Son zamanlar Azərbaycanda siyasi fəallar, hakimiyyətin tənqidçiləri təzyiqlərlə üzləşir, hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, bəzilərinə cinayət iş açılır, bir neçə sutka inzibati qaydada cəza alanlar olur. Siyasətçilər, şərhçilər bunu müxtəlif cür dəyərləndirirlər. Bunu koronavirus təhlükəsi – çətin sınaq qarşısında qalan iqtidarın fəal qüvvələri neytrallaşdırmaq cəhdi sayanlar da var, əksini iddia edənlər də.
“Mart-aprel aylarında koronavirusla mübarizə kampaniyası çərçivəsində Azərbaycan hakimiyyətinin repressiyaya məruz qoyduğu ictimai-siyasi fəalların sayı 15 nəfərə çatır. Bu cür ağır şəraitdə, iqtidarlı-müxalifətli bütün dövlətlər koronavirusla mübarizəyə səfərbər olunduğu vaxtda Azərbaycanda hakimiyyət pandemiyanı müxalifətə qarşı repressiya alətinə çevirib”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir.
Onun qənaətincə, hakimiyyət xalqın koronavirusla mübarizə çərçivəsində atdığı addımlardan narazı olduğunu bilir və buna görə narahatdır. AXCP sədri hesab edir ki, hakimiyyət çıxış yolunu səhv yerdə axtarır, çıxış yolu xalqa doğru addım atmaq, milli birlik yaratmaqdır: “Amma bunlar çıxış yolu kimi danışan adamları susdurmaq, qorxu yaratmaq, müxalifət fəallarını təcrid etmək siyasəti yürüdürlər”.
“Prezidentin mart anonsu”
“Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev də, AXCP sədri Əli Kərimli də prezidentin 19 mart çıxışını xatırladırlar.
Dövlət başçısı İlham Əliyev Novruz çıxışında demişdi: “…nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər”.
Ə.Kərimlinin iddiasına görə, İ.Əliyev həmin çıxışda pandemiyadan açıq-aşkar müxalifətə qarşı istifadə edəcəyinin anonsunu verdi və az sonra hüquq-mühafizə orqanları işə başladı: “Müsavatçı Tofiq Yaqublunun növbəti dəfə şərlənib həbs edilməsi, AXCP Ali Məclisinin üzvü Anar Məlikovun həbsi, Aqil Hümmətovun psixi dispanserə yerləşdirilməsi, Təzəxan Mirələmli və Əlizamin Salayevə yeni cinayət işlərinin açılması buna misaldır. Sumqayıtdan Şakir Məmmədova 15 sutka verilib. Dünən (aprelin 8-də – A.R.) İlkin Rüstəmzadəyə qarşı iyrənc kampaniya aparıldı. O, həm mənəvi terrora məruz qaldı, həm xəstə atası onun əvəzinə girov kimi polisə aparıldı, həm də özü həbslə təhdid edildi, yaşadığı yer mühasirəyə alınmışdı”.
AXCP sədri aprelin 8-də köməkçisi Faiq Əmirlinin həbs edildiyini bildirir və bunu “adam oğurluğu” kimi təqdim edir.
Mehman Əliyevsə ölkədə böhran yaşandığını, neftin qiymətinin düşdüyünü və hakimiyyətin bunu gözləmədiyini, hazırlıqsız yaxalandığını deyir. Onun qənaətincə, bu durum ciddi fəsadlar yaratmaqdadır. M.Əliyevin sözlərinə görə, sosial-iqtisadi durumun pisləşməsi və narazılığın artması fonunda hakimiyyət operativ addımlar ata bilmir, “buna imkanı, resursu yoxdur”: “Buna görə də, hakimiyyət narahatdır. Bu tipli təpkilər qabaqlayıcı addımlardır. Məqsəd cəmiyyətdə fəallığın artmamasıdır, fəal qüvvələri neytrallaşdırmaqdır. İlham Əliyevin 19 mart çıxışı da bundan ibarətiydi ki, siz nəsə etsəniz, biz hər şeyə hazırıq. Sosial şəbəkədə fəallıq göstərən, sərt tənqidçilər hədəf altına düşür”.
Azadlıq radiosu