
Hikmət Nikbin
Ailə hakimiyyəti parlamentdə müxalifət partiyalarının da təmsil olunması görüntüsünü sərgiləməyə çalışır.
Bu qədər ağ yalan olmaz!
Sadəcə, bu partiyalar YAP-dan adlarına görə fərqlənməkdədirlər.
Axı, bu partiyalar bir ailənin idarəçilikdə əbədi hakimiyyətini qəbul edən partiyalardır.
Bu partiyalar Monarxın yanındadırlarsa, Monarxiyanın yanındadırlarsa, daha bunların harası müxalifət oldu?
Bu partiyaların ən doğru seçimi müxalifət olmadıqlarını etiraf etməkdən keçir.
Qanunları işləməyən cəmiyyətdə iqtidarlıq da, müxalifətçilik də, iqtidaryönümlülük də faciəvilikdir.
Çünki, qanunları işləməyən dövlətdə HAMI özünü təhdid altında hiss edir. Əgər parlamentdə adı çəkilən bu partiyalar müxalifətdədirlərsə, buyursunlar, Qanunverici hakimiyyətin tribunasından idarəçiliyin bir ailəyə məxsusluğu məsələsini qaldırsınlar.
Təkamül yolu tutmayan, Azərbaycan Respublikasını iqtisadi inkişafdan saxlayan idarəçiliyin cəmiyyət üçün arzuolunmazlığından danışsınlar.
Azərbaycan Respublikasının keçən əsrdə qalmasından danışsınlar.
Prezident deyir ki, nə sözümüz varsa ölkə daxilindən qırağa çıxarmayaq, ölkə daxilində həll edək.
Hələ də ailə hakimiyyəti bir həqiqəti başa düşə bilmir ki, onların söz-söhbətini ölkədən əyri yollarla çıxartdıqları pullar danışır.
Onların söz-söhbətini xarici ölkələrdə milyonlarla manata aldıqları evlər danışır.
Başa düşə bilmirlər ki, səfirliklərin məşğul olduqları biznes xarici ölkələrdə “isgəndərin buynuzu var” havasını oynayır.
Əgər, bu partiyalar doğrudan da Xalqın tərəfindədirlərsə, parlamentdə aşağıdakı problemi də qaldırsınlar.
Axı, hansı əsaslarla, neçə çağırışın deputatı olan,1-ci vitse prezident vəzifəsini daşıyan məmur xeyriyyəçiliklə məşğul olur?
Məmur hara, xeyriyyəçilik hara?
Əgər müxalifətsinizsə, Parlamentdə məsələ qaldırın ki, bu hansı məntiqə uyğundur?
Azərbaycan Respublikasının kağız üzərindəki qanunlarına baş vurun! Görün, məmur xeyriyyəçiliklə məşğul ola bilər? Təbii ki, yox!
Bəs, məşğulluğun səbəbi?
Çünki, bunlar Azərbaycan Respublikasına dövlət kimi yox, özlərinin şəxsi müəssisələri kimi baxırlar.
Qohum-əqrəba hakimiyyəti nə qədər bəsit və primitivdir ki, parlament “seçki”sində demokratiyanın formal olaraq görüntüsünü də yarada bilmədilər.
Təsəvvür edin, YAP-70 yer, YAP-dan yalnız adına görə fərqlənən partiyalar 1 yer, 3 yer, bitərəflər də 42 yer.
Yəni YAP-dan sonra ikinci yerdə bitərəflər gəlir. Sonrakı yerləri də partiyalar tutur.
Zalım uşaqları bu “seçki” oyunuyla dünyanı da bu cürə heyrətləndirmək olardı?
Bu qədər də barıt qoymaq olardı?