
Rüfət Səfərov
Prezidentin yanında Əfv Məsələləri Komissiyasından kütləvi informasiya vasitələrinə bildiriblər ki, Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsi qanunvericiliyə ziddir. Habelə, rəsmi izahat odur ki, iclasların onlayn keçirilməsi istisna olunur, çünki bu, məlumatların kənara sızma ehtimalını yüksəldir.
Bəli, təəssüf ki, rəsmi açıqlamadan bu nəticə yəqinləşir ki, vətəndaşlar, məhbuslar və ailələri, eləcə də hüquq ictimaiyyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində əfv sərəncamını gözləməkdə haqlı deyillər.
Məncə, Əfv Komissyasının hazırkı mövqeyi ağlabatan və sağlam deyil, üstəlik hüquqa və məntiqə dayanmır.
Əvvəla, dövlət başçısı İlham Əliyev hələ 26 sentyabr 2012-ci il tarixdə “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərman imzalayıb. Həmin Fərmanla ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması və s. məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb. Bəllidir ki, Əfv Komissyası da Prezidentin yanında fəaliyyət göstərir. Belədə məlumatların kənara sıza biləcəyi barədə fikir absurd tutarqa təsiri bağışlamırmı? (Lap elə sızsın: siz beynəlxalq axtarışa verilən təqsirləndirilən şəxsləri komissiyanın müzakirəsinə çıxarırsınız, yoxsa məhbusların azadlığa qovuşması məsələsini, xüsusilə, heç bir ictimai təhlükəli əməl sahibi olmayan illərin siyasi məhbuslarını?)
Yaxşı, dövlət başçısının yanında fəaliyyət göstərən Komissiya qeyd edilən xüsusi dövlət institutunun-Agentliyin fəaliyyətinə inam bəsləmirsə, icra, qanunverici və məhkəmə hakimiyyətinin rəhbərləri hazırkı spesifik şəraitdə necə fəliyyət göstərirlər, xüsusi dövlət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri nə cür qorunur?
Digər tərəfdən, hakimiyyətin 3 qolundan biri olan məhkəmələr onlayn qaydada iclaslar keçirib, şəxslərin barəsində ayrı-ayrı hüquqi qərarlar verirlərsə, ələlxüsus, siyasi yüklü cinayət təqibinə məruz qalan şəxsləri ev dustaqlığına buraxırlarsa, hakimiyyətin digər qolunun rəhbərinin yanında fəaliyyət göstərən Komissyanın onlayn toplanması nədən qanunazidd olmalıdır ki?
Təbii, burada hansısa subyektiv amillər vardır, növbəti əfv sərəncamının ertələnməsi üçün önə çəkilən əsaslar obyektiv deyildir.
Eyni zamanda, pandemiyanı əsas gətirib, ilin sonunda genişmiqyaslı əfvə getməkdən çəkinilirsə, bu halda əksər tibb mütəxəssislərinin rəylərinə bel bağlayıb, deməliyik ki, yeni ildə pandemiya daha da genişlənəcəkdir, yoluxma halları kəskin artacaqdır.
Ümumiyyətlə, mümkündürsə, hakimiyyətin hüquq siyasətinə məsul olanlardan biri çıxıb, bu suala aydınlıq gətirsin:
Dünya və region məlum bəlanın fonunda istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, həbsxanaların yükünü azaltmaqda maraqlı görünürsə, siz niyə pandemiyanı bəhanə edib, genişləndirilmiş əfvə və ya amnistiyaya getmirsiniz?
Belə də anormal cəza-icra siyasəti olarmı?!.