
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan şəxslər məhkəməyə jurnalistlərin buraxılmamasına etiraz olaraq ifadə verməkdən imtina ediblər.
“Gəncədə olan hadisə hər gün baş vermir. Adamlar bunun niyə baş verdiyini bilməlidir. Ona görə də bu məhkəmə prosesi əhəmiyyətlidir, cəmiyyət həqiqəti bilmək istəyir. Mütləq jurnalistlər buraxılmalıdır. Əgər buraxılmasa, mən ifadə verməyəcəm”, – Y.Səfərov oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə deyib.
O, əlavə edib ki, bu addımı ümumiyyətlə, ifadə vermək istəməməsi kimi başa düşülməməlidir. Əksinə, hər şeyi açıb danışmaq istəyir: “Tələbim odur ki, məhkəmənin açıqlığı prinsipinə əməl olunsun, jurnalistlər buraxılsın. Adi mikrofon da yoxdur ki, səsimi zaldakılar, vəkillər eşitsin”.
“Jurnalistlərə çatanda pandemiya yadınıza düşdü?”
Digər təqsirləndirilən şəxslər də medianın iştirakına qadağa qoyulmasına etiraz olaraq, ifadə verməkdən imtina ediblər.
Hakim jurnalistlərin məhkəmə prosesinə buraxılmamasını pandemiya ilə əsaslandırıb. Bu arqument təqsirləndirilənlər və onların vəkillərini qane etməyib.
“Zalda 40-dan çox adam var. Ali Məhkəmənin tövsiyəsində də var ki, məhkəmə zalında 10 nəfərdən çox adam olmamalıdır. Bəs niyə keçirirsiz? Jurnalistlərə çatanda pandemiya yadınıza düşdü? Belədirsə, qeyri-müəyyən vaxta təxirə salın, nə vaxt normal məhkəmə prosesi keçirilər, onda davam etdirərsiz”, – təqsirləndirilən Firudin Zeynalov bildirib.
Bu iş üzrə normal istintaq aparılmadığını deyən F.Zeynalov cinayət işinin materiallarının təkrar araşdırma üçün prokurorluğa qaytarılması barədə də vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
O, məhkəmənin gedişinə də etiraz edib: “Məhkəmənin hazırlıq iclasının qərarı üç gün ərzində bizə, vəkillərimizə verilməliydi. Amma verməmisiniz, niyə? Çünki məhkəmə deyil…”.
Təqsirləndirilən şəxslər məhkəmə prosesinin bu şəkildə davam etdirilməsinə etiraz ediblər. Nəticədə məhkəmədə səs-küy yaranıb və proses oktyabrın 20-nə təxirə salınıb.
Azadlıq radiosu