Həbsdə olan bloqçu Mehman Hüseynov “cərimə təcridxanasına salınıb”, bloqçu ilə görüşməsinə “icazə verilmədiyini” deyən vəkil Şəhla Hümbətova bildirib.
Penitensiar Xidmət bloqçunun “cərimə təcridxanasına salınması” barədə məlumatı təsdiqləməyib.
Video bloqçu həbsxana əməkdaşına xəsarət yetirməkdə ittiham edilir, Mehman Hüseynovun ittihama münasibəti hələ bəlli deyil.
Mehman Hüseynov kimdir?
Azərbaycan: 2018-ci ildə insan haqları ilə bağlı nə baş verib?
Vəkilin sözlərinə görə, dekabrın 27-də onun Mehman Hüseynovla görüşməsinə icazə verilməyib.
“Cəzaçəkmə müəssisəsinin işçiləri mənə dedilər ki, Mehman karsa salınıb, ona görə onunla görşmək mümkün deyil”,- vəkil Şəhla Hümbətova deyib.
Penitensiar Xidmət vəkilin Mehman Hüseynovla görüşə bilməməsi məsələsinə şərh verməyiblər.
Xidmətdən bildirilib ki, “məhkumun cərimə təcridxanasına salınması hər bir cəzaçəkmə müəssisəsinin daxili işidir”.
Yeni cinayət işi
Dekabrın 26-da Mehman Hüseynova yeni cinayət işi açılıb.
Penitensiar Xidmətin saytında verilən məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin “hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə” maddəsi ilə cinayət işi başlanıb.
“Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı məhkum Mehman Hüseynov həbsxananın Rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalova qarşı zor işlədib, fiziki müqavimət göstərərək ona xəsarət yetirib”, Penitensiar Xidmətin məlumatında deyilir.
Məlumatda bloqçunun “xidməti otaqda olan əşyaları dağıdaraq sındırması” iddia olunur. Həmçinin rəsmi məlumatda Əli Abdalova tibbi yardım göstərilməsi bildirilib.
Penitensiar Xidmət iddia edir ki, bloqçu Mehman Hüseynovdan həbsxanada saxlanması qadağan olunmuş “461 manat məbləğində pul” tapılıb.
İstintaqı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu aparır.
Mehman Hüseynovun atası Rafik Hüseynov oğluna qarşı açılan cinayət işindən xəbərsizdir.
O, bildirib ki, Mehman Hüseynovla çərşənbə axşamı görüşüb və oğlunun vəziyyəti “normal olub”.
“Bir az xəstələnmişdi, oskürürdü, indi vəziyyəti yaxşıdır, heç bir problemi yoxdur”,- Rafik Hüseynov belə deyib.
Mehman Hüseynov kimdir?
Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.
O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunub.
Bloqçu bu ittihamları qəbul etməyib.
Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.
bbc.com