Uzaq, çox uzaq çağların geniş yayılmış, çox sevilən oynaq mahnısı:
Kəlağayı, əlvan, qıyğac
Üstündən basa tellərin.
Ay qız, ay qız, o tellərin,
Yel vurub, əsə tellərin.
O telli telli tellərin…
Kəlağayı bizm uşaqlıq, yeniyetməlik anılarımızda ayrıca yer tutur. Köyümüzə kəlağayı satan gələrdi. Nə gələrdi! Qız-gəlin sevincək kəlağayı almağa aqqışardı. Bir-bir qatı açılan kəlağayılar əllərdə dolaşar, bir andaca deyən-gülən, kəlağayı gözəlliyindən sevincək olan qız-gəlinin yaraşığına çevrilərdi. Kəlağayılar: ağ, göy, qırmızı… Birinin adı ayrıca yadımda qalıb: “noxudu” kəlağayı.
Kəlağayı Azərbaycana da, qonşu ölkələrə də bir yerdən yayılardı: Şəkidən. Şəki İpək Kombinatı Azərbaycandan uzaqlara da sevilən, sevimli ürününü göndərərdi. Şəki kəlağayısı Azərbaycandan qıraqlarda da Azərbaycandakı kimi sevilərdi. Bir çağlar atamın dayısı Məhəmməd Qocayev o Kombinatın direktoru olmuşdu. Sovet partiyta-dövlət orqanı onu ora Kombinatı daha da gəlişdirmək, kəlağayı toxuculuğunu daha da yüksəltmək üçün göndərmişdi. Sovet hökuməti Kombinatı genişləndirdi, kəlağayı toxuculuğunu yüksəltdi.
Azərbaycan bağımsızlığa qovuşandan sonra ölkədə tut əkinini genişləndirməklə, ipəkçiliyi daha da gəlişdirmək olardı. Ölkəni bürüyən tut ağacları ilə birlikdə ipəkçilik xalqın yaşayışını yüksəldən gəlirli alanlardan birinə çevrilərdi.
Azərbaycanda ipəkçiliyin keçmişindən
“İpəkçilik kənd təsərrüfatının ən qədim sahələrindən biridir. Təbii ipək almaq üçün SSRİ-də əhilləşdirilmiş tut ipəkqurdu yetişdirilir, başqa ölkələrdə isə bir sıra vəhşi ipəkqurdlarından da (ajlant, palıd, gənəgərçək və s.) istifadə edilir. Çində təqribən 5 min il bundan əvvəl təbii ipək almaq üçün ipəkqurdu yetişdirilmişdi. İpəkçilik Orta Asiya və Zaqafqaziyada 5-7 əsrlərdə meydana gəlmişdir.
İpəkçiliyin istehsal prosesi yem bazası olan tut ağacı plantasiyaları salınması və ona yaxşı qulluq edilməsindən, barama toxumunun istehsalından, toxumun inkubasiyasından, ipəkqurdlarının bəslənməsindən və s. ibarətdir. İpəkqurdları xüsusi binalarda (kümxanalarda) 30-35 gün (qabaqcıl təsərrüfatlarda 22-25) ərzində bəslənilir. Yüksək məhsuldar ipəkqurdu və tut cinsləri yetişdirmək məqsədi ilə seleksiya işi aparılır. Dünya ipəkçiliyi tarixində ilk dəfə olaraq SSRİ-də (Orta Asiya və Zaqafqaziyada) ixtisaslaşdırılmış ipəkçilik sahələri, dövlət ipəkqurdu toxumu stansiyaları və zavodları, tut ağacları plantasiyaları və s. təşkil edilmişdir. Genetik üsulla çox və zərif yarpaq verən tut ağacı sortları və ipəkqurdu cinsləri yetişdirmək sahəsində nailiyyətlər əldə edilmişdir. İpəkçilik sahəsində seleksiya işləri Orta Asiya Elmi-Tədqiqat İpəkçilik İnstitutunda, Gürcüstan Kənd Təsərrüfatı İnstitutunda, müttəfiq respublikaların bir sıra institutlarında, təcrübə stansiyalarında aparılır. İpəkqurdu baraması əsasən, Yaponiya, Çin Koreya və Hindistanda istehsal olunur.
Azərbaycana ipəkqurdu toxumu təqribən 5-ci əsrdə gətirilmişdir. Orta əsrlərdə Azərbaycanda ipəkçilik kənd təsərrüfatının əsas və ən gəlirli sahələrindən biri kimi kəndlilərin iqtisadi həyatında mühüm rol oynayırdı.
Azərbaycan ipəyi İran, Kiçik Asiya, Suriya və Avropanın bir sıra ölkəsinə ixrac edilirdi. 15-19 əsrlərdə xam ipək və ipək məmulatı Rusiya bazarlarında əsas yer tuturdu. Nuxa (Şəki), Ərəş, Şamaxı, Gəncə və Qarabağ ipəyi xüsusilə məşhur idi. 19 əsrdə ipək emalı sürətlə artdı. 1829-cu ildə Şəkidə Xanabad ipəksarıma müəssisəsi tikildi. 19 əsrin ortalarında Zaqafqaziyada emal edilən xam ipəyin üçdə iki hissəsindən çoxunu (28 min pud) Azərbaycan verirdi. 1861-ci ildə Nuxada böyük baramaaçma fabriki də tikildi. 1887-ci ildə təşkil olunmuş “Qafqaz ipəkçilik stansiyası”nın Azərbaycanda fəaliyyət göstərən Şəki, Ağdam, Qax, Vartaşen və s. şöbələrinin ipəkçilik mədəniyyətini əhali arasında yayması sahəsində barama istehsalı xeyli artmışdı. Azərbaycanda təkcə xam ipək deyil, həm də bu ipəkdən müxtəlif növ parçalar da toxunurdu. Şamaxı, Şəki, Gəncə,Ordubad şəhərləri ipək parça istehsal edən mərkəzlər idilər. Azərbaycan ipəyi dünya bazarlarında İtaliya və Yaponiya ipəyi ilə bərabər qiymətləndirilirdi. Şəki ipəyi Tiflis ipək məhsulları sərgisində (1863) birinci yeri tutmuş, London (1862), Moskva (1872) və Vyana (1873) Ümumdünya sərgilərində medal almışdı; Moskva bədii sərgisində (1882) Ordubad ipəyi qızıl və gümüş medal, Tiflis sərgisində (1889) Qarabağ ipəyi qızıl medal, Nijni Novqorod Ümumrusiya bədii sərgisində (1869) Şəki ipəyi fəxri diploma layiq görülmüşdü. 1903-cü il Qaqrada Ümumrusiya bitkiçilik sərgisində Ordubad ipəyi böyük və kiçik qızıl medal almışdı. Ümumiyyətlə Ordubad ipəyi 20-ci əsrin əvvəllərində 13 dəfə qızıl medalla təltif olunmuşdu. 1914-cü ildə Azərbaycanda çəkil plantasiyalarının sahəsi 60 min desyatinə, ipəkçiliklə məşğul olan kəndlərin sayı 2200-ə, barama istehsalı isə 260 min puda çatmışdı.
Vətəndaş müharibəsi və hərbi müdaxilə illərində ipəkçilik də xeyli ziyan çəkdi. Sovet hakimiyətinin qələbəsindən sonra Nuxa (Şəki), Ağdam, Zaqatala, Ağdaş, Ordubad və s. rayonlarda toxumçuluq stansiyaları yaradıldı. Sovet hakimiyətinin ilk illərində Azərbaycan SSR ilk xam ipək istehsalçısı idi. 1925-ci ildə “Qarabağ ipəyi” tresti yaradıldı. 1931-ci ildə SSRİ-də ən böyük baramaaçma, ipəkburma, toxucu, boyaq-bəzək fabriklərindən ibarət Şəki İpək Kombinatı yaradıldı. Ordubad baramaaçma fabriki genişləndirildi. 1940-cı ildə xam ipək istehsalı 292 tona çatdırıldı və 0,2 milyon m ipək parça istehsal olundu. Böyük Vətən Müharibəsi illərində Azərbaycan SSR-də ipək məhsulları istehsalı xeyli azaldı. Müharibədən sonra ipək emalı və ipəktoxuma sənayesi yenidən sürətlə inkişafa başladı. 1946-50-ci illərdə ipək parça istehsalı 178 faiz artdı. 1968-ci ildə Azərbaycan SSR-də xam ipək istehsalı 1913 ildəkinə nisbətən təqribən 12,7 dəfə, ipək parça istehsalı isə 1940 ildəkinə nisbətən 77 dəfə artdı. 1978-ci ildə Azərbaycan SSR-də barama istehsalı 5000 tona çatdırıldı, bu da təbii ipək və ondan hazırlanan ipək parça istehsalını daha da genişləndirdi. Azərbaycan SSR barama istehsalına görə SSRİ-də ikinci, ipəyin keyfiyyətinə görə isə birinci yeri tutur” (ASE-dən).
Buradan göründüyü kimi, H.Əliyevin birinci hakimiyəti dönəmində Azərbaycanda ipəkçilik o çağların leksikonu ilə dezək zirvəyə yüksəldilmişdi. Ancaq hakimiyətə yenidən qayıdan H.Əliyev Sovet dönəmində olduğunun bütünlüklə tərsinə politika yürüdüb: dağıdıcılıq politikası. Bir çox başqa alanlar kimi ipəkçilikdə geriləmə, çöküş baş verib. Bu dönəmdə bir sıra zavod-fabriklərin bağlanması faktını xammal, eləcə də ayrı-ayrı komponentlər baxımından keçmiş Sovet respublikaları ilə bağlılığa görə keçmək olar. Ancaq ipəkçiliyin, belə desək, “yem” bazası bütünlüklə özümüzdə olduğundan onu yalnız gəlişdirmək olardı. Sözsüz, ortada xalqı gərəyincə dolandırmaq, yaxşı yaşatmaq istəyi olsaydı! Belə bir istək olsaydı, Azərbaycan üçün çox əlverişli, böyük yetənəklərlə tanınan bir alan bilərəkdən batırılmazdı.
Şəki İpək Kombinatinin qara günləri başlıca olaraq İ.Əliyevin Kombinatı Beynəlxalq bankın prezidenti Cahangir Hacıyevə tapşırmasından sonra başladı. Az qala yaşı yüzə çatan Kombinatda çoxlu sayda uzman kadrlar ola-ola C.Hacıyev aralarında ermənilər də olmaqla Özbəkstandan 30 “mütəxəssis” gətirməklə burada özümlü “yenidənqurma” işlərinə başladı.
C. Hacıyev prezidentə arxalanaraq Bankın üzünü Şəkiyə çevirmişdi. Yüzlərlə adamın adına kreditlər yazılıb mənimsənirdi. Axı, Şəkidə çox böyük proje “gerçəkləşdirilirdi”: İpək kombinatı “yenidən qurulur, genişləndirilirdi”. Gerçəkdə belə deyildi. C. Hacıyevin tapşırığına uyğun olaraq Özbəgistandan gətirilən qonaqlar yüksək qayğıyla çevrələnərək kef içində yaşayırdılar. Bir ucu Mingəçevir, bir ucu Bakı olmaqla onlara qadınlı qulluğadək göstərilirdi.
Özbəkstandan “mütəxəssislərin” üç illik çalışmalarının sonucunda Şəki İpək Kombinatı… Pambıq Kombinatına çevrilmiş, qonaqlarsa yavaşca sivişib aradan çıxmışdılar. İnnovativ “yenidənqurma” sonucunda Arandan Dağa pambıq daşınırdı. Pambıq Kombinatda lifə çrvrilir… Rusiyaya, nəyə görəsə, yalnız Rusiyaya satılırdı.
Kombinatda işləyən bir ipək sexi qalmışdı. Yüz ilin uzman kadrları qadınlı-kişili ora-bura dağılışıb getmişdi. Onlardan bir neçəsini soraqlaşıb bazarda tapdım. Onlar: “Gündəlik çax-çuxumuz da əlimizdən çıxar”,- deyə danışmaqdan çəkinirdilər.
Bir çağlar 10 minədək işçisi olan Şəki İpək Kombinatı az bir işçi ilə yarımcan durumda çalışmada idi.
Şəkinin “İpəkçi” qəzetindən: “Azərbaycanda kəlağayı sənəti 2014-cü ilin sonunda “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilsə də, bu gün Azərbaycanda kəlağayı toxunmur. 2018-ci ilin 1 fevralından kəlağayı toxunması dayandırılıb. Şəki İpək Kombinatı 1 ildir “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə verilib. “ASK” ASC-nin baş direktoru Kamran Nəbizadə bağlanma ilə bağlı deyir: “Avadanlıqların köhnə olması, bazar təlabatına uyğun məhsul istehsal etmək mümkün olmadığı üçün, onların fəaliyyəti rentabelli olmadığına görə müvəqqəti dayandırılmışdır”.
K.Nəbizadənin sözünün başı ilə ayağı düz gəlmir – düz danışmadığı üçün. “Avadanlığın köhnə olması”, “istehsal olunan məhsula təlabat olmaması” – da doğru deyil. Birinci, yuxarıda göstərildiyi kimi, C.Hacıyevin başçılığı altında Şəki İpək Kombinatının yenidən qurulmasına, yeni avadanlıqlar alınmasına milyonlarla manat pul ayrılıb. Yenidənqurma olmayıbsa, avadanlıq yenilənməyibsə, K.Nəbizadə bundan danışmalı, milyonların göyə sovrulduğunu, mənimsənib-dağıdıldığını bildirməlidir. K.Nəbizadənin “köhnə avadanlıq” tezisini doğru saysaq, onda soruşmaq gərəkir: Baş prokurorluq, Antikorrupsiya idarəsi hara baxır? Şəki İpək Kombinatını bağlanmaq durumuna gətirənlərə nəyə görə cinayət işi açılmır?
K.Nəbizadənin “bazar təlabatı” ilə bağlı dediyinə qarşılıq olaraq “İpəkçi” qəzetindən daha bir alıntı: “O istehsalatda son çağlaradək ayda 15 min kəlağayı toxunub, onun çoxu ölkədən qırağa satılıb”. Yalnız bu deyil, “İpəkçi” K.Nəbizadənin başqa bir yalanını da çıxarır: “2012-ci ildə toxucu istehsalatında modern dəzgahlar quraşdırılıb, kəlağayı başlıca olaraq onlarda toxunub”. Bax, belə. Ortada kələk, oyun, fırıldaq var. İndiki rejimdə hansısa Nəbizadə Şəki İpək Kombinatı kimi böyük bir obyekti öz istədiyi kimi fırladıb korporasiyaya çevirə bilməz. İndilikdə bu hansısa nazirin də gücü çatacaq çevirmə deyil. Görünür, Kombinata çox yüksəkdən əl qoyulub. Qoyulsun, ancaq milyonlarla pul töküb… Kombinatın başına oyun açmaq, orada işləyən minlərlə adamı işsiz, ipəkçiliyi yaman günə qoymaq kimə, kimlərə gərəkmiş? Düzdür, K.Nəbizadə bağlanmanın “müvəqqəti” olduğunu deyir, ancaq inandırıcı deyil: 0nun “köhnə avadanlıq”, “təlabat” söyləmələri düzgün olmadığı üçün.
Bir neçə il qabaq Azərbaycanda baramaçılığı-ipəkçiliyi gəlişdirmək üçün Çindən çoxlu çəkil tingi alınıb gətirildiyi bildirilirdi. Milyonlarla manat pul ayrıldı, alındı, gətirildi, əkildi, sonra da… İpək Kombinatı bağlandı. Ancaq bu bağlanma, yuxarıda göstərildiyi kimi, birdən-birə baş verməmişdi: Kombinat “yenidənqurma” adıyla yavaş-yavaş dağıdılmış, yetişmiş, uzman kadrlar işdən uzaqlaşdırılmış, sonra, indiki kimi, qapını qıfıllamaq qalmışdı. Bu, V yüzillikdən bu yana ölkədə özünə uğurla yer eləmiş böyük bir alanın, o alanla birgə qazanılmış çoxillik (yüzilliklər boyunca) görkülərin, alışqanlığın itirilməsi deyilmi?
Neft ölkəsi olaraq tanınan, çoxlu uzman kadrları olan Azərbaycanda neftayırma zavodlarini getdikcə soğulmuş duruma gətirmək, sonra Azərbaycandan qıraqda neftayırma zavodu tikmək də ipəkçiliklə bağlı baş verənlərdəndir: yüzilliklər boyunca biçimlənən, oturuşan quruluş-sistem-uklad dağıdılır, alışqanlıqlar itirilir, beləliklə, üzlər bilərəkdən, planlı olaraq, Şəkidəki kimi, bazara yönəldilir…
Son olaraq. Azərbaycan kəlağayısı indi yalnız… Türkmənistanda toxunur!
08.12.2018