Saleh Rüstəmov və AXCP funksionerlərinin məhkəməsində şahidlər ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov (o Rusiya vətəndaşıdır), onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, bu partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovun məhkəmə prosesi yanvarın 29-da şahid ifadələri ilə davam etdirılib.
Məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, ictrimaiyyətin nümayəndələri işitrak edib. Prosesi ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi və Rusiyanın Bakıdakı konsulunun müşaviri Vladimir Timoşenko da izləyib.
Bugünkü məhkəmə iclasında şahidlər Elçin Əsgərbəyli, Cavid Məsimli, Cavanşir Abuşov və Tural Mehdixanov ifadə verib.
Tural Mehdixanov ifadəsində 2016-cı ildən başlayaraq Rusiyadan göndərilən pulların Bakıda çatdırılması ilə məşğul olduğunu bildirib. O, 2016-çı ildə 4000 dollar, 2017-ci ildə 4000 dollar və 2017-ci ildə 175.500 dolar pulu Vidadi Rüstəmliyə çatdırdığını bildirib.
Bu zaman Vidadi Rüstəmli 175.500 dolların şəxsi məqsədləri üçün göndərildiyini və həmin pula ev aldığını deyib.
Vəkillərdən biri Tural Mehdixanovun istintaqla əməkdaşlıq etdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb. Bu zaman vəkil Bəhruz Bayramov Tural Mehdixanovdan istintaqa ilkin anlarda hansı qismdə cəlb olunduğunu sual edib.
Mehdixanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildiyini etiraf edib.
Vidadi Rüstəmli sual edib: “Təqsirləndirilən şəxs qismində cəlb edilən hansı səbəbdən şahid qismində dindirilir?”
Digər şahidlər isə Rusiyada kiçik bizneslə məşğul olur. Onlar bir neçə dəfə Rusiya Əmanət Bankındakı hesaba öz mobil telefonları vasitəsi ilə 1000- 3000 rubl məbləğində (20-66 manat ekvivalentində) yardım köçürdüyünü bildirib.
“Orucluq ayı idi, öz halal əmək haqqımdan siyasi məhbus ailələrinə kömək üçün 3000 rubl (təxminən 66 manat) pul köçürdüm”, şahid Cavid Məsimli deyib.
Digər şahid Cavanşir Abuşov beş dəfə hər dəfə 1000 rubl (22 manat) olmaqla yardım etdiyini deyib.
Məhkəmə iclasından sonra AXCP sədri Əli Kərimli bildirib ki, prosesin hər günü hakimiyyətin ifşası ilə nəticələnir.
“Bu şəxslərə çirkli pulların yuyulması ilə ittiham irəli sürülüb. Guya çirkli pulların bankdan kənar vasitələrlə daşınması baş verib. Amma əslində nə baş verib? Bu işlə məşğul olan adam, bu gün, məhkəmədə ifadə verdi ki, “mənim işim məhz budur. Mənə Rusiyadan deyirdilər ki, kimə isə pul çatdır, mən də aparıb ona nağd şəklində pul çatdırırdım”. Bu işlə məşğul olan adam şahid kimi ifadə verir, hansı ki, peşəkar olaraq neçə illərdir, Moskvadan Bakıya qeyri-qanuni pul köçürmələri edir. Görünür müvafiq orqanların razılığı ilə bunu edir. İndi də istintaqla, məhkəmə ilə əlaqədə olduğuna görə, pul köçürmələrini həyata keçirən bu adam azadlıqdadır. Amma ondan burada öz halal pulunu alan adamlar həbsdədir. ”
Saleh Rüstəmov və AXCP funksionerlərinin məhkəməsində şahidlər ifadə verib.Amerikanin Sesi
Publicerat av Sezqin Rustamov Tisdag 29 januari 2019
Məhkəmədə həmçinin məlum olub ki, həmin adamın xətti ilə Vidadi Rüstəmliyə ailəsi 175.500 dollar pul göndərib.
“Həmin pula Vidadi Rüstəmli Bakıda özünə ev alıb. Ortada fakt var. İndi həmin pulu götürüb Xalq Cəbhəsinin maliyyələşdirilməsi kimi saxta ittihama çeviriblər. Adam ev alıb, evində yaşayır. Amma həmin pulu rəsmiləşdirirlər ki, guya Xalq Cəbhəsinə kömək olunub,” o, qeyd edib.
Milli Şuranın sədri Cəmil Həsənli isə bildirib ki, əslində qanunsuz pul dövriyyəsi ilə məşğul olanlar həbsdə olmalıdır.
“Amma qanunsuz pul köçürmələri ilə məşğul olan Tural Mehdixanov şahid qismində, ondan 300-500 manat pul alanlar müttəhim qismində dindirlir. Bizə məlum olanlara görə, bu qanunsuz pul dövriyyəsi ilə hakimiyyətin ən yuxarı düzənində təmsil olunanlar məşğul olur və onların himayəti ilə bunlar baş verir. İfadə verən şəxs siyasi məhbuslara 22 manat yardım etdiyini deyir və buna çirkli pulların yuyulması adını qoyurlar”, Həsənli qeyd edib.
Məhkəmə yanvarın 30-da saat 15-də davam etdiriləcək.
amerikaninsesi.org