Elnur Sadıqov
Qarabağ məsələsiylə bağlı Ermənistanın son ümid yeri Minsk Qrupudur. Onları ümidləndirən də MQ – nun Qərbdən olan, Ermənistana havadarlıq edən iki həmsədr ölkəsidir. Rusiya MQ – nu ehtiyatda saxlanılan, passiv bir alət kimi görmək istəyir. İndiki məqamda onun aktivləşməsini istəmir.
Odur ki, Azərbaycan diplomatiyası Ermənistanın son ümid yeri olan MQ – na hücuma keçməlidir. Tezliklə onun işini yekunlaşdırmasına nail olmalıdır. Zaman keçdikcə Azərbaycana beynəlxalq siyasi təzyiqlər güclənməkdədir. MQ – nun həmsədr ölkələri açıq – aşkar Qarabağın statusu məsələsini gündəmdə saxlamaq istədiklərini nümayiş etdirirlər. Bu azmış kimi keçmiş DQMV – nın Azərbaycanın nəzarətində olan Şuşa və Hadrutu mübahisəli ərazilər hesab edirlər.
Minsk Qrupunun ləğvi üçün Azərbaycanın əlində ciddi formal – hüquqi əsaslar var. Bu qurumun mandatına daxil olan 15 vəzifənin prinsipial əhəmiyyət daşıyan maddələri 10 noyabrda imzalanmış birgə Bəyanatla həll edilib yaxud əhəmiyyətini itirib:
1)çoxmillətli sülhməramlılarla bağlı müddəa əhəmiyyətini itirib, Rusiya sülhməramlıları münaqişə rayonuna artıq yerləşdirilib;
2)atəşkəsin möhkəmləndirilməsi üçün birgə səylərin göstərilməsi – uğursuz oldu, 27 sentyabr 2020 – də atəş açıldı;
3)münaqişə tərəfləriylə danışıqlar üçün ümumi bazanın yaradılması uğursuz olub;
4)münaqişəyə siyasi həll tapmaq vəzifəsinin öhdəsindən gəlinməyib, münaqişə müharibəylə həll edilib.
MQ – nun mandatına daxil olan, amma həll edilməmiş qalan vacib məsələ DQ münaqişəsinə yekun vurmalı olan Minsk Konfransının çağırılmasıdır. Münaqişəni yekunlaşdıran, qüvvədə olan və hazırkı münasibətləri tənzimləyən tək sənəd 10 noyabr birgə Bəyanatıdır. Bu sənəd münaqişə tərəflərinin hər ikisi tərəfindən qəbul edilib. Sülh Müqaviləsi də onun əsasında hazırlanıb Minsk Konfransına təqdim edilməlidir.
Azərbaycan tərəfi ATƏT sədrinə və Minsk Qrupunun üzvlərinə müraciət edib 10 noyabr birgə Bəyanatı əsasında Minsk Konfransının çağırılmasını tələb etməlidir. Əks halda təkbaşına yaxud onunla həmrəy olan ölkələrlə birlikdə Minsk Qrupunu tərk etməklə hədələməlidir.
Azərbaycan Minsk Qrupunu təkbaşına yaxud onunla həmrəy ola biləcək ölkələrlə (Türkiyə, Belarus, İtaliya) birlikdə tərk etsə qurumun işi iflic yaxud dağılmış olacaq. Hazırkı şəraitdə Azərbaycanın Minsk Qrupunun özü də daxil 4 yaxud 5 üzvünü (Türkiyə,Belarus, İtaliya və Rusiya) oranı tərk etməyə inandırmaq imkanı var. Bu imkan gələcəkdə azala bilər, məs, Belarusda rejim dəyişikliyi və s. olsa.
Minsk Qrupunun dağılması avtomatik Qarabağın statusu, millətlərin öz müqəddəratını təyinetməsi prinsipi, Madrid prinsipləri, Lavrov planı və.s. gündəmdən çıxması deməkdir. Ondan sonra ortada qalan BMT TŞ – nın qətnamələri olacaq. O qətnamələrdə isə Qarabağın statusu və millətlərin öz müqəddəratını təyinetməyə dair bir kəlmə də yoxdur.
Azərbaycan diplomatiyasının bu istiqamətdəki hücumu Ermənistan və onun havadarlarının son nəfəsliyini qapatmış olacaq. Belə bir demarş 44 günlük müharibənin diplomatiya cəbhəsindəki anologiyası kimi görülməlidir. 44 günlük müharibə dövründəki kimi ciddi təzyiqlər filan da ola bilər. Azərbaycan “ münaqişə bitib “ mövqeyini “ “ münaqişə bitməyib “ deyənlərə qəbul etdirmək üçün bu hücumu etməyə məhkumdur. Əks halda, ötən 28 ildəki kimi Azərbaycanı təzyiqlərlə güzəştlərə məcbur etməyə cəhdlər olacaq.