Gəncə olayları zamanı “kriminalaz.com” saytındayayılmış məlumatlara görə açılmış cinayət işinin istintaqı başa çatıb. Bu gün, dekabrın 12-də saytın baş redaktoru Anar Məmmədov və vəkili Bakı Şəhər Prokurorluğuna cinayət işi materialları ilə tanışlığı başa çatdırıblar.
Jurnalistin vəkilləri tanışlıq mərhələsində bəzi vəsatətlər veriblər və vəsatətlər cinayət işinə xitam verilməsi ilə bağlı olub.
Dekabrın 12-də vəsatətlərin rədd olunduğu jurnalistə və vəkilinə elan edilib.
Cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki(Turan), Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.
Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.
Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.
İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “kriminalaz.com” saytına girişə məhdudiyyət qoyulmuşdu. Anar Məmmədov ittihamları rədd edir.