«Onsuz da xəstə olan Cabbarı həbsxanada ölümünə döyüblər. Şəxsən həbsxananın rəisi Aftandil Ağayev özü onu döyüb. Sonra da 15 günlük karsa salıblar», – «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırzadə yanvarın 28-də ailə üzvləriylə telefonla danışarkən belə deyib.
İlahiyyatçının bəhs etdiyi Cabbar Cabbarov Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümünə səbəb olan əməliyyat zamanı T.Bağırzadə və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında saxlanan C.Cabbarovun səhhətində ciddi problemlərin olduğu bildirilir.
T.Bağırzadə ailə üzvləri bildirib ki, ilahiyyatçı onun özünə qarşı da təzyiqlər səngimədiyini söyləyib. Deyib ki, bir müddət öncə Penitensiar Xidmətin əməkdaşları gəlib onunla görüşüb, şikayətlərini dinləyiblər: «Dedi ki, ertəsi gün də üstünə əli qana batmış, məhbuslara zülm eləyən birini göndəriblər. Gəlib onu təxribata çəkməyə, qorxutmağa çalışır».
T.Bağırzadə ailəsi vasitəsilə yerli və beynəlxalq ictimaiyyətə də müraciət edib. «Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır» deyən ilahiyyatçı orada baş verənlərin diqqətdə saxlanmasını xahiş edib.
Penitensiar Xidmət isə Qobustan həbsxanasıyla bağlı şikayətləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, zaman keçdikcə, bu həbsxanada vəziyyət yaxşılığa doğru dəyişib. Orada saxlanma rejiminin digər müəssisələrdən fərqləndiyini deyən M.Sadıqov bildirib ki, o qaydalar qanunvericiliklə tənzimlənir: «Qanunun tələblərinə də həm həbsxananın əməkdaşları əməl etməlidir, həm də məhkumlar. Orada heç kimin heç kimlə işi yoxdur, sadəcə, qayda-qanuna əməl etmək tələb olunur. Onlar qanuna uyğun şəkildə telefonla danışır, yaxınlarıyla, vəkilləri ilə də görüşürlər. Heç kimə də işgəncə verilmir. Sadəcə, özlərinə imtiyaz yaratmaq istəyənlər olanda biz imkan vermirik».
Azadlıq Radiosu