“Artıq 11- ci gündür ki, Taleh Bağırzadə, 8- ci gündür ki, Abbas Hüseyn Qobustan Qapalı Həbsxanasında aclıq aksiyası keçirir. Bu şəxslər onlara və dostlarına qarşı göstərilən aşırı, ədalətsiz və qeyri- insani münasibətə etiraz edərək canlarına qəsd edir. Onlar həm də ölkədə hökm sürən ədalətsizliyə, hüquqsuzluğa, dərəbəyliyə etiraz edirlər”.
Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Facebook səhifəsində yazıb.
Hüquq müdafiəçisi bildirir ki, 11 gündür onlardan xəbər yoxdur.
Ailəsi ilə, yaxınları ilə, hətta vəkilləri ilə görüşünə imkan vermirlər. Sonra da ölkədə qanundan, ədalətdən və penitensiar sahədə olan şəffaflıqdan, hesabatlılıqdan danışırlar,” hüquq müdafiəçisi qeyd edir.
Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə bildirib ki, həyat yoldaşından bir həftədən çoxdur xəbərləri yoxdur.
“Taleh Bağırzadənin bu gün zəng etmək günüdür. Amma artıq vaxtından bir neçə saat keçib, hələ də evə zəng etməyib. Bilmirik, özü zəng etmir, yoxsa həbsxana rəhbərliyi imkan vermir. Ötən həftə vəkili ilə də görüşməyib,” o qeyd edib.
Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, fevralın 8-də Qobustan həbsxanasında Taleh Bağırzadə görüş üçün müraciət edib.
“Həbsxanada dedilər ki, Taleh Bağırzadə vəkillə görüşmək istəmir. Səbəbi barədə mənə məlumat vermədilər”, o qeyd edib.
Vəkilin sözlərinə görə, ötən həftə Ombudsman Aparatının nümayəndəsi həbsxanada Taleh Bağırzadə ilə görüşüb.
Ombudsman Aparatının yaydığı məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri fevralın 8-də Qobustan həbsxanasında məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə və digər obyektlərə xəbərdarlıqsız baxışlar keçirib.
“Saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müəssisənin bəzi rejim korpuslarının kameralarında saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə çoxsaylı məhkumlar təkbətək qəbul edilib,” Ombudsman Aparatının məlumatında deyilir.
Məlumata görə, saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub.
2015-ci ilin noyabrında Nardaran hadisələri nəticəsində həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Abbas Hüseyn, hərəkatın bəzi fəalları bu həbsxanada saxlanılır. Son vaxtlar onların bu həbsxanada işgəncələrə məruz qalmaları və aclıq aksiyası keçirmələri barədə bəyanatlarla çıxış edirlər. Hətta Taleh Bağırzadə özünə xəsarət yetirmək həddinə çatdırıldığı deyilir. Abbas Hüseynin ağır fiziki işgəncəyə məruz qalması barədə onun ailəsi məlumatlar yayıb.
Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi və qeyri-insani rəftarla bağlı məlumatları bir qayda olaraq təkzib edir. Penitensiar Xidmət həmçinin Taleh Bağırzadə və Abbas Hüseynin aclıq etməsi barədə məlumatları təkzib edir.
Amerikanın səsi