
Ekspert Şahin Cəfərli
Müharibədən sonra demokratik institutların nə qədər önəmli olduğunu daha aydın görürük.
Məsələn, bu gün iqtidara yaxın mediamızda Rusiya sülhməramlılarının fəaliyyətinin kəskin tənqid olunduğu yazılar gedib. Həmin media orqanlarının rəhbərləri də bu barədə paylaşımlar ediblər. (Yeri gəlmişkən, ötən günlərdə bu barədə yazanlar, narahatlıq ifadə edənlər qınaqlara məruz qalırdı.)
Mətn və paylaşımlardakı tezislər eynidir, hər kəsə aydındır ki, yuxarıdan göndərilib və tapşırılıb. Halbuki həmin medianın buna qətiyyən ehtiyacı yoxdur, orada istedadlı qələm sahibləri var, yaradıcılıq sərbəstliyi olsa, onlar bu və ya digər mövzularda özləri daha səviyyəli yazılar ortaya qoya bilərlər.
Deməli, hara gəlib çıxırıq? Azad medianın nə qədər önəmli bir institut olması gerçəyinə.
Rusiya sülhməramlıları minimum 5 il (məncə, 10 il) burda qalacaq. Azərbaycanın suverenliyini təhdid edən, bzim sinir uclarımıza toxunan hadisələr hələ çox ola bilər. Ona görə də, biz bu müddətdə demokratik institutlarımıza (media, siyasi partiyalar, parlament, QHT sektoru və s.) sərbəstlik verməyə, onları inkişaf etdirməyə, konstitusion hüquqları tədricən təmin etməyə başlamalıyıq. Başqa yol görmürəm.
Məsələn, 10 noyabr Bəyanatını götürək. Rusiya da, bütün dünya da çox gözəl bilir ki, Azərbaycanda kanalizasiya xətlərinin tikintisindən tutmuş, Qarabağın taleyinə qədər, ən əhəmiyyətsiz və ən əhəmiyyətli məsələlərdə qərarları yalnız BİR NƏFƏR verir. Halbuki bizdə müstəqil və səlahiyyətli parlament olsaydı, prezident həmin sənədi imzalamaqla bağlı təzyiqlərə məruz qalanda deyə bilərdi ki, “mən Milli Məclisin və xalqın xəbəri olmadan belə bir sənədə imza ata bilmərəm, parlament, media və bütövlükdə cəmiyyət məni sorğu-suala çəkər, bir az gözləyin, heç olmasa, parlamentdəki fraksiyalarla məsləhətləşim, sonra qərarımı sizə bildirim…”
İndi bundan sonrakı mərhələdə də, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın suverenliyinə zidd addımlar, xoşagəlməz sürprizlər hələ çox ola bilər. Prezidentə status məsələsi başda olmaqla, ən müxtəlif məsələlərlə bağlı təzyiqlər gözlənilir. Çətin və mürəkkəb siyasi-diplomatik mərhələyə daxil olmuşuq. Belə bir mərhələdə güclü müxalifət fraksiyalarının və müstəqil millət vəkillərinin olduğu parlamentə, söz və mətbuat azadlığına, güclü vətəndaş cəmiyyətinə ciddi ehtiyac yaranacaq.
Prezident TƏK QƏRARVERİCİ olmamalıdır. Prezidentin tək qərarverici olduğu bir sistem xarici təzyiqlər qarşısında dayanıqsızdır. (Heç təzyiq olmasa belə, bu padşahlıq sistemi lazımsız və zərərlidir.) Xüsusən də, müxtəlif regional və beynəlxalq güclərin təsirlərini balanslaşdırmağa yönəlmiş əvvəlki ənənəvi xarici siyasətin bitdiyi bir dövrdə, indən belə müxtəlif istiqamətlərdən (şimaldan, cənubdan, qərbdən) təzyiqlər daha çox olacaq. 10 noyabr səhəri də yazmışdım, Rusiyanın bizə qarşı təsir-təzyiq rıçaqları daha da artdı. Sabah tələb etsələr ki, Avrasiya İqtisadi İttifaqına, ODKB-yə daxil olun, əks halda, Dağlıq Qarabağı sizdən qoparırıq (yaxud, qabaqcadan bizdən konkret heç nə tələb etməyib, bu istiqamətdə addımlar atmağa başlasalar), nə edəcəyik? Buna da təkbaşına prezident qərar verməlidir?!
Axı, necə ola bilər ki, dövlətin və millətin taleyi, gələcəyi ilə bağlı məsələlərdə bir nəfər bağlı qapılar arxasında oturub, qərar versin? Söhbət heç də indiki prezidentin şəxsiyyətindən, onun liderlik keyfiyyətlərindən, güclü və ya zəif siyasətçi olmasından getmir. Kim olursa olsun. Bizə “Böyük sükançı”, “Millət atası” lazım deyil.
Bu eybəcər sistemi dəyişməliyik. Çox gecikmədən…