Təzəxan Mirələmli
Arxivimi arayanda bir şikayətçi xanımın təqdim etdiyi məktuba rast gəldim. Çoxdandır bu barədə yazmaq istəyirdim. Elə yerinə düşdü.
Deməli, məktub Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi ev 17, mənzil 22 ünvanda yaşayan Həsən Çingiz oğlu Sultanzadəyə ünvanlanıb. Fövqaladə Hallar Nazirliyinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş İdarəsinin rəisi Mehriban Səadətxanın imzası ilə olan 14.10.2014-cü il tarixli 22/22-26/05720 saylı məktubun məzmuna diqqət edək: “Sizin ananızın xəstəxanaya yerləşdirilməsinə kömək göstərilməsi barədə 18.09.2014-cü il tarixdə Fövqaladə Hallar Nazirliyinə daxil olmuş müraciətinizə müvafiq qaydada baxılmışdır.
Göstərilən məsələnin Nazirliyin səlahiyyətinə aid olmadığını nəzərinizə çatdırır və digər aidiyyatı orqanalra müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik”.
Hər kəsin ağlına gələn ilk fikir ondan ibarət olur ki, vətəndaş Həsən Sultanzadənin anası ağır xəstədir və o kömək üçün Fövqaladə Hallar Nazirliyinə müraciət edib. Axı bir vaxtlar Kəmaləddin Heydərovun xeyirxah imici yaradılmışdı.
Məlum olanda ki, Həsən Sultanzadə sadə bir vətəndaş deyil, ali təhsilli hüquqşünasdır, özü də Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqidir (həmin dövrdə) o zaman ağlınıza nə gələr? Niyə görə Həsən müəllim öz rəisi Aydın Əliyevə (müraciət olunan zaman Gömrük şefi Aydın Əliyev idi) deyil, keçmiş sədrindən kömək istəyib? Adamın fikrinə ilk gələn o olur ki, Kəmaləddin Heydərov Aydın Əliyevin sədr olduğu zamanlarda da Gömrük Komitəsinə nəzarət edib. Bu ayrı məsələnin mövzusu. Gəlin görək Həsən Sultanzadənin anasının aqibəti necə olub? Kəmaləddin müəllimin nazirliyi Həsən müəllimə yox deyəndən sonra nələr baş verib?
Bəs Həsən Sultanzadənin anası kimdir? Doğrudan da o xəstədirmi? Demək bu məktubu mənə təqdim edən elə həmin ana Alya Təmrazovadır. Ananın adını axtarışa versək onda xeyli məlumat çıxacaq. Məlum olacaq ki, Sultanzadə anası Alya Təmrazova ilə 2010-cu ildən mülk davası aparıb. Anasından “canını qurtarmaq” üçün hələ 2012-ci ildə onu psixiatriya xəstəxanasına yerləşdirmək istəyib. Qısa müddətə bu işə nail də olub. Həsən Sultanzadə prokurorluq orqanlarındakı əlaqələri ilə bu işi həyata keçirməyə müvəffəq olub. Lakin psixiatriya xəstəxanasında Alya Təmrazovanın heç bir xəstəliyinin olmadığını bildirərək orda saxlamayıblar.
Həsən Sultanzadənin 2014-cü ildə Fövqaladə Hallar Nazirliyinə müraciəti anasını yenidən psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün olub. Nazirliyin cavab məktububdakı aidiyyatı orqanalra müraciət tövsiyyəsindən də yararlanıb. Öz doğma anasını ikinci dəfə küçədən oğurlatdıraraq “dəlixanaya” yerləşdirmək istəyib.
Bu barədə Alya Təmrazovanın müraciət etmədiyi orqan qalmayıb. Dəfələrlə Baş Prokuror Zakir Qaralovin , onun müavinlərinin qəbulunda olub. Onlarla məhkəmə prosesi keçirib. Məruz qaldığı təqiblərlə bağlı şikayətləri təmin olunmayıb.
Və nəhayət, yəqin fikirləşərsiniz ki, bu işlərə görə heç bir orqan Həsən Sultanzadə kimi övladı vəzifədə saxlamaz. Amma yenə yanılırsınız. Həsən Sultanzadə hazırda Gömrük Komitəsinin İstintaq İdarəsinin rəis müavinidir. Yəni vəzifəsi artırılıb. Amma onu bilmirik ki, Həsən Sultanzadə Gömrük Kömitəsinin şefi kimi indi kimi tanıyır; Kəmaləddin Heydərovu, Aydın Əliyev yoxsa Səfər Mehdiyevi?