Tarix elmləri doktoru, professor
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi keçmiş kommunist partiyasının arxividir. Arxiv Nərimanovun dekreti əsasında 1921-ci ildə Azistpart (Azərbaycan partiya tarixi institutu) adı ilə yaradılıb və yeni yaranmış idarənin əsas məqsədi bolşevik partiyasının, fəhlə hərəkatının, Azərbaycanda inqilab və əksinqilabın, Yaxın Şərqdə azadlıq hərəkatının tarixinə dair sənədlərin toplanması, işlənməsi və saxlanılmasından ibarət olub. 1929–cu ildə elmi–tədqiqat müəssisənin adı dəyişərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitutunun Azərbaycan filialı adlandırılmağa başlandı. 1956–cı ildən Partiya Tarixi İnstitutu – Sov.İKP MK yanında Marksizm – Leninizm İnstitutunun Azərbaycan filialı, partiya arxivi isə bu İnstitutun tərkib hissəsi kimi fəaliyyət göstərdi. Arxivdə Azərbaycan kommunist partiyasının tarixinə, ölkənin bolşevikləşdirilməsinə, kommunist partiyasının Azərbaycanda 70 illik idarəçiliyinə dair milyonlarla sənəd saxlanılır. Bunların içərisində nadir sənədlər də az deyil.
Sovet dövründə bu arxivin materialların istifadəsində müəyyən məhdudiyyətlər olub. Bir qayda olaraq Kommunist Partiyasının üzvü olan tədqiqatçılar arxivə buraxılır və digərləri üçün xüsusi icazə tələb edilirdi. Bəzi materiallar, xüsusi ilə Azərbaycan Xalq Cümhuriyyəti, 1918-ci ilin mart-aprel hadisələri, respublikada milli məsələ ilə bağlı bir sıra fondlar Sovet hakimiyyəti illərində tədqiqatçıların üzünə bağlanmışdı. Kommunist partiyasının iflasından sonra bu məhdudiyyətlər aradan qaldırıldı. Lakin Sovet İttifaqının dağılmasından sonrakı hürriyyət dövrü uzun sürmədi. Son vaxtlar bu arxivdə bir zamanlar sərbəst şəkildə istifadə edilən fondlar və ayrı-ayrı qovluqlar yenidən məxfilik qrifi altına salınmışdır. Ən maraqlısı odur ki, hətta Sovet dövründə tədqiqatçılar üçün açıq olan fondlar belə son vaxtlar elmi dövriyyədən çıxarılıb üzərini məxfilik damğası vurulmuşdur.
Son vaxtlar Siyasi Sənədlər Arxivində kiminsə ağlına gəlib ki, 1898-ci ildən başlayaraq bütün rəhbər bolşevik liderləri, kommunist partiyası, Sovet dövləti və hökuməti xadimlərinin şəxsi işlərini məxfilik qrifi altına salıb, onları tədqiqatçıların üzünə bağlasınlar. Təsəvvür edin Azərbaycanın təxminən bir əsrlik tarixini həmin dövrdə ölkəni idarə etmiş rəhbər xadimlərin şəxsi işləri ilə tanış olmadan necə yazmaq olar? Yaxud ölkənin ötən ərin 20-ci illərdə cərəyan etmiş hadisələrini Nərimanovun, Kirovun, Əliheydər Qarayevin, Mirzə Davud Hüseynovun, Levon Mirzəyanın, Sarkis Danilyanın, Serqo Oricanikidzenin, Ruhulla Axundovun, Eyyub Xanbudaqovun, Serebrovskinin, Kaminskinin, Polonskinin, Rubenin, Mir Cəfər Bağırovun və onlarla digər rəhbər işçilərin şəxsi işi ilə tanış olmadan necə hərtərəfli tarixi mənzərəsini yaratmaq mümkündür. Axı, bu adamların öz əlləri ilə doldurduğu bioqrafiyalar, onlar haqqında xarakteristikalar, onlara verilmiş partiya cəzaları, vəzifə təyinatları, repressiya edilmiş rəhbər işçilərin bəraət qərarları, əmrlər, sərəncamlar, təltiflər və sair bilavasitə onların şəxsi işlərində saxlanılır. Onların fəaliyyəti fərdi məzmun daşımayıb, ictimai və siyasi mahiyyət daşıdığı, respublika tarixinin bir hissəsi olduğu üçün rəhbər nomenklaturaya aid sənədləri ayrı-ayrı qovluğlarda arxivləşdirilib. Hətta, Sovet dövründə belə siyasi-ictimai məzmun daşıyan bu adamların şəxsi işlərindən istifadə tamamilə qadağan edilməmişdi. Yeri gəlmişkən, mən Sovet dövründən başlayaraq zaman-zaman bu şəxsi işlərlə tanış olmuşam, təxminən 50-60 rəhbər işçilərin, bolşevik liderlərin, kommunist partiyası xadimlərinin qovluqlarından qeydlər götürmüş, surətlər çıxarmışam və onları nəşr olunmuş əsərlərimdə istifadə etmişəm. Bu qadağa son vaxtların eybəcər iş üsuludur və Azərbaycan tarix elminin inkişafına ağır bir zərbədir, zərərli özbaşnalıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 4.7-ci bəndində qeyd edilir ki, vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Əsasnamənin 4.11-ci bəndində yazılır: “Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya onlardan istifadə qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.” Bu halda məxfilik müddəti keçmiş rəhbər işçilərin şəxsi işlərinə qeyri-qanuni qadağa qoyulması, onların tədqiqatdan kənar saxlanmasının məsuliyyətini kim daşıyır?
Haradan qaynaqlanır bu səhv yanaşma? Məsələ burasındadır ki, 1921-ci ildən bəri ilk dəfə olaraq tarixi sənədlərin saxlandığı arxivə tarixçi deyil, bioloq rəhbərlik edir. Bu, Milli Məclisin sədri Oqtay Əsədovun bacısı Elmira Ələkbərovadır. Mən istisna etmirəm bəlkə o, doğrudan da bacarıqlı və işgüzar bir xanımdır. Amma ixtisasına görə bioloq olan birisini tarixi sənədlərin saxlandığı bir müəssisəyə direktor təyin edəndə, onun 100 il bundan əvvəlin rəhbər xadimlərinin şəxsi işlərinə yanaşması da tarixi deyil, bioloji yanaşma olacağı təəccüblü deyil. Tarixdə bu və ya digər dərəcədə rol oynamış rəhbər işçilərin şəxsi işlərini ucdantutma araşdırmaçılara qadağan etmək, Azərbaycan tarixini şəxsiyyətsizləşdirmək cəhdidir. Bu səhv yanaşma elmi işlərin səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq, xüsusi ilə gənc tədqiqatçıların imkanlarını məhdudlaşdıracaq, Azərbaycanın XX əsr tarixinin obyektiv yazılmasına ciddi ziyan vuracaq. Doğrusu mən əmin deyiləm ki, prezident aparatında hamı belə düşünür. Sadəcə bioloq direktor özünün “sayıqlığını və sədaqəini” belə yanlış formada nümayiş etdirir.
Amma bu hələ hamısı deyil. Daha gülünc və məyusedici ekspermentlər hazırda arxivdə absurd səviyyəyə gəlib çatmışdır. Bu yaxınlarda bir elmi araşdırma ilə bağlı Siyasi Sənədlər Arxivində 1917-1919-cu illərin sənədlərinə, həmin illərdə fəaliyyət göstərmiş köhnə bolşeviklərin xatirələrinə baxırdım. Qarşılaşdığım mənzərə məni dəhşətə gətirdi. Deməli öz “sayıqlıqlarını” nümayiş etdirmək üçün arxivin məsul şəxsləri hələ Sovet dövründə tədqiqatçıların maneəsiz istifadə etdiyi 100 il bundan əvvəlin sənədlərinin başına bioloq direktorun iş üslubuna uyğun olaraq hansı oyunları açıblar. Diqqət edin: 1919-cu ildə Muğanda Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qiyamın iştirakçısı olmuş Yakov İvanoviç Qrankin 3 şagird dəftəri həcmində 57 səhifədən ibarət xatirələrin yazıb (Bax. ARPİİSSA, fond 268, siyahı 23, iş 163, vərəq 1-57). Arxivin “sayıq əməkdaşları” bu xatirələrin 14-cü vərəqini və 3-cü dəftəri isə bütövlükdə (vərəq 49-57) həmin qovlüqda xüsusi paketin içərisinə keçirib möhkəm-möhkəm surğuclayıblar. 1917-1919-cu illərin hadisələri barədə keçmiş bolşevik Mxitaryanın 15 səhifəlik xatirələrinin 5 səhifəsi (vərəq 100-104) də eyni formada tədqiqatçılardan gizlədilərək xüsusi paketin içərisinə salınıb üzərinə məxfilik qrifi qoyulmuşdur. (Bax: ARPİİSSA, fond 456, siyahı 18, iş 33, vərəq 90-105). Görən bioloji mülahizələrlə işləyən prezident arxivi Mxitaryanı kimdən qoruyur? Azərbaycan xalqının köklü maraqları əleyhinə fəaliyyət göstərmiş bolşevik Boçarnikovun xatirələrinin 116 və 118-ci vərəqlərini (ARPİİSSA, fond 456, siyahı 18, iş 33, vərəq 112-125), eyni qovluqda Donskoyun xatirələrinin 192-ci vərəqini, bolşevik Ponomoryovun xatirələrinin 219, 252-253-cü vərəqlərini, həmin hadisələrin iştirakçısı olmuş Faykovskinin xatirələrində 3-cü və 15-ci vərəqləri (ARPİİSSA, fond 456, siyahı 18, iş 30) xüsusi paketə salaraq surğuclayıb tədqiqatçılardan gizlədiblər. Bu qadağaları arxiv rəhbərliyi necə izah edə bilər? 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mübarizə aparmış, Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətl və qarətlərin təşkilatçısı, iştirakçısı olmuş, əsasən Astraxan və Rusiyadan ezam olunmuş bu bolşeviklərin əməlləri Prezident Arxivində niyə gizlədilməlidir? Yüz ilə yaxındır Azərbaycan Xalq Cümhuriyyətinin liderləri bolşevik Əli Bayramovun öldürülməsi ilə şantaj edilib. Sən demə cümhuriyyət hökuməti bu ölüm hadisəsinin istintaqını aparıb və həqiqəti üzə çıxarıb. (Bax: Əli Bayramovun ölüm işi üzrə ilkin istintaqın sənədləri. 1-21 aprel 1920-ci il. // ARPİİSSA, fond 276, siyahı 3, iş 90, vərəq 90-115). İndi üzərindən 100 ilə yaxın vaxt keçəndən sonra 26 vərəqdən ibarət olan bu qovluğun üzərinə də Prezident Arxivində qadağanlıq möhürü vurublar. Belə nümunələrin sayını artırmaq da olar. Fəqət bu faktlar prezident arxivində prezidentin imzaladığı dövlət sirri haqqında, Arxiv Fondu haqqında qanunlara, Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnaməyə məhəl qoymamağın, bütövlükdə sahə qanunların pozulmasının göstəricisi deyilmi?
Milli Arxiv Fondu haqqında Qanunun 16-cı maddəsində aydın şəkildə yazılır ki, tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə məxfilik dərcəsindən asılı olaraq onların yaranmasından 10-30 il sonra icazə verilir. Nazirlər Kabinetinin 2018-ci ilin sentyabr ayında “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə etdiyi dəyişikliklərdə bildirilir ki, tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Dövlət Sirri haqqında Qanunun 13.3-cü bəndi də eyni ilə bunu ehtiva edir. İndi burada, nəinki məxfilik, tam məxfilik, xüsusi məxfilik müddətləri, hətta müstəsna hal kimi müəyyən edilmiş 75 illik məxfilik müddəti də çoxdan başa çatıb. Son vaxtlara qədər əksəriyyəti tədqiqatçılar üçün açıq olmuş bu sənədlər hansı məqsədlə yenidən məxfliyə qaytarılır?