Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki fəalı Zamin Salayevin ailə üzvləri onun saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərə məruz qaldığını iddia edir. Bu barədə AzadlıqRadiosuna cəbhəçi fəalın oğlu Oqtay Salayev məlumat verərək bildirib ki, atasının ürəyində problemlər var. Onun sözlərinə görə, belə bir vəziyyətdə atasına nəinki ehtiyacı olan tibbi yardımı almasına imkan verilmir, əksinə, ona təzyiq göstərilir: “Bu müəssisədəki yataqxanalarda kondisionerlər yoxdur. Belə isti havalarda ürəyi xəstə adamı 100 nəfərin arasında saxlanmaq elə işgəncədir. Atamın səhhətindəki problemlərə görə gündə üç-dörd dəfə ürəktutması olur. Amma onu tibb müəssisəsinə köçürmürlər. Atam da buna etiraz edir. Onu qıcıqlandırırlar ki, məhkəmə öncəsi “kars”a salsınlar”.
Salayev 1 il 4 aydır həbsdədir. Ona verilmiş cəzanın başa çatmasına 11 ay qalıb. Bu üzdən cəzasının yarıdan çoxunu çəkdiyini əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılması üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Bir dəfə məhkəmə iclası keçirilib, növbəti iclas avqustun 6-na təyin olunub.
Vəkillə görüşə icazə verilməyib
Vəkil Elçin Sadıqov bildirib ki, avqustun 3-də həm məhkəmə öncəsi məsləhətləşmələr, həm də Salayevə qarşı təzyiqlərlə bağlı ailəsinin dediklərini dəqiqləşdirmək məqsədilə 17 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Lakin onun müvəkkili ilə görüşməsinə icazə verməyiblər.
Sadıqovun sözlərinə görə, o, Salayevin müdafiəçisi olduğunu təsdiqləyən vəkil orderini, vəkil vəsiqəsini də təqdim edib, amma xeyri olmayıb: “Dedilər ki, Penitensiar Xidmətdən məktub gətirməliyəm. Halbuki, qanunda belə bir şey yoxdur. Məhkəmədə şəxsin işi varsa, onun harada saxlanmasından asılı olmayaraq, vəkili onunla görüşə bilər. Vəkili olduğumu sübut edən orderi təqdim edirəmsə, bu kifayətdir. Xüsusilə ailəsi onun səhhətindən narahatdır. İstisna etmirəm ki, görüş verilməməsi onun durumuyla əlaqədardır”.
Penitensiar Xidmət isə məhkumun tibbi yardıma ehtiyacı olduğu halda, onun bu yardımdan məhrum edilməsi haqda iddiaları təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məhkumların sağlamlığı ilk növbədə elə Penitensiar Xidmətin özünün marağındadır.
Sadıqovun müvəkkili ilə görüşünə imkan verilməməsinə gəlincə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, vəkillərin məhkumlarla görüşməsində heç vaxt heç bir problem olmayıb: “Bundan sonra da ola bilməz. Sadəcə, müəyyən prosedur qaydalar var və bunlara əməl olunmalıdır”.
Azadlıq radiosu