
AXCP sədri Əli Kərimli
Qəhrəman ordumuzla mərdi-mərdanə, təkbətək, üzbəüz döyüşdə məğlub olan düşmən yenə də hiylə və yalana əl atır. Düşmən döyüş meydanını özünün “güclü” olduğu müstəviyə – dinc əhalini hədəf almaq və dezinformasiya yaymaq müstəvisinə çəkir.
Bəli, biz etiraf edirik ki, dinc əhalini heç vaxt Ermənistan kimi acımasız bir şəkildə məhv etmərik. Azərbaycan ordusu heç vaxt Xocalı qətliamına bənzər qətliam törətməz. Mərdliyi, insanlığı imkan verməz. Ona görə də düşmən savaşı Azərbaycanın dinc şəhərlərinə yayır. Gəncənin, Mingəçevirin, Abşeronun, Xızının, Bərdənin, Beyləqanın, Tərtərin, Ağdamın, Horadizin dinc sakinlərini bombalayır. Düşmən bu yolla bizi həm də Ermənistandakı yaşayış məntəqələrini vurmağa təhrik edir ki, bundan istifadə edib, Rusiyanı münaqişəyə cəlb edə bilsin.
Mingəçevirin hədəf seçilməsi xüsusilə təhlükəlidir. Fotoda gördüyünüz, Mingəçevir İES-nın düz qarşısına düşmüş raket xoşbəxtlikdən partlamayıb. Ancaq partlaya da bilərdi. Düşmən durdurulmasa, Mingəçevirə yeni raketlər də atıla bilər. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi Azərbaycanda kütləvi insan təlafatı və ekoloji fəlakət törətməyə çalışır. Dünya bu anti-insani hərəkətləri pisləməli, müharibə canilərini durdurmalıdır.
Ancaq təəssüf ki, dünya ictimaiyyəti erməni dezinformasiyaları, yalan xəbərlərilə aldadılır. Bəli, təəssüf ki, düşmən yalan məlumatları ilə dünyanı aldatmaq işində “ustadır”. İşğalçı, terrorçu ola-ola, özünü dünyaya qurban, əzilən kimi təqdim edə bilir. Azərbaycan dövlətini, ordusunu şərləyirlər. Və təəssüf ki, bu iş onlarda hələlik alınır. Reuters, Euronews kimi dünya informasiya nəhəngləri belə bəzən erməni dezinformasiyalarının təsiri altına düşürlər. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin hər birində erməni diasporu çox güclüdür. Onlar Fransada Azərbaycan haqda həqiqətə uyğun olmayan informasiyaların prezident Makron səviyyəsində tirajlanmasına nail olublar. Rusiyanı ermənilər tərəfdən münaqişəyə cəlb etmək üçün çox ciddi çalışırlar. ABŞ Konqresində Azərbaycan əleyhinə 1165 saylı qətnamə qəbul etdirməyə çalışırlar. Həmin qətnaməni dəstəkləmək üçün artıq 50-yə yaxın konqresmenin imzası toplanılıb.
Bütün bunları ona görə yazıram ki, xatırladım: Qarabağ uğrunda savaş təkcə Qarabağ və ətrafındakı işğal olunmuş torpaqlarımızın səngərlərində getmir. İndi Qarabağ uğrunda informasiya və diplomatiya savaşı bütün dünya boyu gedir. Ermənistanın bu sahədə ilkin üstünlükləri var. Lobbiləri, diasporaları, havadarları bizdən çoxdur. Onlar bir çox hallarda öz yalanlarını daha yaxşı təqdim edib, tirajlayırlar, nəinki biz öz doğrularımızı. Ancaq bu üstünlük də müvəqqətidir.
Əvvəla, ona görə ki, informasiya, diplomatiya savaşı önəmli olsa da, müharibələrin taleyini hər bir halda ordular, döyüşən əsgər və zabitlər həll edir. Çox şükürlər olsun ki, ordumuz güclüdür, cəsarətlidir, daha yaxşı təchiz olunub və biz onun qələbələrinin davamlı olacağına inanırıq.
İkincisi, bizim beynəlxalq informasiya kanallarına çıxışımız məhdud olsa da, dünyada ermənilər qədər havadarlarımız olmasa da, biz haqlıyıq. Dediklərimiz, yazdıqlarımız doğrudur.
Üçüncüsü, Azərbaycan olaraq bütövük, bir yumruq kimi birləşmişik. Azərbaycan iqtidarı, müxalifəti, vətəndaş cəmiyyəti, ölkəmizdə yaşayan bütün xalqları, mühacirəti ilə birlikdə bir bütövdür.
İndi dünyanın hər yerində yaşayan azərbaycanlılar informasiya savaşında aktiv olmalıdır. Qarabağ və ətrafında baş verənləri dünyaya olduğu kimi çatdırmaq üçün hər birimiz, hər gün çalışmalıyıq. Əsgərimizin səngərdə canı bahasına əldə etdiyi qələbəni diplomatiya və informasiya savaşında uduzmağa haqqımız yoxdur. Biz haqlıyıq və qalib gəlməliyik, gələcəyik də. Zəfər Azərbaycanındır!
Yazını AXCP sədrinin fb səhifəsinin admin heyəti paylaşıb.