
Bəxtiyar Hacıyev
Rusiya prezidenti V.Putin bu gün mətbuat konfransında bizim 10 noyabrda dediyimiz, qələbə yürüşünə sevinərək qatıla bilmədiyimiz səbəbləri açıqladı. Dağlıq Qarabağın statusunun gələcəyə qaldığını, yeni status-kvo yarandığını, qoşunların təmas xəttinin olduğunu açıqladı və Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın ərazisi olduğunu desə də, arxasına bir əmma qoydu.
Biz üçtərəfli anlaşmada “tərəflərin təmas xətti” kimi ifadələrdən istifadənin, Dağlıq Qarabağın statusunun müəyyənləşməməsinin hələ statusun gorbagor olmamasını deyəndə bəziləri bizi qələbəyə kölgə salmaqda ittiham edirdi, 1 dekabrda Xankəndində Azərbaycan bayrağı dalğalanıb, Azərbaycan şəxsiyyət vəsiqələri paylanacağını, ASAN Xankəndi yaranacağını, OBA Marketin Xocavənddə olacağını yazırdılar.
Başa düşürdük ki, bunlar ictimaiyyəti rahatlatmaq üçün atılmış dezinformasiyadır, erməni silahlı qüvvələri tam olaraq Azərbaycan ərazisindən çıxarılırsa, “tərəflərin təmas xətti” yazılmır, “tərəflər olduqları yerlərdə qalırlar” deyilmir, Laçın koridorunun marşrutu Şuşadan yan keçməklə dəyişdirilmir və s. və ilaxır.
Ancaq zaman keçir və real mənzərə üzə çıxır.
Faktiki olaraq erməni terrorçuları və separatçıları Dağlıq Qarabağda qalırlar, separatçıların başçıları Xankəndində separatçıların bez parçası altında Rusiya sülhməramlılarının komandanı ilə qucaqlaşırlar. Yeni status-kvo yaranır, yeni təmas xətti yaranır, Dağlıq Qarabağın statusu isə illərdir danışılan “gələcəkdə müəyyənləşdirərik” şəklindəki kimi qalır.
Azərbaycan ordusu ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar zamanı razılaşdırılmış məqamları minlərlə şəhid verərək reallaşdırdı. Amma nə ərazi bütövlüyümüz tam təmin edilib, nə erməni separatçıları və terrorçuları ölkəmizi tam tərk etməyiblər, nə də Qarabağın statusu gorbagor olmayıb. Biləsiniz.
Bu müharibə ona görə başlamışdı ki, erməni tərəfi ilə danışıqların mümkün olmadığı görünürdü, danışıqla nəticə olsaydı, müharibə olmazdı. Müharibə zamanı dəfələrlə səsləndi ki, sonuncu erməni silahlısı ölkəmizi tərk edənə qədər müharibə davam edəcək. Ancaq yenidən Rusiya həmsədrliyi ilə Ermənistanla danışıqlar mərhələsinə gəlib, status müzakirəsi başlayacaq. Özü də əvvəlkindən fərqli olaraq Azərbaycan torpaqlarında Rusiya ordusu da olmaqla.
Tam qələbə olsaydı, insanlarımız sosial, iqtisadi problemlərə dözərdi. Necə ki 44 gün müddətində hamı bir yumruq kimi birləşmişdi.
Ancaq hər dəfə Xankəndindən, Xocavənddən, Xocalıdan bizi yaralayan görüntülər görəndə, istər adi vətəndaşların gündəlik dolanışıq problemləri, istər ölkənin iqtisadi problemləri, istər minlərlə şəhid və qazi ailələrinin problemləri üzə çıxanda insanlar 10 noyabr anlaşmasını sorğulayacaqlar.
Hakimiyyət bunları da nəzərə almalıdır ki, cəmiyyətin qələbə eyforiyası uzun çəkməyəcək və 44 gün dondurulmuş bütün narazılıqlar yavaş-yavaş üzə çıxacaq.