Son illərdə şəhidlərin təbliği adına alınan qrantların məbləği 2 milyon manatdan çoxdur
Şəhid ailələrinə veriləcək birdəfəlik yardımla bağlı narazılıqlar davam edir. Demək olar, hər gün, hər həftə şəhid ailələri müxtəlif dövlət qurumları qarşısında aksiya keçirir. İki aydan artıqdır onlar üz tutduqları dövlət idarələrindən normal cavab ala bilmir, əvəzində təzyiqlə üzləşirlər.
Bütün bunlar niyə baş verir? Şəhid ailələrini aksiyalar keçirməyə məcbur edən səbəblər necə yaranıb? Bunlar sistemə bağlı problemlərdir. Sadəcə, ötən illərin sənədlərinin birinin qaldırılması yetər ki, saysız cinayətlərin üstü açılsın. Məsələn, şəhidlərlə bağlı fərman elə də uzaq olmayan tarixin sənədlərini vərəqləmək gərəyi yaratdı və Dövlət Sığorta Kommersiya Şirkəti misalında indiki mənzərə ortaya çıxdı. Ən müqəddəs dəyərə – şəhid haqqına əl uzadılmasına (həm də illərlə) şahid olduq. Bu utancverici faktlar qarşısında qalanlar hansısa addım atmaq, kimlərisə cəzalandırmaq əvəzinə, ənənəvi olaraq, müxalifətə hücuma keçdi. Şəhid ailələrinin yanında olan, olmaq istəyən müxalif düşüncəli adamlar, reportaj hazırlayan jurnalistlər yenə “düşmən dəyirmanına su tökənlər” oldu. Əslində, bu aksiyaların bir səbəbkarı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Ötən illər ərzində istər şəhid, istər əlil, istərsə də veteranlarla bağlı çoxsaylı qanun pozuntusunda, onlara çatacaq vəsaitin mənimsənilməsində bu nazirliyin adı keçir. Əli Nağıyev (1996-2006), Füzuli Ələkbərov (2006-2013), Səlim Müslümov (2013-2018) – Nazirliyə rəhbərliyin 22 ili bu üç şəxs arasında bölünüb. Hər üçünün vaxtında rüşvət meydan sulayıb, saxta adlar, əlillik dərəcələri verilib, külli miqdarda dövlət vəsaiti mənimsənilib. Ancaq heç biri buna görə məsuliyyət daşımayıb. Əslində, bugünkü aksiyaların təməli o illərdə qoyulub, sadəcə hər bir etirazın kütləviləşməsinə qığılcım gərək olur. Bu aksiyaların fitili isə 19 aprel prezident fərmanında qoyulmuşdu, ancaq alovlanması oktyabr ayına düşdü.
Fərman padşahın… qərar məmurundur
Şəhidlərə ayrılacaq yardımla bağlı aprelin 19-da verilən fərmanın 10-cu bəndində yazılmışdı: “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin”.
Dövlət Sığorta Kommersiya Şirkətinin adı çəkilən qurumlara hansı məlumatları verdiyini bilmirik. Ancaq bu məlumatlar toplanandan, onlarla bağlı qərar veriləndən sonra şəhid ailələrinin aksiyaya başladığını bilirik. Aksiyalar bu hakimiyyətin vaxtında edilən xeyli cinayətin üstünü açdı. Birdəfəlik yardım ayrılmayan ailələrə onların bu yardımı illər öncə, konkret hansısa tarixdə aldığı deyilir. Ancaq bəlli olur ki, ya bu tarix heç iş günü deyilmiş, ya da şəhidə ayrılan yardımı alan adam həmin tarixdən bir neçə il qabaq ölübmüş. Bütün bunların məsuliyyəti Dövlət Sığorta Kommersiya Şirkətinin üzərindədir. Maraqlıdır ki, sadalanan faktlarla bağlı hansısa araşdırma aparıldığı haqda informasiyaya da rast gəlməmişik. Heç bu şirkətin ittihamlara cavabını da eşitməmişik.
Fərmanda göstərilən, müxtəlif qurumlara verilən müddət bitəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə 3 ay yarım qabaq (1 sentyabr 2018-ci il) sorğu göndərib aşağıdakı suallara cavab istədim:
1.Şəhid və itkin ailələrinə veriləcək 11 min manatla bağlı sənədlərin toplanması və başqa işlər üçün nazirliklərə verilən vaxt bitib. Prezident fərmanında nəzərdə tutulan birdəfəlik ödəmələr həmin ailələrə nə vaxtdan verilməyə başlanacaq və bu proses necə aparılacaq? Hamıya eyni vaxtda veriləcək, yoxsa ödənişlər regionlar üzrə olacaq?
2.Yardım veriləcək şəhid və itkinlərin sayı nə qədərdir(hər biri ayrı-ayrılıqda)?
3.Ödənişlər, fərmanda nəzərdə tutulduğu kimi, hesablara köçürüləcək, yoxsa nağd şəkildə veriləcək?
4.Yardım alacaq ailələrdən sənədlərini hər hansı səbəbdən vaxtında təqdim etməyənlər varmı? Varsa, bunlarla bağlı qərar necə olacaq?
5.Yardımların alınmasıyla bağlı ailələrdə hər hansı mübahisəli məqam yaranıbmı? Yəni valideynlərlə şəhidin, itkinin həyat yoldaşı, ailə üzvləri arasında mübahisəli məqamlar varsa, onlar necə çözüləcək?
Cavab olmadığından eyni sualları nazirə, müavinlərinə və aparat rəhbərinə yolladım. Hələ də cavab yoxdur.
İl sona yaxınlaşır, birdəfəlik yardım veriləcək 9531 şəhid ailəsindən, yayılan xəbərə görə, indiyə kimi yalnız 2897 ailə ilə bağlı qərar çıxarılıb, yardım vərəsələrə ödənilir, 6634 şəhid ailəsi isə hələ də qərar gözləyir…
“Şəhidin haqqı yeyilməz”
Ölkənin müxtəlif regionlarından Bakıya gələn şəhid ailələrinin dövlət qurumları qarşısında aksiyaları da davam edir. Onların əsas şüarlarından biri “Şəhidlər ölməz – Vətən bölünməz”dir. Maraqlıdır ki, bu şüar həm də xeyli layihənin adıdır. Dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlar, başlıcası QHT Şurası və Azərbaycan Gənclər Fondu xüsusilə 2016-cı ilin aprelindən sonra, görünür, həm də göstərişlə bu layihələrə qrant verir.
QHT Şurası son 4 ildə şəhidləri, qəhrəmanları tanıtmaq, şəhid ailələrinin problemlərini həll etmək üçün, bir sözlə, Qarabağla bağlı çox sayda layihə maliyyələşdirib.
2015-ci ildə bu layihələrə ayrılan məbləğ 636 min 500 manat olub.
2016-cı ildə 820 min manat;
2017-ci ildə 706 min 600 manat;
2018-ci ildə isə 381 min 500 manat vəsait qrant şəklində verilib. Göründüyü kimi, QHT Şurası da rəsmi təbliğatın arxasınca gedib, bu istiqamətlərə daha çox vəsait 2016 və 2017-ci illərdə, bir qədər də 2018-də ayrılıb. Bu üç ildə ayrılan 1 milyon 908 min 100 manat təxminən 173 şəhid ailəsinə ayrılacaq vəsaitə bərabərdir.
Bundan başqa, 2012-ci ildə yaradılmış Azərbaycan Gənclər Fondu da eyni istiqamətlər üzrə layihələri maliyyələşdirir. 2016-cı ilin aprelində qalib elan olunmuş 156 təşkilatın, 737 fiziki şəxsin heç birinin layihəsində şəhid adı çəkilmir. Yalnız 2016-cı ilin sentyabrından bu fondun layihələrində şəhidlərin adı çəkilir. Lələtəpə təbliğatından sonra layihələrdə şəhidlər yada düşür. “Lələtəpə keçilməz”, “Apreldə doğan ümidlər”, “Şəhid hərbçilərin tanıdılması”, “Şəhid vətən üçün həmişə yaşar”, Şəhidlər ölməz – Vətən bölünməz”, “Aprel səlnaməsi”(eləcə səlnamə yazılıb), “Şəhidlər unudulmur”, “Vətən unutmayır qəhrəmanları”, “Şəhid ucalığı”, “Torpaq, uğrunda ölən varsa, Vətəndir” və bunlara oxşar başqa adla təqdim olunan layihələr, əsasən, 2017 və 2018-ci illərə düşür.
2017-ci ildə keçirilən X qrant müsabiqəsində Gənclər Fondundan şəhidlərin unudulmaması, gənclər arasında tanıdılması və başqa bu kimi layihələr üçün 158 min 800 manat qrant verilib.
2018-ci ildə Aprel təbliğatı nisbətən zəifləyib, bu isə özünü qrant ayrılmasında da göstərib – XI qrant müsabiqəsində şəhidlərlə bağlı layihələrə 83 min 200 manat verilib.
İki il üçün şəhidlər adına ayrılan qrant ümumilikdə 242 min manat edir, bu vəsaitlə də 22 şəhid ailəsinə çatacaq yardımı ödəmək mümkün idi.
Aksiya keçirən şəhid ailələrinin şüarlarından biri də “Şəhidlərin haqqı yeyilməz”dir. Göründüyü kimi, ötən illər ərzində təkcə sığorta pulunu yeməklə yetərlənməyiblər, üstündə bolluca su da içiblər…
Rövşən Hacıbəyli