“Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrin köməkçisi Faiq Əmirli saxlanılıb.
Bu barədə onun ailəsi məlumat verib. Məlunata görə, bir neçə mülki geyimli şəxs Əmirlini yaşadığı evin yanında maşına otuzduraraq naməlum istiqamətə aparıb. “Bir neçə maşınla gəlmişdilər. Faiqin qollarını buraraq maşınlardan birinə otuzdurub apardılar”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından Turana bildirilib ki, Əmirlinin saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə Turana bildirdi ki, Faiq Əmirlinin saxlanması ilə bağlı heç bir məlumatı yoxdur.
Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli deyib ki, Səbail Rayon Polis İdarəsindən ona bildiriblər ki, əri karantin qaydaların pozmaqda günahlandırılır. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tətbiq edilməklə Səabil rayon Məhkəməsinə göndərilib. Həmin maddənin sanksiyasında deyilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.