2018-ci ildə Gəncə şəhərində baş verən hadisələrə görə həbs edilənlərdən daha bir nəfər – Eşqin Quliyev vəfat edib. O, Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib. Bu barədə məhbusun yaxınları bildirib.
E.Quliyev ağırlaşmış Hepatit C xəstəliyindən əziyyət çəkirmiş. Sentyabrın 29-da əvvəlcə onun komaya düşdüyü və vəziyyətinin kritik olduğu, bundan bir neçə saat sonra isə öldüyü xəbəri yayıldı.
Sentyabrın 19-da Sabunçu Rayon Məhkəməsində Gəncə məhbuslarından daha bir qrupuna hökm oxunmuşdu. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə Eşqin Quliyev də 20 il azadlıqdan məhrum edilmişdi.
Gəncə hadisələrinə görə ümumilikdə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. 7 qrupa hökm oxunub.
Bu ilin iyul ayında da Gəncə məhbuslarından biri – Aydın Qurbanov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat etmişdi.