Oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə ötən ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmiş keçmiş deputat Hüseyn Abdullayevə 6 il həbs hökmü çıxarıb. Məhkəmə sabiq deputatın 70 yaşlı anası Zeynəb Abdullayevanı da cəzalandırıb.
Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.
Zeynəb Abdullayevanın ölkədən qanunsuz çıxmasına yardım etməkdə ittiham olunan keçmiş sərhədçilər – Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov və Xalid Əliyevə şərti cəza verilib. Onlar öncə həbs olunub, bir ilə yaxın təcridxanada saxlansalar da, məhkəmə başlayanda ev dustaqlığına buraxılmışdılar.
Digər təqsirləndirilən şəxslərdən Abdullayevlər ailəsinə məxsus “Araz-İnşaat” Açıq Səhmdar Cəmiyyətində işləmiş Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib.
Abdullayevlərin qohumu İntiqam Soltanov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.
Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.
İttihama görə Abdullayev barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.
2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan “Araz-İnşaat” ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.
Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. Hüseyn Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.
Hüseyn Abdullayev məhkəmədə ِözünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.
amerikaninsesi.org