
Tural Ağayev
Paşinyanın dünənki çıxışını dinlədim. Dedi, “sülh üçün ərazilər” formulu, yəni sülh üçün işğal edilmiş torpaqların qaytarılması qəbuledilməzdir. Bunun üçün müqayisə olaraq 1938-ci il Münhen anlaşmasına istinad etdi. Dedi, həmin dövrdə Avropa dövlətləri sülh üçün Çexoslovakiyanı Almaniyaya güzəştə getdilər və sonda nəticənin nə olduğunu hamımız bilirik. Yəni Almaniya daha artığını istədi, sonda bütün Avropanı tutdu. Maraqlı bənzətmə idi.
Münhen razılaşması nə idi? Hər şeydən öncə dəqiqləşdirək, Münhen Anlaşması ilə Paşinyanın dediyi kimi bütün Çexoslovakiya deyil, onun bir parçası olan, Almaniya ilə sərhəddə yerləşən Sudet əyaləti Çexoslovakiyadan alınıb Almaniyaya verildi. Sudet əyalətinin əhalisi əsasən almanlardan ibarət idi. Beləcə sülh naminə o ərazilər zorla Çexoslovakiyadan qoparılıb Almaniyaya verildi. Nəticə nə oldu, sülh üçün ərazilər formulu işləmədi. Çünki Almaniya daha sonra bütün Çexoslovakiyanı, Polşanı və sonda Avropanın böyük hissəsini tutdu, digər qitələrə keçdi.
Əslində Paşinyan hazırki situasiya ilə müqayisə etmək üçün ideal bir nümunə göstərdi. Sadəcə həmin situasiyada özlərini torpaq itirən Çexoslovakiyaya bənzətdi. Halbuki tərsi olmalı idi. Çünki o nümunədə Çexoslovakiyaya bənzəyən daha çox Azərbaycandır. Uzun illər Sudet əyalətinin alman dilli icması Çexoslovakiyadan ayrılıb Almaniyaya birləşmək istəyirdi, necə ki, Dağlıq Qarabağın erməni icması Azərbaycandan ayrılıb Ermənistana birləşmək istəyir. Sonda zorla Almaniyaya birləşdilər. Amma sülh üçün ərazilərin güzəşt edilməsi formulası işləmədi. Çünki Almaniya daha artığını istədi. Azərbaycanda da təzminən eyni vəziyyət oldu. Azərbaycanın 1918-ci il siyasi xəritəsi ilə 1991-ci il siyasi xəritəsini müqayisə etsək görərik ki, Azərbaycan Ermənistana torpaqlar verilməsi hesabına yavaş-yavaş kiçilib, sonda gəlib 86,6 min kv. km-də dayanıb. Sülh üçün ərazilərin güzəştə gedilməsi formulası burada da işləməyib. Çünki Ermənistan daha 11 min kv. km ərazini tutub. Hətta görünür ki, bu 20%-in zəbt edilməsi də işləməyib. Çünki Ermənistanın müdafiə naziri 2019-cu ilin martında Nyu Yorkda erməni icması ilə görüşdə dedi ki, biz artıq yeni formula – “yeni ərazilər üçün yeni müharibə” formulasını rəhbər tuturuq, yəni yeni ərazilərin işğalı barədə düşünürük.
Ancaq Almaniyanın məğlubiyyətindən sonra Sudet Çexoslovakiyaya qaytarıldı. Çexoslovakiya bu münaqişədə haqlı tərəf olsa da, müharibədən sonra Sudet əyalətində baş verənlər Çexoslovakiya adına qara bir ləkə kimi yadda qaldı. Belə ki, Çexoslovakiya orada yaşayan almanlarla birgə yaşayışı təmin etmək əvəzinə almanları oradan qovub çıxardılar. Bu da zərərçəkən Çexoslovakiyanı sonda haqsız duruma saldı, hələ də varis Çexiya bu ləkəni təmizləyə bilmir. Vatslav Havel baş verənlərə görə sonradan sudetli almanlardan üzr istədi. Nə faydası? Olan olub artıq. Çexoslovakiya haqlı idi, amma sona qədər haqlı qala bilmədi. İndi sosial şəbəkələrdə nifrət təbliğ edən, qarşı tərəflə bağlı alçaldıcı videolar paylaşanlar, birgə yaşayış deyəndə adamın ağzından vuranlar, Kamil Zeynallı tipli insanlar bilsinlər ki, haqlı olmaq yetərli deyil, həm də haqlı qalmaq lazımdır. Bunun da məsuliyyəti ərazinin üzərində yurisdiksiyası olan tərəfin üzərində olacaq.