
Yaxud Əliyevin İtaliya bədxərcliyi
YAP hakimiyyətinin xarici siyasəti “bizi tərifləyin” tələbi üzərində qurulub. Amma “bizi” deyəndə dövləti deyil, hakim ailəni nəzərdə tuturlar. Məhz bu məqsədlı yüz milyonlarla dollar xərclənib. Müxtəlif ölkələrdən tapdıqları sorğu şirkətləri, lobbiçiliklə məşğul olan ekspert qrupları yalnız yalançı inkişafdan dəm vurmaq, Azərbaycandakı olmayan islahatlardan danışmaq üçündür. Bu günə qədər heç bir lobbi təşkilatına, heç bir Avropalı siyasətçiyə Qarabağ məsələsinə görə pul təklif edilməyib. YAP hakimiyyəti üçün dövlət pul qazanmaq üçün vasitə hesab olunub.
Diqqət etsək görərik ki, Heydər Əliyev Fondunun xeyriyyə tədbirləri həyata keçirdiyi ölkələrin hamısı erməni təəssübkeşliyi sərgiləyir. Məsələn, Vatikanda, Serbiyada, Fransada xarabalıqların abadlaşdırılmasına yüz milyonlar xərclədilər. Amma bu ölkələr qondarma erməni soyqırımın tanıdı. Yaxud, Rusiyanın müxtəlif vilayətlərində bağçalar, məktəblər tikdirdilər. Hansı ki, Rusiya Ermənistana atalıq edir və işğalda birbaşa barmağı var. Bu gün də işğala son qoyulmamasının əsas səbəbi Rusiya amilidir.
Demək istəyirik ki, Əliyevlər heç vaxt dövləti irəli aparmaq üçün pul xərcləmək istəməyiblər. Həmişə xalqı sosial fəlakət burulğanında saxlayıb, yadlara sərvət bağışlayıblar. Yeri gəlmişkən, SOCAR-ın hansı ölkədə əlaqələri varsa, həmin ölkədə mütləq hakim ailənin şirkətləri, bahalı villaları üzə çıxır. Şəxsi biznes imperiyalarını qururlar və xalqa “bütün dünyayla siyasi-iqtisadi əlaqələrimiz var” təsəllisi verirlər.
Son olaraq isə İlham Əliyev İtaliyaya səfər etdi. Səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346″ təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.
Əslində bu təyyarələri almaqda məqsəd ordunu gücləndirmək deyil. Məqsəd bu olsaydı, Ermənistan 12 hərbi təyyarəyə 300 milyon dollar xərclədiyi vaxtda, İlham Əliyev 349 milyon dollara mülki təyyarə almazdı. Yaxud, Rusiyaya milyonlar verib, əvəzində yararsız silahlar almazdılar. Ümumiyyətlə, Qarabağ düşünən, ordu qədri bilən hökumət bu sahəni korrupsiya yuvasına çevirməz, qazilərə zülm etməz, şəhid ailələrin dilənçi vəziyyətdə saxlamazdı.
Sadəcə olaraq, hakimiyyət beynəlxalq aləmdə gözdən düşüb, son parlament seçkilərində dünya rejimin mahiyyətini bir daha çılpaq şəkildə gördü. Bütün bunlar isə Mehriban Əliyevanı başa çıxartmaq istəyənlər üçün arzuolunan deyil. Oma görə də mümkün olan hər yerdən “afərin” almaq istəyirlər. İtaliyadan təyyarə almaqda məqsəd də, bu ölkədən tərif yağışı təmin etmək və bu tərifləri daxili auditoriyaya səpməkdi.
Beləliklə, İtaliya jestinin əsas səbəbi də şəxsi mənafe ilə bağlıdır. İstənilən bədxərcliyə hazırdırlar, yetər ki, əl uzada biləcəkləri ünvan olsun. Ən əsas məqam bundan ibarətdir ki, xalqın sevgisini qazanmaq üçün heç bir addım atmırlar. Milyardları xərcləyirlər ki, yadların “malades”in əldə etsinlər. Xalqa isə qəpik-quruş paylayıb, polis dəyənəyi ilə qorxuda saxlayırlar. İtalyanların xoşuna gəlmək, xalqı razı salmaqdan daha önəmlidir.