Azərbaycan hakimiyyətinin ABŞ-dakı lobbiçisi sayılan, Azərbaycan hökumətinin vəsaiti hesabına amerikalı konqresmenlərin səfərinin təşkilində ittiham olunan Kamal Öksüz bazar ertəsi özünü müqəssir saydığını etiraf edib.
O bildirib ki, səfərin Azərbaycan Dövlət Neft Şirkəti- SOCAR tərəfindən maliyyələşdirilməsi faktının gizlədilməsi sxeminin iştirakçısı olub. Bu barədə ABŞ Ədliyyə Nazirliyi bildirib.
48 yaşlı K.Öksüz bundan öncə ABŞ Nümayəndələr Palatasının Etika Komitəsinin konqresmenlərin səfərinin mənşəyinə dair sorğusu ilə bağlı yalan söyləyərək həmin vəsaitin xarici mənşəli olmadığını demişdi.
Sonradan K.Öksüz ABŞ-ı tərk edərək Ermənistanda gizlənmişdi. Avqustda həbs olunaraq ABŞ-a ekstradisiya edilib.
K.Öksüzün barəsində hökm 2019-cu il fevralın 11-də ABŞ Kolumbiya dairəsində çıxarılacaq. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilir.
“Verilən ifadələrə görə, Oksüz günahını etiraf edib O, konqresmenlərin Azərbaycana səfərilə bağlı ABŞ Konqresinin Etika Komitəsinə verdiyi əvvəlki ifadələrində yalan söyləyib. Əsasən Öksüz yalan məlumat verərək bildirib ki, onun “Amerika və Avrasiya Türk Şurası” qeyri-kommersiya təşkilatı konqresmenlərin səfərinin təşkili üçün xarici maliyyələşmə almayıb.
Öksüz etiraf edib ki, Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) səfərin maliyyələşdirilməsi üçün pulların alınması sxemini təşkil edib, sonra maliyyələşmənin gerçək mənbəyini gizlədib. Bununla da ABŞ Konqresi Nümayəndələr Palatasının qaydalarını pozub”, – Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
İş üzrə təhqiqatı FTB aparıb. Hələlik onu hansı cəzanın gözlədiyi məlum deyil.
*Xatırladaq ki, söhbət 2013-cü ildə amerikalı 10 konqresmenin və Amerikanın müxtəlif ştatlarından olan nümayəndələrin Azərbaycana səfərindən gedir. Bu məqsədlə SOCAR 2,2 mln. dollar ayırıb, istintaq bildirib.
2015-ci il mayın 13-də “Washington Post” qəzeti bu səfərin maliyyə mənbələrinin şübhəli olması haqda məqalə dərc etdikdən sonra bu iş ətrafında qalmaqal yaranıb.
contact.az