İlham Əliyev bütün çıxışlarında atasının yolunu davam etdirdiyini, bu yoldan bəhrələndiyini bildirir. İsrar edir ki, Heydər Əliyevin müdrik siyasətini davam etdirir. Əlbəttə, bu fikirlərdə həqiqət payı da var. Ölkədə avtoritarizm daha geniş vüsət alıb, korrupsiya daha da pöhrələnib, siyasi rəqiblərə qarşı qeyri-adekvat mübarizə üsulları daha da idbar formada təzahür edib. Bu çətin koronavirus pandemiyası dövründə Əliyevin nazirləri xalqla məzələnib heç yardım etmək istəmirlər. Bütün bunların təməli Heydər Əliyevin dövründə qoyulub və bu “yol”a xəyanət edilməyib. Amma yenə də Əliyevlər öz məqsədlərinə çata bilməyiblər. Deyirlər ki, Mehriban Əliyevə 190 manat yardım məsələsini şəxsən özü bu qədər çətinləşdirib.
Hər dəfə müşahidə edəndə görürük ki, Heydər Əliyevin taxt-tacında Əliyevlər yox, Paşayevlər məskən salıb. Görürük ki, Heydər Əliyevə podnosda çay gətirən gəlini, indi “podnos”da prezidentlik kürsüsünə aparılır, pandemiya ilə guya mübarizə aparır. İllərlə yanında gəzdirdiyi oğlu isə lent kəsməklə, xizək sürməklə, hazır mətnləri oxumaqla günün keçirir. İndi Əliyevlərin bütün qohumları təəccüb və təəssüf hiss içindədilər. Narahatdırlar ki, sağ bacısına sahib çıxa bilməyən oğul, ölmüş atasına necə sahib çıxacaq. Əliyevlər ailəsinin ən çox narahat edən budur ki, Heydər Əliyevə alternativ kimi hansısa əjdaha siyasətçini deyil, Mehriban Əliyevanı üzə çıxarıblar. İndi onun min bir hiyləylə qurduğu xanədana siyasətdən bixəbər qadın iddialıdır. Əliyevlər ailəsini narahat edən başqa məsələlər də var. Onlayır anlayır ki, Paşayevlərin mütləq idarəçiliyində “Gül bayramı”, “Qurtuluş günü”, “Qayıdış günü” yada düşməyəcək. Hər il Fəxri xiyabanda əyilən adamlar çoxluğu müşahidə olunmayacaq. Əlamətdar günlərdə televizorun küncündə “ulu öndər”in şəkli həkk olunmayacaq.
Mircəlal Paşayevin, Əziz Əliyevin, Aida İmanquliyevanın dövrü başlayacaq. Əgər Heydər Əliyev sağ olsaydı, “ay oğul, bu nə həngamədi? Məni yoxa çıxarırlar, gəlinin portretləri mənimlə “duet” edirlər deyərdi. Mən sənə belə öyrətməmişdim” deyərdi. Köhnələr gedəndən sonra Əliyevlər ailəsi bir az da narahat olub. Həqiqətən də, Heydər Əliyev olmasaydı, İlham Əliyevin bu ölkədə deputat olmaq ehtimalı da sıfıra bərabər idi. O, zərərli hobbiləriylə çox uzağa gedə bilməyəcəkdi və məşəqqətli tale yaşayacaqdı. Bəlkə də, Xoşqədəmin axtardığı adamlardan biri olacaqdı. Atası onu xəyal edə bilməyəcəyi zirvəyə qaldırdı. İlham isə onu bu zirvəyə qaldıran adamı “arvad diviziyası”na qurban verdi. Amma özü yıxılan ağlamaz. “Uzaqgörən siyasətçi” bilməliydi ki, dərin qazdığı quyu bir gün onun da qəniminə çevriləcək. İstənilən halda, KQB-nin generalını Paşaların serjantına qurban vermək nankorluqdu…