Fevralın 18-də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov facebook səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsini paylaşıb.Müxalifəti və daha çox müxalifət lideri kimi Əli Kərimlini hədəfə alan məqalədə deyilir ki, “Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya ASAN xidmət inqilabının təcrübəsini yayır.”Prezidentin köməkçisinin verdiyi mesajlar barədə siyasi şərhçi Nəsimi Məmmədli sualları cavablandırıb.
***
-Nəsimi bəy, Əli Həsənovun son məqaləsini yəqin oxumusunuz. Sizcə, bu məqalənin indiki durumda yazılmasında məqsəd nədir? Bu yazının indi yazılması nədən xəbər verir?
–
gündəmə aid olan mövzularda önəm verdiyim dövlət, hökumət və müxalifət nümayəndələrinin çıxışlarını və yazılarını mütəmadi izləyirəm. Əli Həsənovun da bu yazısını oxumuşam. Öncə qeyd edim ki, ölkədə siyasi proseslərin yüksəlməsi prosesi müşahidə ediləndə, habelə hökumətin atacağı hansısa qeyri-siyasi addımlarına öncədən təbliğati zəmin hazırlayarkən Ə.Həsənovun belə yazıları və müsahibələri olur. Bu, ilk dəfə deyil. Adətən hökumətin siyasəti ilə bağlı öncəlikləri, narahatlıqları, qayğıları və üstünlükləri rəsmi şəkildə o ifadə edir. Onun vasitəsi ilə hakimiyyətin real durumu və atacağı səsli-küylü addımlarla bağlı ip ucları əldə edirik. Eyni zamanda o, belə yazılarla həm ölkə ictimaiyyətinə həm də ölkə rəhbərliyinə fəaliyyətdə olduğunu, işini icra etdiyini göstərməyə çalışır. Hazırda cəmiyyətdə kifayət qədər sosial-psixoloji gərginlik var. Hakimiyyət daxilində də narahatlıqlar və ziddiyyətlər müşahidə olunur. Hakimiyyətin bir sıra məsələlərə yanaşmasında və qərarlarında yeni çalarlar üzə çıxır. Hakimiyyət yerli, regional və beynəlxalq şərtlərin dəyişməsini nəzərə alaraq ölkədaxili münasibətlər sistemini dəyişmək məcburiyyətindədir. Ancaq hakimiyyətin daxilində belə dəyişikliklərə hazır olmayan, ənənəvi konyukturanın dağılmasına müqavimət göstərən şəxslərin və qrupların mövcudluğu da istisna deyil. Bu yazıdan belə qənaətə gəlmək olar ki, Ə. Həsənov ölkədə iqtidar-müxalifət münasibətlərinin istiqamətini, məzmununu və necə davam etməsini diqtə etməyə iddialı əsas şəxslərdən biridir.
-Əli Həsənov həmin məqaləsində daha çox AXCP sədri Əli Kərimlini hədəf götürüb. Niyə məhz Əli Kərimli? Bu, Əli Kərimliyə müxalifət lideri kimi daha çox nifrət edildiyinin göstəricisidir, yoxsa, əksinə, müxalifət lideri kimi yalnız Əli Kərimlini işarə etdiklərinin?
-Tamamilə haqlısınız, yazı əsasən Əli Kərimlini hədəf götürüb. Doğrusu heç bu yanaşma da ilk deyil. Hakimiyyətin və ona yaxınlığı şübhə doğurmayan media-təbliğat orqanlarının əsas hədəfi uzun müddətdir Ə.Kərimlidir. Hakimiyyətin Ə.Kərimliyə real münasibəti istər pıçıltılı söhbətlərdə, istər qaranlıq dəhlizlərdə, istər işıqlı zallarda və səs-küylü tribunalarda birmənalıdır. Onun fəaliyyəti iqtidarı ən yüksək səviyyədə qıcıqlandırır, narahat edir və qəzəbləndirir. Məncə əsas səbəb Ə.Kərimlinin öz fəaliyyətində ardıcıllığı, cəmiyyətdə tərəfdarlarının çox olması, orta məmur təbəqəsinin ən çox ona rəğbət bəsləməsi, təşkilatçılığı və beynəlxalq dəstəyə malik olmasıdır. Həmçinin tənqidlərinin sərtliyi və konkret hədəfli olması da iqtidarın ona mənfi münasibətində rol oynayır. Təsadüfi deyil ki, bu gün onun rəhbərlik etdiyi partiyanın yuxarı orqanlarında təmsil olunan əksər şəxslər həbsdədir. İstər özü, istərsə də tərəfdarları ən ağır hüquqpozmalara məruz qalır. Adətən hökumətin bütün əfv və amnistiya aktlarında AXCP-yə qarşı açıq ögey münasibət diqqət çəkir. Hakimiyyətin xarakterini dəqiq bilən istənilən yetkin şəxs anlayır ki, müxalifət məsələsində imitasiya siyasəti çoxdan bitib. Odur ki əsas müxalifəti ilə bağlı hər kəsə açıq mesajlar verilir.
-Əli Həsənov deyir ki, Əli Kərimli Azərbaycanın Suriyaya çevrilməsini istəyir. Bu fikrə münasibətiniz necədir? Bu təhdiddir, təbliğatdır, yoxsa, kimlərisə nədənsə sığortalamaq istəyi? Yəni kiminsə günahlarını Əli Kərimlinin boynuna qoymaq istəyi?
-Əli Kərimlinin müsahibələrini, çıxışlarını, fəaliyyətini izləyən istənilən şəxs bilir ki, o, qanuni və dinc mübarizəyə ən sadiq qalan siyasətçilərdəndir. Nə özü belə çağırışlar edir, nə də rəhbərlik etdiyi partiyadan belə yanaşmalar olur. Odur ki administrasiya yetkilisinin nəyə əsaslanması aydın deyil. Ola bilər ki, hökumət onu və tərəfdarlarını belə bəyanatlarla çəkindirmək, tərəddüd yartmaq, ümumi fəallığı zəiflətmək məqsədi güdür. Habelə, hakimiyyətin Ə.Kərimli ilə bağlı hansısa növbəti qanunazidd planına təbliğati zəmin hazırlanması da mümkündür. Ona bu şəkildə xəbərdarlıq edildiyini də istisna etmək olmaz. Hakimiyyətə qarşı açıq şəkildə ixtişaşlara çağıran, təhqir, nifrət və hədələrlə ictimai müzakirələrə daxil olan şəxslərin özləri və yaxınları təqib olunmadğı halda, nədənsə Ə.Kərimlinin qanuna söykənən çıxışları və fəaliyyəti hökumətin ən sərt müdaxiləsi ilə üzləşir.
-Hakimiyyət- xalq arasında açılım söhbətinin getdiyi bir məqamda belə məqalələrin yazılması da birmənalı qarşılanmır. Bəziləri deyir ki, kimlərsə belə fikirlərlə xalqı qıcıqlandırmaq istəyir. Və yaxud xalqa hədəf göstərir. Siz nə düşünürsünüz?
-Hələ ölkədə heç bir ciddi açılımdan, islahatdan danışmağa dəyməz. Bunun əlamətləri görünmür. Ölkədə idarəetmənin xarakterindən qaynaqlanan hüquq böhranı, sosial-iqtisadi çətinliklər, mənəvi-psixoloji aşınma mövcuddur. Bu problemləri aradan qaldırmaq üçün iqtidar öncəki siyasətini köklü dəyişməlidir. Son günlər hakimiyyətin atdığı bəzi addımlar cəmiyyətdə müsbət qarşılanır. İqtidar-müxalifət və cəmiyyətiçi münasibətlərin normal məcrada getməsinə ümid yaranıb. Belə bir şəraitdə iqtidarın cəmiyyətə yönəlik çıxışları pozitiv mahiyyət daşıyarsa, bu, ümumi işə faydalı olar. Xüsusi ilə də nəzərə alsaq ki, indi cəmiyyətdə artan gərginlikdən ən çox iqtidar zərər çəkə bilər, deməli, onların yanaşması daha yumşaq olmalıdır. Təəssüf ki hələ də bunun əksi müşahidə olunur. Sanki hansısa səlahiyyət sahibləri gərginliyin davam etməsi üçün çalışır.
-Yazıda əks olunan fikirlər hakimiyyətdaxili qruplaşmalar arasındakı hansıa fikir ayrılıqlarının olduğundan xəbər verir yoxsa, əksinə?
-Hakimiyyət daxilində öncəki münasibətlər sistemi xeyli pozulub. Bu, təkcə qruplaşmalar arasındakı fikir ayrılıqları ilə bağlı deyil. Regionda gedən ziddiyyətli və mürəkkəb proseslər, xalqın güzəranının getdikcə ağırlaşması, narazılığın və etirazların artması, gəlirlərin azalması, hakimiyyətin gələcəyi ilə bağlı narahatlıqlar əsas rol oynayır. Hətta xarici və daxili siyasətlə bağlı qeyri-müəyyənliklər də diqqət çəkir. Amma bütün bunlaınr tezliklə hakimiyyət daxili irimiqyaslı böhrana səbəb olacağı hələlik gözlənilmir.
-Azərbaycanın siyasi səhnəsində baş verənlər, eyni zamanda manipulyasiyalar əhali arasında çaşqınlıqlar yaradır. İnsanlar kimin əsl müxalifət olduğunu ayırd etməkdə çətinlik çəkirlər. Bu çaşqınlıqlar necə bitə bilər? Bu çaşqınlıqları necə aradan qaldırmaq olar? Eyni zamanda İqtidar-müxalifət mübarizəsinin normal məcrada getməsi üçün nə etmək lazımdır?
-Ölkəmizin siyasi səhnəsində baş verən neqativlər anti-demokratik idarəetmədən və plüralizmin olmamasından qaynaqlanır. Cəmiyyətin siyasi səhnəsi uzun müddətdir açıq fəaliyyətə qapalıdır. Proseslərin qanuni və siyasi vasitələrə uyğun getməsinə süni əngəllər mövcuddur. Odur ki cəmiyyətdə siyasi təfəkkür xeyli zəifləyib.Ölkəmizdə demokratik seçkilər keçirilmədiyinə görə klassik mənada iqtidar və müxalifət anlayışından danışmaq çətindir. Bir qrup dövlətin resurslarını öz maraqlarına tabe etdirərək rejim yaradıb, digər qrup isə bu rejimə qarşı mübarizə aparır. Reallıq budur. Hakimiyyəti əldə saxlamağa çalışan qüvvə cəmiyyətin demokratikləşməsinə əngəl yaradır və demokratik seçkilərə imkan vermir. Bu qanuna və hüquqa zidd yanaşmaya etiraz edən digər qüvvə isə müxalifətlik edir. Nə qədər ki cəmiyyət özü dinc dəyişikliyə psixoloji səfərbər olmayıb, siyasi qurumlar bu çaşqınlığı aradan qaldıra bilməyəcək. Cəmiyyəti müxtəlif vasitələrlə dəyişikliyə hazırlamaq lazımdır. Cəmiyyətdəki bütün sosial subyektlər, institutlar, fərdlər öz üzərinə düşən məsuliyyəti dərk etməsə, ölkədə mənəvi, hüquqi, sosial, siyasi böhran dərinləşəcək. Azad seçki keçirməklə, hüquqların təminatına nail olmaqla müsbət dəyişikliklərdən danışmaq mümkündür.
ASTNA.biz