AXC hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəmə prosesi bu gün yekunlaşdı.
Məhkəmənin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrum edildi. Ruslan Nəsirli və Vidadı Rüstəmli isə hər biri 6 il 8 ay olmaqla şərti azadlıqdan məhrum edilidilər. Onlar Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilərək, 3 il sınaq müddəti şərtilə məhkəmə zalından azadlığa buraxıldı.
Saat 14.30-a təyin olunan proses vaxtından xeyli gec – saat 15.17-də vəkillərin çıxışı ilə başladı.
Vəkil İlhamə xanım müdafiə etdiyi şəxslə bağlı istintaqın qərəzli aparıldığını dedi. O, Saleh Rüstəmovun və onun qardaşı oğlu Vidadi Rüstəmlinin hər ikisinin 30 qram heroinlə tutulduğunu dedi. Onun sözlərinə görə, iki adamın eyni miqdarda heroinlə tutulması özü işin qurama olduğunu göstərir. Bundan başqa, ittiham aktında Saleh Rüstəmovun Şəmkir parkında saxlandığı yazılır, ancaq onun yanında olan şahidlər – qardaşı və qardaşı arvadı Şəmkir postunda saxlandıqlarını deyirlər. İstintaqın gedişində və məhkəmə prosesində bununla bağlı dəfələrlə vəsatətlər verilsə də, heç biri təmin olunmadı. Həmin vəsatətlərdə Şəmkir postundakı və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində olan kameraların yaddaş məlumatları istənilirdi ki, hakim də onun alınmasında, məhkəmədə göstərilməsində maraqlı olmadı. Vəkilin sözlərinə görə, siyasi məhbuslara yardım kampaniyasında iştirak etməkdə heç bir halda cinayət yoxdur: “İttiham olunanların heç birinin əməlində cinayət yolu ilə əldə edilmiş vəsaitdən söhbət belə gedə bilməz. Rusiyadan Azərbaycana illərdir bu üsullarla pullar göndərilir və bu, cinayət sayılmır. Rusiya vətəndaşını Azərbaycanda qanunsuz sahibkarlıqda ittiham etməksə gülüncdür. Saleh Rüstəmli Azərbaycanda sahibkarlıqla məşğul olmayıb, onun vergi orqanlarında qeydiyyatı yoxdur, belə olduğu halda hansı qanunsuz sahibkarlıqdan döhbət gedə bilər. Üstəlik, istintaqın ortaya çıxartdığı 412 min dollar da yalan oldu. Ortada 168 min rubldur ki, bu da 2 min 500 dollara yaxın məbləğdir”.
Vəkil Saleh Rüstəmovun Mütəşəkkil Cinayətkarlığa qqarşı Mübarizə İdarəsində 1 ay qanunsuz saxlanıldığına hakimin qiymət verməsini və buna məsul olanların barəsində xüsusi qərardad çıxarılmasını istədi.
O, bütün bunların Saleh Rüstəmovun heç bir cinayət törətmədiyinin sübutu olduğunu dedi, eyni zamanda onun vətən qarşısında xidmətlərinin nəzərə alınmasını xahiş edib ona bəraət verilməsini istədi.
Vəkil Bəhruz Bayramov da ittihamın saxta olduğunu faktlarla sadaladı. O, özüylə gətirdiyi sənədləri hakimə təqdim etdi. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı ittihamın absurd olduğunu deyən vəkil bildirdi ki, belə olsaydı, Rusiyada onun barəsində cinayət işi açılardı. “Saleh bəy imkanlı şəxs kimi təqdim olunur, ancaq onun imkanı olsaydı, banklardan kredit götürməzdi” deyən vəkil vətən uğrunda döyüşən şəxsin belə bir qondarma ittihamla məhkəmə qarşısına çıxarılmasını utancverici iş adlandırdı: “Uğurlu Başkənd əməliyyatı keçirən, böyük bir ərazini işğaldan qurtaran adam məhkəmə qarşısına çıxarılmamalıydı, əslində, ona Milli Qəhrəman adı verilməliydi. Vəkilin bu sözlərini zladakılar alqışlarla qarşıladı.
Vəkil Fariz Namazlı da Saleh Rüstəmovun həbsinin qurama olduğunun qısa zamanda ortaya çıxdığını dedi: “Narkotik ittihamı verilən şəxs birdən AXCP-ni maliyyələşdirməkdə suçlandı. Bunun ardınca AXCP-yə hücumlar başladı. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yaydı, sonra bir qrup cəbhəçiyə qanunsuz sahibkarlıq ittihamı irəli sürüldü. Vəkil bütün bunların saxta ittihamlar olduğunu deyib təqsirləndirilən şəxslərə bəraət verilməsini istədi.
Vəkil Cavad Cavadov da bu işdə qanunsuz sahibkarlıq olmadığını dedi:”İttiham olunanlar heç biri maddi maraq güdməyib, onlar verilən pulu alıb ünvanına çatdırıblar. Qanunsuz sahibkarlıqla bu işdə maraq güdənlər məşğul olub, onlar özləri də məhkəməyə ifadələrində bunu təsdiqlədilər və bu işlə maddi marağa görə məşğul olduqlarını dedilər. Bundan başqa, siyasi məhbuslara pul göndərənlərdən biri ifadəsində yazmışdı ki, Ramazan ayı idi, o pulu fitrə kimi vermişəm. Fitrə nə vaxtdan çirkli pul sayılır?”
Cavad Cavadov da təqsirləndirilən şəxslərə, o sıradan müdafiə etdiyi, himayəsində azyaşlı uşaqları olan Qarabağ qazisi Babək Həsənova da bəraət verilməsini hakimdən xahiş etdi.
Vidadi Rüstəmlinin vəkili Gülnarə xanım da işin saxta olduğunu diqqətə çatdırdı: “Əmi və qardaşoğlu eyni miqdarda – 30 qram heroinlə tutulur, ancaq sonradan bununla bağlı onlara heç bir sual verilmir, istintaq narkotikin hardan tapıldığı ilə maraqlanmır. Əvəzində qanunsuz sahibkarlıq, külli miqdarda pul ittihamı irəli sürülür. Ancaq təqsirləndirilən şəxslər xeyriyyəçiliklə məşğul olub. Xeyriyyəçilik nə vaxtdan cinayət sayılır? Biz hamımız onunla məşğul oluruq, kiməsə çatdırmaq üçün hər birimizə nəsə verilir, biz də sahibinə çatdırırıq. Burda heç bir cinayət yoxdur”.
Vəkillərin çıxışından sonra dövlət ittihamçısına söz verildi və o, ittihamı müdafiə etdiyini bir daha bildirdi.
Sonra təqsirləndirilən şəxslər son söz dedi. Onlar heç biri bu işdə özlərini təqsirli bilmədiklərini dedilər.
Müşavirədən qayıdan hakim Eldar İsmayılov hökmü oxudu.
azadliq.info