Pulla alınan, pula satılan mandat
Parlamentdə oturan deputatların rüsvayçı macəraları bitmək bilmir. Spiker Oqtay Əsədov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, AŞPA nümayəndə heyətinin üzvü Çingiz Qənizadə gündəmdən düşməmiş, sıraya Rafael Cəbrayılov da daxil oldu. Media bütün günü Rafael Cəbrayılovun 300 min dollar borc qarşılığında öz deputat vəsiqəsini girov qoymasından yazır. Doğrudan da, bu parlamentin bizi dünyaya rəzil etməkdə misli-bərabəri yox. Ölmədik, mandatı borc qarşılığında girov qoyan deputat da gördük. Bu lap həyasızlığın kulminasiya nöqtəsi oldu! Amma təəccüblənməyə dəyməz. Adam ilk dəfə bu mandata nə az, nə çox 3 milyon manat pul sayıb. Vaxtı ilə Gülər Əhmədova ona mandat “təşkil etdiyini” diliylə demişdi. Mətbuat da yazmışdı ki, birinci deputatlığı R. Cəbrayılova 3 milyona başa gəlib. Keçən dəfə də yazdığımız kimi, bu həmin Rafael Cəbrayılovdur ki, parlamentdə sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq məqsədilə ən mürtəce təklif irəli sürüb. Bu xidməti müqabilində də hakimiyyət “Nikoil” bankla olan məhkəmə çəkişməsini onun xeyrinə həll edib. İndi adamın işi xarabdır. Elə xarabdır ki, sevimli parlamenti də onun istefası üçün zəmin hazırlayır. Siyavuş Novruzov belə bu məsələyə İntizam Komissiyasında baxılması təklifini səsləndirib. Parlamentin sədri Oqtay Əsədov da İK-yə müraciət edib. Faktlar təsdiqləndiyi halda, parlamentin qərarı ilə onun mandatı ləğv olunacaq.
Hamınız çirkab içində deyilsinizmi?
Vayy, nə etibarsız adamlarmış bunlar! Üç milyon pul alıblar, dostluqlarına, etibarlarına bax! Əlbəttə, Rafaelin nə yuvanın quşu olduğu hamıya bəlli. Amma siz ondan yaxşı yuvanın quşumusunuz məgər? Bu hay-küyü spiker Oqtay Əsədovun arvadının Moskvadakı striptiz-barı, prokuror kürəkəninin Londonda 1 milyon funtluq mülkü, qızının Türkiyədə quşxana biznesi üzə çıxanda niyə qaldırmırdınız? Yaxud neft oliqarxı Rövnəq Abdullayevin oğlu ölkənin adını dünyaya rəzil edəndə niyə susurdunuz? 25 yaşlı Rəşad Abdullayevin İbiza çimərliyində oğurlatdığı 2 milyonluq saatı hansı pullarla aldığını niyə sorğulamadınız bircə dəfə? Niyə bircə dəfə parlamentdə məsələ qaldırmadınız ki, bu Rəşad hansı böyük qabiliyyət sahibi olub ki, 17 yaşından SOCAR-da iş başına keçib? Gənc adamın eyş-işrətə, bahalı aksessuarlara, yaxtalara, səyahətlərə xərclədiyi pullar hardan gəlib? Qol saatlarına xərclədiyi 25 milyon babasındanmı qalıb? Guya hansı deputatın dosyesini qaldırsanız, altından çirkli işlər çıxmayacaq ortaya? Ümumiyyətlə, kim kimdən yaxşıdır guya o parlamentdə? İllərdir bir tavanın altında toplanıb yuxarıdan gələn mürtəce əmrlərə birlikdə “hə” demədinizmi? Xalqın əleyhinə olan qərarları səs-səsə verib birlikdə parlamentdən keçirmədinizmi? Birlik olub, öz işinizə gələn məsələləri bərabər hüquqi qüvvəyə mindirmədinizmi? Guya o parlamentdə mandata zireh və toxunulmazlıq təminatı kimi baxan təkcə Rafael Cəbrayılovmudur? Hamınıza o təminat bəlli öhdəliklərin müqabilində verilməyibmi?
Çarmıxa çəkilən ədalətin mühakiməsi
Ölkədə narazılıq görünməmiş həddə çatıb. Bunu artıq hər kəs, parlament üzvləri də yaxşı anlayır. Dünənə kimi Oqtay Əsədovla, Rövnəq Abdullayevlə bağlı baş verənlərə göz yumanların Cəbrayılova hücumu artan narazılıq dalğasını yumşaltmağamı yönəlib? Əvvəlki illərdə onun mandatı 3 milyona alması haqqında dəfələrlə yazıldığı halda, deputatların səsi indi niyə çıxır? Məsələ aydındır. Durumun kritik olduğunu anlamayan yox. Bu parlament bütünlükdə çirkab içindədir və xalq onlardan xilas olmağın yollarını axtarır. İlk fürsətdə on minlərin küçələrə axışıb, onları yola salacağı gün kimi aydındır. Bu parlament tarixə ədalətin çarmıxa çəkildiyi dövrün parlamenti kimi düşəcək. Onun təmsilçiləri üçünsə çarmıxa çəkdikləri ədalətin mühakiməsi olacaq!