Gənc fəal Qiyas İbrahimov 2 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiq olduğunu bildirib. Bu barədə Turan-a onun anası Şura Əmiraslanova bildirib.
Onun sözlərinə görə, oğlu bu gün zəng edib və ona qarşı təxribat olduğunu bildirib.
Xüsusən, cəzaçəkmə müəssisəsinin rəis müavini Şakir Qəniyev səhər yoxlamasından sonra baraka gəlib və İbrahimovun şəxsi əşyalarına baxış keçirib.
Həyət yoxlamasından sonra barakda ümumi yoxlama aparılıb. “Çarpayısının səliqəsiz olması bəhanəsi ilə Qiyası və digər altı məhbusu 6 saat ayaq üstdə saxlayıblar. Bununla da administrasiya Qiyas və digər məhbuslar arasında narazılıq yaratmağa çalışıb. Sonra Qiyas cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarovun yanına aparılıb.
O, Qiyasa “sən professorluq edirsən” deyərək, ona töhmət verib”, deyə Əmiraslanova bildirib.
Bu gün isə, Əmiraslanovanın sözlərinə görə, oğlu evə zəng etmək üçün gəldikdə nəzarətçi deyib ki, onun ciblərini yoxlamalıdır, belə ki, o, “nələrsə yazır, sonra telefonla diktə edir”.
“Qiyas onu da deyib ki, qanunlara tamamilə riayət edir. Cibindən, yatağından, əşyalarının içindən hərhansı silah-sursat, narkotik çıxsa, bu, rəhbərliyin (cəzaçəkmə müəssisəsi) işi olacaq.
Hesab edirik ki, Qiyasa qarşı yeni təzyiq iki gün əvvəl onun Meydan.Tv-də dərc edilmiş məqaləsi ilə əlaqədar başlayıb”, deyə Əmiraslanova bildirib.
Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da gecə HeydərƏliyevin Bakıdakıabidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra saxlanılıb.
Bu zaman onlar qanunsuz narkotik dövriyyəsində ittiham olunublar və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onları “vicdan məhbusu” kimi tanıyıb.