
“Pikaplar”, Sadıkov və bizim “media strateqiya”
Allah əsgərimizi qorusun. Amma biz də qorumalıyıq. Planlarımızı düşmənə bildirməməliyik. Bildiyiniz kimi, on gün öncə sosial şəbəkələrdə vətəndaşlara məxsus “pikap” tipli avtomobillərin saxlanması haqda məlumatlar yayılırdı. Qeyd olunurdu ki, yol polisi sürücüləri saxlayır və bunu avtomobillərin Qarabağ uğrunda müharibə zamanı lazım olacağı ilə izah edirlərdilər. Azərbaycanda dünyada analoqu olmayan media kampaniya gedirdi ki, xalq şəxsi mülkünü Nəcməddin Sadıkovun tabəliyinə versin. Amma paradokslar bununla bitmirdi.
BBC Azərbaycan isə xəbər verirdi ki, “prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində deyib ki, Ermənistanla Qarabağ münaqişəsinin həlli barədə “danışıqlar getmir” və o, bu prosessi “mənfi qiymətləndirir”. İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşdığını deyib: “Bu ilin iyulunda baş verən hadisələr onlar üçün dərs olmalı idi, amma əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”. BBC News Azərbaycancanın Ermənistandakı müxbiri xəbər verirdi ki, hazırda Ermənistanda sakitlikdir, “ölkə adi günlərini yaşayır, qeyri-adi aktivlik, hərbi əməliyyatlara hazırlıq ab-havası hiss olunmur”. İki gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusu Elşən Məmmədov həlak olub. Bundan əvvəl isə eyni ərazidə Azərbaycan Ermənistana məxsus pilotsuz uçan aparatı vurduğunu bəyan etmişdi. Bundan öncə – bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun bir neçə kəndi istiqamətində lokal döyüşlər gedib. Beş gün fasilələrlə davam edən döyüşlər nəticəsində Azərbaycan biri general-mayor olmaqla 12 hərbçisini və bir mülki vətəndaşını, Ermənistan isə 5 hərbçisini itirib. Son günlərdə müşahidə olunan hərbi fəallıq isə Azərbaycan-Ermənistan sərhəddində münaqişənin yenidən alovlana biləcəyinə dair iddialara səbəb olub.”
Rasim Musabəyov isə deyirdi ki, “Ermənistan hərbi əməliyyatların genişlənməsinə və başlanmasına hazırlıq görür. Azərbaycan buna göz yuma bilməz. Təbii ki, Azərbaycan da öz növbəsində müdafiə qabiliyətini möhkəmləndirmək üçün müvafiq addımlar həyata keçirir”. Sual yaranır, niyə biz yalnız və yalnız özümüzü qoruyuruq? Müharibəni də başlayanda yarımçıq edirik? Başlayanda isə bilmirik bu nə zaman bitəcək? Strateqiyamız nədir? Buna cavabı yalnız və yalnız İlham Əliyev bilir. Ona görə ki, burada hansısa bir hərbi məntiq tapmaq çətindir. Xalq da artıq anlamır bizim rəsmi mövqeyimiz hansıdır? İlham Əliyev bir şey deyir, deputatlar isə başqa şey… Bəlkə qərarlaşaq, biz nə istəyirik? Əgər İlham Əliyev müharibə etmək istəyirdisə, niyə məxfi qaydada hərəkər etməyib? Niyə “pikap” tipli maşınları xalqdan belə yığırdırlar ki, düşmən də görsün? Niyə açıq aşkar bütün planlar mediada müzakirə edilirdi? Hansı hərbi məntiqə sığır bu? Bunun birdənə məntiqi var- pandemiyaya görə xalq ümümxalq mitinqlərə hazırlaşırdı və Əliyev bunun qabağını almaq üçün yenə də müharibə şousunu ortalığa çıxartdı.
Biz Qarabağ məsələsində hər zaman dövlətimizin yanındayıq. İlham Əliyev müharibə zamanı qeriyə baxmasın və bizə görə narahat olmasın. Lakin, hücuma keçən tərəf və bu barədə planları açıqlayan tərəfə həmişə daha çox itki verir. Biz bunu anlayırıq. Bu Yom Kippur müharibəsi zamanı olmuşdur, eyni şeylər də Dünya İkinci müharibəsi zamanı baş vermişdir. Lakin İlham Əliyev unudur ki, xalq konkretlik istəyir, şou yox. Biz Aran Qarabağ hissədəyik, onlar isə dağlardadılar. Hər kəs bilir ki, düzənlikdən dağa tərəf hücum etdikdə tələfat çox olmalıdır. İkincisi, ermənilər 20 ildən artıqdır ki, orada müdafiə-istehkam qurğuları qurub. Onlar hər bir şeyi möhkəmləndiriblər, biz də bunu bilirdik. Düşmən orada 1994-cü ildə qazıntı işləri aparıb. İlham Əliyev o yüksəlikləri pikap avtomobillərlə və Nəcməddin Sadıkovla götürə bilməz. Üstəlik, düşmən artıq bütün planları mediada oxudu.
Amerikalılar İraq müharibəsi zaman bütün KİV-i nəzarətə almışdı və hər kəs bir mənbədən məlumat alırdı. Şəhidlərin hamısı mediada şəkli, ad-soyadı ilə yayımlanırdı. Televiziyalar dəfnlərdən reportaj verirdi. Hamısı da göstərilirdi, heç biri gizlədilməyib. İlham Iliyev isə əsgər ölümlərini gizlətmək üçün çoxunu öncə itkin kimi qələmə verirdi. Çünki açıqlasaydılar mitinqlər başlayacaqdı və onlar üçün fəlakət olacaqdı.
AZTV üçün şou
İlham Əliyev anlamalıdır ki, şou zamanı deyil. Lider qərar verməyi bacarmalıdır. Amma AzTV-yə proqramlar üçün şoumen obrazında yaxşı bir namizəd təklif edə bilərik, ölkənin ən peşəkar şoumeni İlham Əliyev . Düşünürük, hökumət televiziyası üçün bundan böyük tapıntı ola bilməz. Özünüz düşünün, 17 ildə ondan yaxşı şoumenə harda rast gəlmisiniz? Ölkənin bütün teatr sənətçiləri, komediya ustaları, marionetka və uşaq oyunçuları belə, bu rolda ona həsəd apara bilər. Üstəlik, illərdir nüfuzunu itirmiş telekanal da şoular sayəsində reytinq qazanmış olar. Gərək, İlham Əliyevin özü də bu təklifdən narazı qalmasın. Necə olsa, şou üzrə ustadır, yalan danışmağı da gözəl bacarır. Bir də Mehriban Əliyeva prezident kürsüsünü ələ keçirəndən sonra, o, onsuz da boş-bekar qalacaq. Belə bir şou proqram açıb həm öz başını qatmış olar, həm də xalqı sevindirib savab qazanar. Ancaq təklifi qəbul edib verilişə başlayası olsa, gərək, repertuarını büsbütün təzələsin, çıxıb uşaqlara da 17 illik inkişaf şousundan danışmasın.
Bəli, biz o şoulardan yetərincə dinləmişik. Yorulub yuxuya gedəndə də “inkişaf, islahat, pikapları verin, müharibə, Qarabağı alacayıq, pandemiya” sözlərinə diksinib ayılırıq. 16-17 ildə yeniləşmə, rifah, artım, sıçrayışlı inkişaf goplarından ovcumuza bir çürük alma da düşməyib. Rəşid həkimin dediyi kimi, “göydən alma düşsəydi də, bizim nazirlər havada tutub yeyəcəkdilər.” Baxın, bu şouların birində nə deyir: “O qədər sürətlə inkişaf edirik ki, bəzi hallarda bizə deyirlər -bəlkə bir az yavaşlayaq?” Deyəsən, doğrudan bir az “yavaşlamağa” ehtiyac var. “Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır” və inkişaf elə sıçrayıb ki, bu il Dünya Bankının Cənubi Qafqaz üzrə hesabatında Bakı əhalisinin 16%-nin yoxsulluq səviyyəsindən aşağı yaşadığı açıqlanıb.
“Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.” Bəli, bəli, son illərdə siyasi islahatların nəticəsi “çox gözəl” bəhrə verib. Adam 16 illik hakimiyyəti dövründə Azərbaycanı yarı-azad ölkələr sırasından qeyri-azad ölkələr sırasına salmağı gözəl bacarıb. Öz totalitar idarəetmə qaydaları ilə ölkəni də, özünü də hörmətdən salmaq üçün hər şey edib. Bunlar hamısı “yüksək inkişaf” göstəriciləri deyilmi? Yox, daha qosqoca adamları belə yalanlarla aldatmaq hiyləgərliyi keçmir. Divin adamları yuxuya verib yemək istəyində olduğu kimi, hər dəfə Cırtdanlar çıxıb planı pozur. Bu şoular artıq çox köhnəlib, repertuarı yeniləyib Aztv-də şoumenlərin yerinə keçmək lazım.
Müharibədən sonra seçkiyə hazırlıq başlanacaq
Yaxın ətrafından sızan xəbərlərə görə, vitse-prezident xanım hər gün sənədləri imzalayır, Qarabağ müharibəsi ilə, karantin ilə bağlı tapşırıqlarını verir və çıxıb gedir öz şəxsi işlərinin arxasınca. Narahatlığa əsas yox, seçdiyi komandada onun işlərini görən yetərincə köməkçi var. Onun isə ölkənin qayğılarından daha vacib işləri var. Görüşlər keçirir, dövlət büdcəsindən milyonların silinməsi üçün layihələr cızır. Həftəlik ailənin büdcəsinə gələn milyonların haqq-hesabını aparır. Parlamentə düşəcək adamların siyahısını nəzarətdə saxlayıb, onlara düzəlişlər edir. Kimlərə hansı qiymətə mandat satılacağının qeydiyyatını aparır. Ondan geriyə qalan vaxtı da öz istirahətinə, əyləncə və komfortuna sərf edir. Dünyada gedən moda trendlərini izləyir, həftəlik görüşləri üçün geyim sifariş verir və s. Yəni, həqiqətən, Ali Baş komandan xanımın böyük siyasətdən anlayışı yox, bunu onun çevrəsindəkilər də gözəl bilir. Yazmışdıq, ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan məşhur “WikiLeaks” sənədlərində Əliyevanın brend geyimləri və estetik əməliyyatlarından başqa, bir maraqlı məsələ də yer almışdı. Görüş əsnasında Mehriban Əliyeva Hillari Klintonun Demokratlar Partiyasını təmsil etdiyini eşidəndə təəccüblənir və bu təəccübünü xarici diplomatlardan gizlədə bilmir. Gününün üçdə ikisini moda və geyim maraqlarına, qalanını da pul haqq-hesabına həsr edən birinin müharibə strateqiyasından hardan xəbəri olsun axı? Nə isə, Vətən sağ olsun! İndi əsas məqsədimiz Qarabağı azad etməkdir. Sizcə Əliyevlər bunu bacaracaq?