1979-cu ildə şahın devrilməsi ilə nəticələnən İran İslam İnqilabı, qadınların həyatı da daxil, ölkəyə böyük dəyişiklər gətirdi.
1930-cu ildə baş örtüyünü qadağan edən şah hicabları güclə yığışdırmağı əmr etdi.
1980-ci ildə icbari baş örtüyünü nəzərdə tutan geyim qaydalarına dair yeni hökumətin qərarı açıqlandı.
Şəkillər İranda ruhanilərin hakimiyyətə gəlməsindən əvvəl və ondan sonrakı dövrdə qadınların həyat tərzi və geyimlərini əks etdirir.
İnqilabdan əvvəl
1977-ci il: Tehran Universitetində təhsil
İnqilabdan əvvəl ali məktəbdə təhsil alan qadınların sayı az olmasa da, bu rəqəmin inqilab ardınca əhəmiyyətli şəkildə artması baş verdi.
Yeni hakimiyyət kənd bölgələrində yaşayan ailələri qızları evdən kənarda təhsil almağın faydasına inandıra bildi.
“Qadınların universitetə getməsinin qarşısını almağa cəhd etdilər, lakin bu, elə bir sərt reaksiya doğurdu ki, onlara yenidən təhsilə qayıtmağa izn vermək məcburiyyətində qaldılar”, – 1960-cı illərdə İranda yaşayan və hazırda York Universitetinin professoru işləyən Baronessa Haleh Afshar deyir.
“Təhsilli insanlardan bəziləri İranı tərk etdi. Hakimiyyət anladı ki, ölkəni idarə etmək üçün onlar həm qadın, həm də kişilərə təhsil verməlidirlər”.
1976-cı il. Tehranda “vitrin şoppinqi“
İnqilabdan əvvəl çox sayda qadın bədənə sıx oturan dar cins, qısa ətək və qolsuz bluzka kimi qərbsayağı paltar geyinərdi.
“Ayaqqabı dəyişmədi – ona həvəs hamımızda var! İranlı qadınlar dünyanın başqa yerlərində yaşayan qadınlardan fərqlənmir və alış-verişə getmək sadəcə olaraq gündəlik stressdən aralanmaq vasitəsidir”, – professor Afshar deyir.
1976-cı il. Tehranda cümə günü pikniki
Ailə və dostlar İranda həftəsonu sayılan cümə günü bir araya gəlməyə çalışır.
“Piknik İran mədəniyyətinin mühüm hissəsidir və orta sinif təbəqəsi arasında çox yayılıb.
Bu ənənə İnqilabdan sonra da dəyişməz qalır.
Fərq budur ki, hazırda bir yerdə olan qadın və kişilər daha ehtiyatlı davranır, bir-birilə ünsiyyətdə daha çox təmkin göstərirlər”, – professor Afshar deyir.
1977-ci il. Tehranda gözəllik salonu
“İranda belə bir mənzərəyə artıq rast gəlmək olmaz. Hərçənd, qadın gözəllik salonları İslam İnqilabından sonra da fəaliyyət göstərməkdə davam etdirir”, – professor Afshar deyir.
“Hazırkı dövrdə qadın salonlarında kişi görmək mümkün deyil – qadınlar isə bayıra çıxan kimi başlarını örtür. Bəzi insanlar öz evlərində kişi və qadınların bir araya gələ biləcək gizli salonlar da açır”.
1971-ci il. Mühafizəçilər şahı əhatəyə alır
İran monarxiyasının 2500-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə bir qadın şah Məhəmməd Rza Pəhləviyə yaxınlaşır.
Bu, qeyri-adi hadisə şah rejiminə qarşı dindar və solçu qüvvələrin tənqidini doğurdu.
“Bu vaxtadək şahı artıq o qədər də, sevmirdilər və bəziləri hesab edirdi ki, 8 il sonra İnqilaba aparan hadisələrə, bu israf və ifratçılıq görüntülərinin təsiri də ola bilərdi”, – professor Afshar izah edir.
1976-cı il. Tehranın qarlı küçəsində gəzinti
“Qadınların küçəyə çıxıb gəzməsini qadağan edə bilməzsən, lakin belə şeyi hazırda görmək mümkün deyil – onun sırğa və makiyajı açıq-aydın nəzərə çarpır”, – professor Afshar deyir.
“İranda ədəb-ərkan anlayışı var – belə ki, bu gün küçədəki qadının üzərində dizə çatan uzun palto və baş örtüyünü görmək olar”.
1979-cü il. Qadınların hicab əleyhinə nümayişi
Hakimiyyət başına gələndən bir qədər sonra İranın Ali Dini Rəhbəri baş örtüyünü icbari edən fərmanını təsdiqlədi.
Ayətullah Xomeyninin qərarı etiraza səbəb oldu və 8 Mart Beynəlxalq Qadınlar Günündə fərmana qarşı çıxan minlərlə qadın nümayişə qatıldı.
1979-cu il. Tehrandakı ABŞ səfirliyi qarşısında etiraz nümayişi
ABŞ diplomatik binasına daxil olan tələbələr missiyanın onlarla əməkdaşını girovluğa aldı.
Səfirlik binası isə etirazçıların əhatəsində qalırdı.
“Bu ərəfədə ABŞ-a qarşı kəskin nifrət zəminində birləşən müxtəlif insanları görmək adi hal idi”, – professor Afshar deyir.
Onun sözlərinə görə İrana təsir edib onun neftini nəzarət altına almağa cəhd edən ABŞ və Britaniyaya qarşı etimadsızlığın kökləri çox dərindir.
1980-ci il. Ailə cümə namazına yollanır
“Cümə namazları dissident damğasından yayınmaq istəyən, hakimiyyəti dəstəkləyən və dindarları bir araya gətirir. Bu, həmrəylik anıdır”, – professor Afshar deyir.
“Lakin bu, daha çox kişilərin məkanıdır. Qadınlar kişilərlə eyni otağa buraxılmır – onlar namaz üçün kişilərdən ayrı bir yerdə toplaşır”.
1986-cı il. Tehranda gəlinlik paltarı alarkən
“Sərgilənən gəlinlik paltarlarının hamısı qərbsayağıdır. Bu, bağlı qapılar arxasında baş verirsə, qadınlar istədiyini geyinməkdə sərbəstdir”, – professor Afshar deyir.
“Nikah mərasimi və qonaqlıqlar ayrı keçirilməlidir. Yəni yalnız qadın qonaqların olduğu yerdə nəyi geyindiyiniz heç bir əhəmiyyət kəsb etmir.
Lakin kişi və qadınların iştirakı ilə qarışıq qonaqlıqlar da keçirilməkdədir. Bunun üçün ya qapıya gözətçi qoyulur, ya da polis görməzdən gəlsin deyə ona pul ödənilir”.
2005-ci il. Tehranda seyr edərkən
Üzdən savayı bütün bədəni örtən geyim olan çadırı heç də hamı seçmir. Bir çox qadın baş örtüyü və ya uzun geyimə üstünlük verir.
“Məsələ budur ki, örtüyünü başından nə qədər geriyə çəkirsən? Qadınların müqaviməti özünəməxsus yolla ifadə edir və tez-tez örtüyü mümkün qədər arxaya çəkməyə cəhd edirlər”, – professor Afshar deyir.
2015-ci il. Xəzər dənizi sahilində çimərlik
İran qadınlarına ictimai yerlərdə çimməyə icazə verilmir.
“Kişi və qadınların bir yerdə üzməyi qadağan olunur.
Lakin onlar bu qadağadanı yan keçmək məqsədilə gəmilə sahildən uzaqlaşırlar ki, bərabər üzə bilsinlər”, – professor Afshar deyir.
2006-cı il. Hicaba dəstək nümayişi
İran İslam İnqilabdan 25 il keçmiş Tehranda toplaşan qadınlar icbari hicab qaydasının pozulması hallarına qarşı etiraz nümayişinə qatılır.
Onlar hesab edirlər ki, hakimiyyət qaydaya riayəti təmin edə bilməyib. Balaca qızın istisnası ilə hamı başdan topuğacan bədəni örtən çadradadır.
bbc.com