
Milli Şuranın sədri Cəmil Həsənli
Britaniya Parlamentinin Nümayəndələr Palatasıda erməni qüvvələrinin işğal etdikləri torpaqlardan dərhal çıxmasının zəruriliyi ilə bağlı səslər eşidilməkdədir. Almaniya Bundestaqı da dünən bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinin şərti kimi Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxmasının vacib olduğunu əks etdirən bəyanat qəbul edib. Bəyanatda deyilir: “Qarabağ uğrunda hərbi əməliyyatlarda 25.000 insan həlak olub və bir milyon insan qaçqın düşüb. Bu müharibənin gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin təxminən 5%-ni təşkil edən Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 ətraf rayonunu da işğal edib. Azərbaycanın dövlət ərazisinin hissələrinin hərbi işğalı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874 və 884 saylı) pislənilib. Hazırda Azərbaycanın dövlət ərazisinin təqribən 20%-i Ermənistanın işğalı altındadır.”
Azərbaycanın haqqı işi gec də olsa dünya tərəfindən etiraf edilir. Uzun illər boyu Ermənistan təbliğatının beynəlxalq aləmi aldatmaq cəhdləri iflasa uğrayır. Etiraf etmək lazımdır ki, bir sıra beynəlxalq təşkilatlar, böyük güclərin “aldanmağa” meylli olublar. Fransa prezidenti Emmanuel Macronun son narahatçılıqları bunun açıq ifadəsdir. Bu boyda reallığı necə gözardı etmək, ortada olan həqiqətdən necə yan keçmək olar? Belə tərəfli məramla, işğalın qurbanını deyil, işğalçını müdafiə etməklə, ona bəraət qazandırmaqla Fransa necə uzun illər boyu ATƏT-in Minsk Qrupunun həmsdərlərindən biri olub?
Rusiya və Fransa rəsmilərinin dilindən səslənən “Suriya yaraqlıları” mifini ABŞ Dövlət Katibi Mayk Pompeo dağıtdı. Maraqlı burasıdır ki, uzun tarix boyu öz torpaqlarının hər qarışı uğrunda mübarizə aparmış Fransa kimi bir ölkənin prezidenti işğalı dəstəkləyir, işğalçının yanında dayanır. Bu son dərəcə kədərli və məyusedicidir. Əlbəttə, müharibə münaqişə və mübahisələrin həlli üçün elə də arzuolunan vasitə deyil. Lakin nəzərə almaq lazımdır ki, işğal olunan ərazilərdən Azərbaycanın dinc əhalisi daim atəşə tutulur, insanlar təhlükə altında saxlanılır, respublikanın dinc həyatı daimi olaraq xarici hərbi təhdidlə üz-üzə dayanır. Azərbaycan 30 il bu vəziyyətə və torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalına səbirlə dözdü. Sülh danışıqlarının nəticə verəcəyinə ümidini itirmədi. Əvəzində təcavüzkar daha da aqressivləşdi, ölkənin BMT və ATƏT tərəfindən tanınan torpaqlarını anneksiya yolu tutdu. Halbuki, buğun Azərbaycana “ağıllı” məsləhətlər verən dövlətlərin heç biri bu qədər səbir nümayiş etdirə bilməzdi, öz ərazilərinin 30 il düşmən tapdağında qalmasına dözə bilməzdi.
Son bir həftə ərzində Azərbaycan zorən müharibəyə cəlb edilib. Hərbi əməliyyatların dayandırılmasının bircə şərti var: işğalçı Ermənistan ordusu Azərbaycan torpaqların tərk etməlidir. Bu həm BMT nüzamnaməsindən, həm ATƏT prinsiplərindən, həm beynəlxalq hüquqdan, həm beynəlxalq münasibətlərinin universal prinsipərindən və həm də ümumbəşəri dəyərlərə tapınmaqdan irəli gəlir. İşğalçıya dəstək vermək müharibəyə yaşıl işıq yandırmaq siyasətidir, işğalçının tərəfində dayanmaq onu şirnikləşdirmək siyasətidir. Bu barədə tarix çoxlu nümunələr verib. Regionda davamlı sülhün və təhlükəsizliyin təminatı işğalçının çilovlanmasından, işğalçı qoşunların işğal olunan ərazilərdən çıxarılmasından, 30 ilə yaxın didərgin düşmüş qaçqınların öz doğma yurduna dönməsindən, BMT və ATƏT-in tam hüquqlu üzvü olan bir ölkənin öz ərazilərində suverenliyini təmin etməsindən keçir. Bunun əleyhinə olmaq müharibəyə tərəfdar olmaq deməkdir.