa onu gündəmdə saxlamaq olması ilə əlaqələndirib.
Tədbirin sonunda səslənən təkliflər nəzərə alınaraq hakimiyyətə, yerli və beynəlxalq hüquq təşkilatlarına müraciətlər göndərilməsi, növbəti toplantıların mütəmadi keçirilməsi planlaşdırılıb.
Çıxışlardan hazırlanmış videonu təqdim edirik.
azadliq.info