Rafiq Manaflı
Rusiyada Putin hökumətinin özünü dalanda hiss etməsi ilə bağlı bir yazı rast gəldi mənə. Azərbaycanla paralellər aparmamaq mümkün deyildi.
Azərbaycan hökuməti özünün, dövlətin və xalqın yolunu dalana 2003-cü ildə döndərib. İndi dalanın sonuna çatıblar. Bu gün dalana dirənmək hissi yalnız bu rejimdən əzab çəkənləri çuğlamayıb, bu hiss bu rejimin sadəcə məmurlarına deyil, hətta onun dayaq fiqurlarına da siyarət edib. Nə etmək, vəziyyəti necə düzəltmək lazım olduğunu heç cür kəsdirə bilməyən rejimin son 3-4 ildə bir ifratçılıqdan digərinə panikalı sıçrayışları da nizamını tam itirərək “Broun hərəkəti”nə çevrilib.
Kimsə özfəaliyyətlə məşğuldur, başqası daha çox oğurlamağa çalışır, üçüncüsü bütün mənəvi və hüquqi dəyərləri ayağı altına salıb tapdalayır. Söyməyə çağıran kim, döyməyə çağıran kim. Absurdluq bu idarəetmənin canına hopub. Biri, məsələn, sir-sifətindən “ağıl” tökülən baş nazir bir gün sərəncam verir: meşədə yarpağa belə əl vurmaq olmaz, “cızz” eliyər. Dərhal uz-gözündən “abır, ismət” tökülən bir deputatə yuyulmamış qaşıq olub düşür ortaya ki, “bəli, insanlarımız vəhşidirlər, böyürtkəni koldan adam kimi qoparmırlar”. Səhərisi gün simasından heç nə tökülməyən birisi də onların ağzına nəsə qoyub sərəncamı ləğv edir və həmin sərəncamın doğurduğu gülüşləri qəh-qəhəyə çevirir.
Və yaxud sifətindən qanun və ədalətdən başqa hər şey tökülən baş prokuror qorumalı olduğu qanunu birbaşa pozaraq siyasi bəyanatlar verir, müxalifət təşkilatlarının ünvanına kaloritli görünmək naminə ağlına və ağzına gələn, bir-birini inkar edən ittihamlarla hüquqi naşılığını nümayiş etdirir. Nə özü qanmır, nə də buna anladan yoxdur ki, sifarişlərini yerinə yetirdiklərinin bir çoxu ermənilərlə qan qohumluğu ilə bağlıdır.
Və bütün bu qüvvələrin fəaliyyətinin toplam vektorunun istiqaməti siyasi kollaps, idarəetmənin çöküşüdür. Rejim artıq o mərhələyə daxil olub ki, onun dağılması an məsələsidir. İlham Əliyev və onun komandasının alnında həkk olunmuş “Can verir!” diaqnozu dünyanın o başından oxunur.