
Qaşqay İsmayıl
Ekspertlərin fikrincə, yaxın gələcəkdə neft ixrac edən ölkələr böyük gəlirlər götürən dövlətlərdən, ixrac etdikləri neftə görə vergiödəyən dövlətlərə çevriləcəklər. Beləliklə, qarşıda təkcə neftə təlabatın azalması və ya qiymətlərin ucuzlaşması deyil, həm də iqlim dəyişikliyi paradiqması fonunda, ciddi ekoloji vergilərin tətbiqi gözlənilir. Bu isə, neft gəlirlərinin kifayət qədər azalması deməkdir
Artıq bu istiqamətdə ilk addım olaraq, ABŞ tərəfindən NOPEC aktının hazırlanmasını göstərmək olar. Yəni OPEK üzvlərinin kartel sövdələşməsinə qarşı Qərb dövlətlərinin sanksiyalar tətbiq etməsinin hüquqi əsası hazırlanmaqdadır
Nyu York şəhərinin BP, ExxonMobil və Shell şirkətlərini ekoloji tarazlığı pozmaqda günahlandırıb məhkəməyə verməsi faktı da, ciddi bir presedentin başlanması deməkdir. Eləcə də, AB tərəfindən ekoloji normalara əməl etməyən ölkələrdən idxal edilən istənilən növ məhsulların əlavə vergiyə cəlb edilməsinə hazırlıq gedir
Bütün bunlar göstərir ki, planetin enerji balansında və iqtisadiyyatında gözlənilən qlobal dəyişikliklərin ilk zərbəsi, neft hasilatçılarına, xüsusilə də neftə əsaslanan monoekonomikalara dəyəcək. Səudiyyə Ərəbistanı, Qətər kimi zəngin dövlətlər ABŞ, Kanada, Norveçə qoşularaq yeni neft platformasına, yəni, tullantıların sıfır səviyyəsini nəzərdə tutan razılaşmaya qoşulurlar
Bu sadalanan dəyişikliklər Azərbaycanın onsuz da ciddi şəkildə azalan neft gəlirlərinə sarsıdıcı zərbə vuracaq. Korrupsiyanın və monopoliyanın boğduğu yerli iqtisadiyyat, yalnız neft pullarının əhali arasında bölüşdürülməsinin ümidinə qalmışdı. Indi bu nəfəsəlik də bağlanmaq üzrədir, belə ki, yeni texnologiyalara keçid üçün Azərbaycanın maliyyə imkanları mövcud deyil, xarici investorlar üçün isə ölkənin neft ehtiyatları ciddi əhəmiyyət kəsb etmir
Ölkəyə böyük həcmdə valyuta axan illərdəki israfçılığın, kadr bazasının yaradılmamasının, xoşagəlməz imicin sayəsində, yeni qlobal enerji paradiqmasında Azərbaycan kənarda qalıb, yeni enerji mənbələrinə keçidlə bağlı görülən tədbirlər isə yox dərəcəsindədir. Qarşıdakı illərdə dünyada baş verəcək köklü dəyişikliklərə, ilk növbədə isə yenilənən enerji mənbələrinə keçiddə, Azərbaycanın Afrikanın ən geridəqalmış ölkələri ilə bir sırada dayanması, ölkəyə yaxşı heç nə vəd etmir.