Vahid Məhərrəmli
Kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı ekspert
Ölkənin təlabatının 1,7 faizi qədər düyü, 1,2 faizi qədər çay istehsal edən hakimiyyət “Çay, çəltik və sitrus festivalı” keçirir.
Dövlət Statistika Komitəsinin məlumatlna əsasən 2016-cı ildə 5,4 min ton təmizlənmiş düyü istehsal olunmuşdur. Həmin ildə 48,1 min ton isə düyü idxal edilmişdir. Ümumilikdə 2016-cı ildə ümumi istifadə 54,4 min ton təşkil etmişdir ki, bunun da 41,4 min tonundan ərzaq məhsulu kimi istifadə olunmuşdur. Bu adambaşına 4,2 kiloqram düyü deməkdir. DSK-nın məlumatına görə, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 2016-cı ildə 10,1 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, adambaşın istehlak norması il ərzində 32,8 kiloqram nəzərdə tutulur, Azərbaycan istehsal etdiyi 5,5 min ton düyü ümumi təlabatın 1,7 faizi qədərdir. Bu da o deməkdir ki, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 1,7 faizdir.
Ümumiyyətlə son 18 il ərzində ölkədə düyü istehsalı kəskin şəkildə azalmış, əvəzində isə düyü idxalı artmışdır. Belə ki, 2000-ci ildə ölkədə 22,2 min ton düyü istehsal olunduğu halda, sonrakı illərdə bu göstərici 8 dəfə azalıb.
Azərbaycan hətta 90 il əvvəl indikindən 3 dəfə, 30 il əvvəl isə 10 dəfə çox çay əkini ilə məşğul olurdu. Belə ki, 1938-ci ildə ölkədə 3232 hektar, 1988-ci ildə 13200 hektar sahədə çay plantasiyası olduğu halda 2017-ci ildə çay əkmələri sahəsi cəmi 1114 hektar təşkil etmişdir. Əkin sahələrinin azalması özünü çay istehsalında da göstərmişdir. Belə ki, 30 il əvvəl, 1988-ci ildə ölkədə 34,5 min ton yaşıl çay istehsal olunduğu halda 2017-ci ildə cəmi 780 ton çay istehsal olunmuşdur. Çay istehsalının və əkin sahələrinin azalması keçən əsrin 90-cı illərinin əvvəllərindən başlasa da, bu sahə 1995-ci ildən sonra daha sürətlə geriləməyə başlamışdı. Hətta 2008–ci ildə ölkə üzrə ümumi çay yığımı 320 tona, əkin sahəsi isə 2010-cu ildə 600 hektara qədər azalmışdır. Çayçılığın geriləməsi məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə də səbəb olmuşdur. Belə ki, 1988-ci ildə hər hektardan 49,5 sentner məhsul əldə olunduğu halda 10 il sonra məhsuldarlıq 38 dəfə azalaraq 1,3 sentnerə düşmüşdür. Uzun müddət ərzində 1996-cı ildən 2011-ci ilədək məhsuldarlığı 10 sentnerə belə qaldırmaq mümkün olmamışdır.