İctimai fəal Bəxtiyar Hacıyev müsahibəsində işsiz əhaliyə veriləcək birdəfəlik müavinətlə bağlı danışıb.
– Hökümətin işsiz insanlara birdəfəlik ödəmələrinin şərtləri nə qədər ədalətlidir?
– Birincisi düşünürəm ki, işsizliyə görə əhaliyə verilən birdəfəlik müavinət üçün qeydiyyat prosesi həddindən artıq çətindir. Hətta uzun illər internetdən istifadə edən və informasiya texnologiyaları vərdişləri olan insanların özləri belə, qeydiyyat prosesini tamamlamağa çətinlik çəkirlər. İkincisi, mən düşünürəm ki, ilk anonsu işsizlərə birdəfəlik müavinət veriləcək şəklində demişdilər. Sonradan istisnalar artmağa başladı ki, əgər kimsə hər hansı sosial müavinat alırsa ona birdəfəlik müavinət verilməyəcək. Ailədə işləyən varsa ona verilməyəcək. Ər və arvaddan biri hər hansı şəkildə dövlətdən yardım alırsa onlara verilməyəcək. Bu özü göstərir ki, bu sahədə kifayət qədər çox ciddi problem var. Müavinətlərin verilməsində ədalətsizliyi göstərən və eyni zamanda kölgə iqtisadiyyatına, qeyri-rəsmi fəaliyyətə təşviq elementi olan bir məqam var. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirdi ki, ər və arvaddan biri hər hansı bir formada dövlətdən yardım alırsa digərinə hətta işsiz olsa belə, dövlət tərəfindən müavinət verilməyəcək. Buradan belə bir sual yaranır ki, iki ailə düşünün. Biri rəsmi olaraq ər-arvaddır və rəsmi nikahları var. Ər tutaq ki, rəsmi pensiya alır və yaxud hər hansı bir qurumda əmək müqaviləsi ilə işləyir. Yəni qanuni fəaliyyət göstərir. Qanuni olaraq nikaha düşüb. Bu şəkildə Sahil Babayevin yanaşması ilə ona və onun həyat yoldaşına dövlət tərəfindən birdəfəlik müavinət verilmir. Amma, bir başqa ailə düşünün, iki nəfərdən ibarət. Bunlar dini kəbin kəsdiriblər. Rəsmi olaraq əmək müqaviləsi ilə işləmirlər. Sosial Müdafiə Nazirliyinin məntiqi ilə bunların hər ikisi işsizdir və bunlar rəsmi olaraq nikahda olmadığına görə hər ikisinə dövlət yardım etməlidir. Belə məntiqlə yanaşsaq, belə çıxır ki, müavinətlərin verilməsi zamanı istifadə olunan məntiq dövlət tərəfindən rəsmi nikahların cəzalandırılması və insanların əmək müqaviləsi bağlamasına görə cəzalandırılması sayılır və digər insanların, – kölgə iqtisadiyyatında çalışan və qeyri-rəsmi nikahda yaşayan insanların isə mükafatlandırılması sayılır.
– Ekspertlər ölkədə kölgə iqtisadiyatının çox yüksək olduğunu bildirir. Belə bir şəraitdə kölgə iqtisadıyyatında məşğul əhalinin karantin dövründə sosial müdafiəsi üçün hökumət hansı addımları atmalıdır?
– Düşünürəm ki, dövlət üçün işsizlərin müəyyənləşdirilməsi o qədər də çətin olmamalıdır. Çünki bütün bazalar dövlətin əlində var. Əgər həqiqətən də dövlət işsizlərə, ehtiyacı olanlara yardım istəyirsə, onlar bu bazalardan, bu kriteriyalardan olan insanları asanlıqla müəyyənləşdirə bilərdilər. Bunun üçün çox qəliz bir qeydiyyat prosesi yaradıb və nəticədə də insanları qınamaq lazım deyil ki, siz vaxtında qeydiyyatdan keçməmisiniz. Çünki dövlətin əlində adına pay torpaqları olan insanların, muzdlu əməklə məşğul olan insanların, pensiyaçı olan insanların və digərlərinin məlumat bazası var. Onlar sadəcə şəxsiyyət vəsiqəsinin nömrəsinə uyğun müəyyənləşdirə bilərdilər. Birdəfəlik müvinəti ya birbaşa işsizlərə verə bilərdilər. Ya da ki, ehtiyacı olan ailələrə sadəcə olaraq ərzaq səbətini göndərə bilərdilər. Bu şəkildə dünyanın müxtəlif ölkələrində praktikalar var. Bundan da istifadə edə bilərdilər.
Amerikanın Səsi