Gəncə şəhərində iki polis zabitinin öldürülməsi ilə nəticələnən 2018-ci il 10 iyul tarixli kütləvi iğtişaşlarda iştirak edən şəxslər (22 nəfər) barəsində istintaq yekunlaşıb. İş məhkəməyə göndərilib.
DİN, DTX və Baş Prokurorluq əməkdaşlarının daxil olduğu istintaq qrupu tərəfindən Maarif Hacıyev və Xəyal Qafarov, onlar ilə eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşən Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib.
Xəyal Qafarovun, Samir İbrahimovun və Əli Rzayevin həm də qanunsuz olaraq əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edib saxlamalarına, gəzdirmələrinə və daşımalarına əsaslı şübhələr müəyyən edilib, deyə DİN, DTX və Baş Prokurorluğun birgə məlumatında bildirilir.
İş üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı noyabrın 26-da, Cinayət Məcəlləsinin 220.1, 228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması) maddələri ilə təqsirləndirilən Xəyal Qafarov, 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, 220.1, 228.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən Samir İbrahimov, 220.1, 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Əli Rzayev, 220.1-ci maddəsi ilə təqsirləndirilən Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev və Qadir Hüseynov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı isə noyabrın 30-da tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Gəncə iğtişaşları iyulun 3-də şəhərin o zamanki icra başçısı Elmar Vəliyevin yaralanması ilə nəticələnən sui-qəsddən bir həftə sonra baş verib.
Sui-qəsdə Gəncə sakinlərinin şəhər icra başçılarının özbaşınalığından, şəhər sakinlərinin ünvanına təhqiredici ifadələrindən ciddi narazılığı səbəb olub(Turan).