![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2018/04/secki.jpg)
Uzun zamandır “yeni mübarizə metodları” haqqında mübahisələr səngimirdi. Hakimiyyətin qəsdən ortaya atdığı bu tezis bir qrup tərəfindən səmimi olaraq, başqa qruplar tərəfindən isə məqsədli şəkildə yayılırdı. Əlbəttə, bu geniş mənada protest elektorata təsir etmirdi. Amma diqqətə dəyəcək qədər mühüm kəsimi də rahat buraxmırdı.
Hakimiyyət bunu niyə edirdi?
İqtidar texnoloqları yeni dövrdə, 2005-ci ildən başlayaraq, Qərbdə təhsil alıb, Qərb həyat tərzini və ictimai şüurunu tanımaq imkanı olan gənclərin əksəriyyətinin ölkəyə qayıdanda hakimiyyətin yanında olmayacağını bilirdi. Ona görə özlərinə yaxın bir sıra bu tip adamlar vasitəsiylə belə bir tezisi ortaya atdılar ki, müxalifət çox köhnəlib, savadsızdırlar, illərdir eyni şüarları və ittihamları təkrarlayırlar. Amma biz savadlıyıq, yenilikçiyik, müasir təhsilimiz var, yeni mübarizə metodları mənimsəmişik, onlarla birgə addımlaya bilmərik. Yaxşısı budur, hakimiyyəti yola salarkən onları da yola salaq. Təbii ki, sıralamanı da hakimiyyət ötürmüşdü. Əvvəlcə, müxalifəti sıradan çıxarıb, müxalifət olmalısan ki, sonra hakimiyyəti dəyişib, iqtidar olasan. Nəticədə, hökuməti bəyənməyən bir qrup həm də müxaifətə cəbhə açdı. Bunların içərisində səmimi olanlar zaman keçdikcə bunun bir parçalama siyasəti olduğunu anladılar və təcrübə onları müxalifətlə yaxınlaşmağa, hətta seçkiyə münasibətdə fərqli mövqeyə baxmayaraq, konfiliktsiz əməkdaşlığa yönəltdi. Məqsədli qanad isə “müxalifəti arxivə göndərmək” şüarını daha ucadan səsləndirməyə başladı. bununla da bu qrup içindəki səmimilər və qəsdçilər rahat ayırd edildi.
Hakimiyyətin 9 fevral seçkilərini əvvəlkilərdən daha biabırçı səviyyəyə salması və bunun müqabilində ortada heç bir yeni mübarizə metodlarının görünməməsi (əksinə, olan etirazların da klassik küçə toplantıları olması- bunu müxalifətə loyal olan müstəqil namizədlər edirdilər) göstərdi ki, əslində hökumət bu tezislə xalqı və daha çox yenilikçi gəncləri ən ciddi mübarizə metodundan aktiv dinc etirazdan, küçə etirazlarından yayındırmaq istəyir. Bütün müasir dünyada seçilən ən sivil və qanuni etiraz yolu ictimai legitimlik qazanmış, dinc küçə tədbirləridir ki, ağlı kəsən və iradəsi çatan hər kəs bunu etiraf etdi.
Həm də o bəlli oldu ki, bir çoxları bu cür tədbirləri nəinki sevmirlər, heç bacarmırlar da, ancaq bir sıra müstəqil, ilk dəfə siyasətə atılan gənclər göstərdilər ki, söhbət qətiyyən təcrübədən getmir, iradəli və qətiyyətli olanlar ciddi müqavimət göstərə bilrilər. Yəni səmimi qüvvələr hamılıqla böyük proses ətrafında təmərküzləşməlidir. Bu işdə məqsədi aydın olan bir intellektual, nə istədiyini bilməyən bir partiyadan çox faydalı və gərəklidir.
Nəhayət, özünü orta təbəqə və mötədil sayan şəxslər, qrumlar, qruplar bilməlidirlər ki, Azərbaycanda hələ iqtisadi, siyasi azadlıqlar olmadığı üçün sinifləşmə prosesi yoxdur. İndi mübarizə gedir. Bu proses bitəndən sonra biz Azərbaycanı hamı ilə birlikdə, yenidən inşa edəcəyik, islahatları birgə aparacağıq. Mübarizəyə aktiv qoşula bilmirsinizsə, korrupsiyadan uzaq olun, öz üzərinizdə işləyin və arxayın olun, biz ölkəmizi insanımızın ağlı ilə yeniləyib, idarə edəcəyik!
Seymur Həzi