Fevralın 5-də və 6-da Bakıda Avropa İttifaqı (Aİ) – Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik edib.
Alt-Komitənin iclası qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə məhsuldar danışıqların aparılmasına imkan yaradan açıq və konstruktiv zəmində baş tutub.
Məlumatda deyilir ki, iclasın birinci günü tərəflər arasında ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq; miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Növbəti gün isə insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
İclasın yekununda bundan öncəki görüşlərin nəticələrini və gələcək əməkdaşlıq proqnozlarını əks etdirən əməli nəticələr sənədi qəbul edilib.
İclasda Azərbaycanın 26 dövlət qurumundan nümayəndələr, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili işlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun nümayəndələri, eləcə də Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Aİ üzv ölkələrinin Bakıdakı diplomatik missiyalarının nümayəndələri iştirak edib.
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı»nda Aİ-nin altı qonşu ölkəsi əhatə edilib. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxil olub. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb.
Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.
Bununla yanaşı, Azərbaycanda Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri Avropa İttifaqı rəsmiləri tərəfindən dəfələrlə təniqdə məruz qalıb. Avropa Parlamenti isə sonuncu dəfə 2019-cu ilin yanvarın 17-də “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib.
Avropa Parlamenti Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılsına, hakimiyyəti yeni ittihamları aradan qaldırmağa çağırır və onun səhhətilə bağlı narahatlığını bildirir.
Sənəddə həmçinin Azərbaycan hökuməti özgəfikirliliyə son qoyulmasına, jurnalistlər, hüquq müdafəçiləri və digər fəallar: Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqov daxil olmaqla, bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırılır.
“- Həbs müddətində fiziki zorakılıq və işgəncələrə dair hüquq müdafiəçilərinin məlumatları ilə bağlı narahatlığını bildirir;
– Təkidlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin müstəqil qruplarının fəaliyyət imkanlarının təmin edilməsinə, onların fəaliyyətini məhdudlaşdıran qanunların ləğvinə çağırır. Bank hesablarının dondurulmasına, xarici maliyyələşdirmə ilə bağlı onlara imkan yaradılmasına çağırır;
– Məhkəmə hakimiyyətinin müstəqilliyinə zəmanət verməyə və vəkilləri müdafiə etməyə çağırır, siyasi məhbusları müdafiə etməmək üçün vəkillərin kənarlaşdırılmasını pisləyir;
– Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına riayət etməyə, Venesiya Komissiyasının, insan hüquqları komissarının tövsiyələrini, hüquq müdafiəçilərilə bağlı BMT prosedurlarını yerinə yetirməyə, assosiasiya, dinc toplaşma, fikrin ifadə olunması hüququnu təmin etməyə çağırır;
– Azərbaycanı qanunvericilikdə və praktikada mətbuat azadlığına hörmətlə yanaşmağa, beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığına zəmanət verməyə, hökumətin tənqidinə senzuraya son qoymağa, müstəqil KİV-ə, o cümlədən “Azadlıq” radiosuna çıxış imkanlarını bərpa etməyə çağırır;
– Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş demokratik islahatları, qanunun aliliyini, düzgün dövlət idarəçiliyini, insan hüquqlarına və əsas azadlıqlara hörmətlə yanaşılmasını əhatə etməlidir,” qətnamədə deyilir.
Amerikanın səsi