
Bu gün Gözəl Bayramlının anım günüdür. Onun 2010-cu ilin seçki kampaniyasında müdrikliklə dediyi “Mənəviyyatsızlıq YAP hakimiyyətinin simasıdır” sözləri bu gün 2010-cu ildə olduğundan daha çox aktualdır.
Mənim üzümə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə insan alverçiləri kimi tanınmış bir ailəni qoyaraq şərlədiklərini, heç bir sənəd, sübut olmadan 85 min manat “borc” yüklədiklərini bilirsiniz. Həmin mənəviyyatsızlardan, üzəduranlardan heç nə yazmayacağam, onlara hətta maşalıq etdikləri hakimiyyət də “insan alverçisi” kimi ən əxlaqsız damğanı məhkəmə hökmü ilə vurub, şərəf və ləyaqətlərinə 250 manat qiymət qoyublar, sonra “o da çoxdur” deyib məhkəmə qərarını ləğv ediblər. Mənim oğlumun boğazından, təhsilindən, gələcəyindən kəsib alacaqları 85 min də balalarının boğazında qan-qusağa, irinə dönəcək, buna zərrə qədər də şübhəm yoxdur, tezliklə görəcəyik, inşallah.
Mənim sözüm bu mənəviyyatsız hakimiyyətin başında duranlara, o cümlədən Ədliyyə Naziri Fikrət Məmmədovadır.
Evimi itirməmək üçün 85 min manatı ödəmək məcburiyyətindəyəm. Ancaq bu gün bəlli olub ki, həmin məbləğdən əlavə dövlətə 7 faiz də əlavə vəsait ödəməliyəm və beləliklə borcumu 91 minə çatdırıblar. Borc “doğur”. Guya mən məhkəmə qərarını könüllü icra etmədiyim üçün həmin qərar qəbul edilib.
Hər dəfə “Bu qədər şərəflizlik olmaz” deyirəm, ancaq növbəti addımda daha böyük şərəfsizlik, əxlaqsızlıq görürəm, YAP hakimiyyəti bu sahədə daim inkişafdadır.
Qərar icraya mart ayında yönəldilib. Mən dərhal məhkəməyə müraciət edib qərarın icrasına möhlət istəmişəm. Apelyasiya Məhkəməsi müraciətimə aprel ayının 23-ü, 3 gün öncə baxıb. Mən könüllü icradan nə vaxt yayınmışam?! İstəsəm belə, könüllü icradan yayınmaq üçün vaxtım olubmu?!
Əmlakın qiymətləndirməsindən də məhkəməyə müraciət etmişəm. İlkin müraciətimi Yasamal rayon məhkəməsi aidiyyat bəhanəsilə rədd etdi, yenidən aidiyyatı üzrə məhkəməyə vermişik.
İşlə bağlı məhkəmə araşdırması bitmədiyi halda bu tələsik qəbul edilmiş qərarın növbəti siyasi sifarişdən, növbəti iyrənc təzyiqdən, cılızlıqdan başqa adı ola bilərmi?!
Bu ölkədə məhkəmə qərarları illərlə icra olunmayan minlərlə insan var. Onların hansı birinə münasibətdə belə fövqəladə “operativlik” nümayiş etdirilir?! Onların hansı birinə “borcu ilk 10 gündə ödəməmisiniz” deyib əlavə 7 faiz ödəniş tətbiq edirlər?! Mənimlə bağlı məhkəmə qərarının əxlaqsızlıq, siyasi-hüquqi iyrənclik, absurd olduğunu hamıdan yaxşı siz bilirsiniz axı! Məhkəmə mənim üzümə durduğu üçün insan alverçisini həbsdən siz yayındırmısınız axı! Prokurorluqdan mənəviyyatsızlıq və fərarilik səbəbilə qovduğunuz məxluqatı prokurorluğa siz qaytarmısınız axı!
Cənab Məmmədov, siz Azərbaycanda bütün icra işlərində belə operativlik göstərirsinizmi?! Niyə şəxsən tanıdığım insanların borcunu illərlə qaytarmırsınız, mənim məsələmdə məhkəmə araşdırmasının nəticəsini belə gözləmədən qan-tər içində qiymətləndirmə keçirib əmlakımı hərraca çıxarırsınız?! Bu ayrı-seçkiliyin səbəbi nədir?!
Niyə mənim xeyrimə hələ millət vəkili olduğum, sizin isə Ədliyyə naziri olduğunuz zaman qəbul edilən məhkəmə qərarının icrası 3 il (!) çəkib, 3 il gecikməyə görə qarşı tərəf bir manat cərimə ödəməyib, ancaq mənim əleyhimə üzəduranlıqla çıxarılmış məhkəmə qərarının icrası zamanı nəinki hüquqi müdafiə imkanlarından istifadə hüququm tanınmır, üstəlik heç bir hüquqi əsas olmadan 3 gün yubanmaya görə 7 faiz də əlavə edilir. 3 il və 3 gün arasındakı bu fərqi necə izah edəcəksiniz?!
Yaxın qohumumun icra işini bu yaxınlarda, 6 il gecikmə ilə həll ediblər. Borclu tərəfin bahalı xarici avtomobilinə 6 il öncə həbs qoyulub, ancaq avtomobili Azərbaycan ərazisində 6 il tapa bilmirmişlər! Təsəvvür edirsiniz?!
Cənab nazir, necə olur ki, mənim avtomobilimə həbs qoyulması ilə bağlı heç bir məhkəmə qərarı olmadan onu zorakılıqla məndən alırlar ( məhkəmə qərarı avtomobilim məndən alınandan dörd saat sonra qəbul edilir), ancaq Azərbaycanda sürülən avtomobil 6 il tapılmır?!
Necə olur ki, Binəqədi rayon icra şöbəsinə məhkəmə qərarı ilə Cənubi Koreya istehsalı olan təzə avtomobil girir, ancaq oradan köhnə Jiquli çıxır?! Cənab Məmmədov, bu hoqqalar hələ təkcə mənim yaxınlarımın və mənim başıma gələnlərdir!
Mənimlə eyni binada yaşayan qonşum var. 6 ildir 400 min dollar pulunu ala bilmir! İcra şöbəsi onu 6 ildir süründürür! Adam notarial qaydada təsdiqlənmiş borc müqaviləsi ilə borc verib, mənim işimdə isə nəinki müqavilə, sənəd, sübut, adi məntiq belə yoxdur.
Cənab nazir, əgər bu ölkədə məhkəmə qərarını ilk 10 gündə icra etməyən hər kəs dövlət büdcəsinə 7 faiz əlavə vəsait ödəyirsə, dövlət büdcəsinə məhkəmə qərarlarının icrası xəttilə hər il yüz milyonlarla vəsait daxil olmalıdır. O vəsaitlər ödənirsə, bəs nədən həmin vəsaitlər dövlət büdcəsinin mədaxil hissəsində göstərilmir?! Həmin vəsaitlərin miqdarı və hara xərclənməsilə bağlı niyə ictimaiyyətə heç bir məlumat verilmir?! Axı söhbət yüz milyonlarla dövlət vəsaitinin mənimsənilməsindən gedir və bunun cinayət olduğunu siz məndən yaxşı bilirsiniz!
Mən xahiş edirəm ki, icra şöbələrində illərlə icra işi olan, lakin borcu ödənməyən, süründürməçiliyə məruz qalan vətəndaşlarımız mənə yazsınlar. Ən azından bu müraciətləri ictimailəşdirib kütləvi etiraz təşkil edə bilərik. Qoy Ədliyyə Nazirliyi izahat versin ki, vətəndaşlara münasibətdə bu ayrı-seçkiliyin kökü-səbəbi nədir?!
Bu yaxınlarda 5 illik zülmdən sonra oğlumun ölkədən çıxışına da elə buna görə məhkəmə razılıq veribmiş! “Humanizmin” səbəbi bəlli oldu! Başınıza dəysin o razılığınız da, o məhkəmə qərarınız da! Uşağın təhsil almasına razılıq verib sonra həmin uşağı tək böyüdən ananı şərləyib 91 min manat pul alırsınızsa, ananı yox uşağı cəzalandırırsınız, məndən yox, oğlumdan qisas alırsınız! Tutaq ki, uşaq ölkədən çıxdı, bəs xaricdə hansı pulla təhsil alacaq, ay mənəviyyatsızlar, ay namusdan və vicdandan kasadlar!
Hələki, sizi cəzalandırmağa gücümüz çatmır. Hələki! Yəni, bizim gücümüz çatmır, amma Allahımız cəzalandırır.
Bir vaxtlar “gördün Gültəkinin başına nə oyun açdım” deyən bir millət vəkilinin səsi az keçmədən türmədən gəldi.
Goranboyda evimin qapısına polis qoyub PA-dan, Ramiz Mehdiyev və Zeynal Nağdəliyevdən aldığı təlimatla,
pulla camaatı üstümə qaldırmağa çalışan Nizaməddin Quliyev də hazırda həbsdə çürüyür. İlk qandallanan icra başçısı o oldu.
Ziya Məmmədov ailəmin əmlakını zorakılıqla əlindən alandan 6 ay sonra başına qapaz vurub bütün əmlakını (bizim əmlak da daxil) əlindən paşalar aldılar. İndi Ucarda toyuq-cücə saxlayır. Ancaq o alçaqla mən özüm də haqq-hesab çəkəcəyəm, ölməsin, gözləsin))).
Mənim haqqımda deputatlara “O çox təhlükəli adamdır, onu yavaş-yavaş məhv etməliyik” deyən Ramiz Mehdiyevin alçaldığı qədər bu ölkədə heç kim alçaldılmamışdı. Mənə 2010-cu ildə “onu 300 manata həsrət qoyacağıq” deyən qızı Kamanın özü bu gedişlə az sonra 300 manata həsrət qalacaq. Əri İlham Əliyevin 15 günlük inzibati həbsdən çıxandan sonra qorxaqcasına, yaltaqcasına, ağlaya-ağlaya prezidentə yalvarmasını görəndə fikirləşdim ki, bundan sonra bunların yaşaması və ölməsi arasında elə də böyük fərq yoxdur, çünki artıq canlıykən ölüdürlər.
Zakir Qaralov da mənə qarşı ən çox şərəfsizlik edənlərdən biridir, bu ölkədə qazandığı ümummilli “sevgiyə” görə cəsarətlə İlhamə Quliyeva ilə rəqabətə girə bilər. Onu da bu yaxında tutacaqlar, inşallah. Məcburdurlar. Onu tutmasalar, Ilqar Hacıyevin bütün korrupsiya ittihamları şəxsən prezidentin üzərində qalacaq.
Siyahını çox uzada bilərəm, ancaq bu da yetər. “Onları cəzalandıran İlham Əliyevdir” deyəcəksiniz. Xeyr. Onları cəzalandıran taledir, qəzavü-qədərdir, Allahın ədalətidir. Və bu gün Ədalət Vəliyevin konfiqurasıyasında iştirak etməyib avtobusuna minmədiyim üçün 85 min manat pul ödəyib oğlumun təhsil haqqını insan alverçilərinə, məhkəmədə üzə durmağa qədər dibə düşənlərə, 6 min manatı isə vətəndaşına düşmən kəsilmiş dövlətin büdcəsinə ödəməliyəmsə, inanın ki, bunu bədəli çox ağır olacaq. Övladıma yaşatdıqlarını övladları ilə, özü də 100 misli ilə ödəyəcəklər, inşallah!
Mənim Allahım böyükdür!
P.S. Ədliyyə naziri Fikrət Məmmədovdan açıq suallarıma cavab gözləyirəm.