Əli Kərimli: Müxalifət bir-birinin gördüyü işlərə qulp qoymalı deyil
AXCP sədri Əli Kərimlinin mətbuat və sosial şəbəkə üzərindən müxalifətdaxili münasibətlərin inkişaf etdirilməsi, birgə fəaliyyət haqında çağrışları rəğbətlə qarşılanıb. Bu çağırışlara konkret cavablar az olsa da, Əli Kərimli bu istiqamətdə real hərəkətlərə keçib.
Bu barədə AXCP lideri özünün feysbuk səhifəsində məlumat verib. O, əvvəlcə Müsavat Partiyasın başqanı Arif Hacılı ilə görüşdüyünü bildirib: “Müsavat partiyasının başqanı Arif Hacılı ilə görüşdüm. Müxalifətin əməldə, mübarizədə birliyinə nail olmaq yollarını, ölkədə köklü dəyişiklik uğrunda mübarizəni daha effektli təşkil etməyi müzakirə etdik. Yaxşı söhbətimiz oldu. Müxalifətdaxili əməkdaşlıq və birlik imkanlarını artırmaq üçün səylərimiz davam edəcək”, – deyə qeyd edib.
Günün ikinci yarısında AXCP sədri Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovla da görüşüb. “Bu gün ReAl partiyasının sədri İlqar Məmmədovla görüşdüm. Müxalifətdaxili münasibətləri yaxşılaşdırmaq, əməkdaşlıq, qarşılıqlı dəstək, birgə mübarizə ruhunu gücləndirməklə bağlı faydalı söhbətimiz oldu. Müxalifət bir-birinin gördüyü işlərə qulp qoymalı deyil, dəstək verməlidir. Bu istiqamətdə addım atıb, ReAl-ın imza kampaniyasına öz imzamla dəstək verdim. Ölkədə müxalifətdaxili münasibətlərin sağlamlaşdırılması və rejimə qarşı birgə mübarizə mühitinin yaranması istiqamətində təşəbbüslərimiz davamlı olacaq”,-deyə Əli Kərimli bu haqda da feysbuk qeydi paylaşıb.
azadliq.info